Rəşadəti ilə nümunə idi
Sosial həyat

Rəşadəti ilə nümunə idi

Vətən müharibəsində döyüş yoldaşlarımızla söhbətlərdə qərara almışdıq ki, harada yaşamağımızdan asılı olmayaraq daim bir-birimizlə əlaqə saxlayaq və dostluğumuzu ömrümüzün sonuna qədər davam etdirək. Qoy övladlarımız da bu əbədi qardaşlığımızdan qürur duysun.

Vətən müharibəsi Zəfər qələbəsi ilə başa çatdıqdan sonra öz aramızda sosial şəbəkədə bir qrup yaratdıq. Müasir texnologiyanın bu üstünlüyündən maksimum dərəcədə yararlanmağa çalışırıq. Qrupa şəhid qardaşlarımızın ailə üzvlərini və doğmalarını da əlavə etmişik. Onlarla bağlı xoş xatirələrimizi paylaşır, ailələri ilə müntəzəm görüşlər keçirərək mənəvi dəstəyimizi göstərməyə çalışırıq. Çünki hər bir şəhidin döyüş rəşadəti müasir dövrümüzün canlı salnaməsi olmaqla xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb.

Xocalı sakini kimi Goranboy rayonunun Meşəli kəndində məskunlaşmışıq. Kiçik qardaşım 1992-ci ilə Xocalı faciəsi vaxtı donvurmadan şəhid olduğundan bütün şəhidləri doğma qardaşım sayıram. Döyüşlərdə bir neçə dəfə yaralanıb və müalicə olunmuşam. Şəhid qardaşlarımın ailələri və doğmaları ilə daim əlaqə saxlayıram. Bakıdakı İkinci Şəhidlər xiyabanını növbəti dəfə ziyarət edərkən döyüş yoldaşım Mikayıl Həmidlinin məzarı önündə xeyli dayandım. Çünki onunla xeyli müddət bir yerdə olmuşduq. Həmidlinin vətənpərvərliyi, yüksək döyüş rəşadəti, igidliyi hər birimizin yaddaşındadır. Əsl zabit olmaqla döyüşlərə həmişə birinci atılırdı. Hər bir döyüş əməliyyatına öndə getməyə çalışırdı. 44 günlük Vətən müharibəsində iki dəfə yaralanmasına baxmayaraq, müalicədən dərhal sonra da döyüşə qatılırdı. Müalicədən sonra bir neçə günlük məzuniyyət verilsə də o, bu istirahətdən imtina edirdi. Deyirdi ki, Qələbə qazanıb dostlarla birlikdə ömrü boyu istirahət edərik. Zəfər qələbəsindən sonra da hərbi xidmətini davam etdirirdi, imkan olan kimi döyüş yoldaşları ilə əlaqə saxlayaraq vəziyyətləri ilə maraqlanırdı.

Ailədə yeganə bacının tək qardaşı olsa da, toyuna tələsmirdi. Valideynlərinin toyla bağlı arzularının qələbəmizdən sonra reallaşması onun da istəyi idi. Mikayıl Masallı rayonunda anadan olub və ailəsi ilə birlikdə bir müddət Rusiyanın Yekaterinburq şəhərində yaşadıqdan sonra Bakı şəhərinə köçmüşdülər. Balakən rayonundan olan sinif yoldaşı ilə 2023-cü ilin martın 22-də ailə quranda toyunda iştirak edən döyüş yoldaşları da ürəkdən sevinirdilər.

Övladının olacağı xəbərini təlim toplanışlarında eşidən Həmidli valideynlərinin təklifinə uyğun olaraq oğlunun adını da özü yoldaşı ilə birlikdə Davud qoymuşdu. Deyirdi ki, erməni separatçıları ölkəmizin ərazisində tamamilə məhv olduqdan sonra dostlarımla birlikdə igid oğlumun dünyaya gəlişini qeyd edərik. İndiki halda xalqımıza qəhrəman oğullar lazımdı. Lakin oğlunun dünyaya gəlişini görə bilmədi...

Mikayıl Həmidli Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunun Papravənd kəndində qəhrəmancasına şəhid oldu.

Şəhid anası Lalə Həmidli ilə təsadüfən İkinci Şəhidlər xiyabanında görüşdük. Şəhid qardaşım Mikayıl haqqında ürəyimdəkilərin hamısını deyə bilməsəm də, gücüm çatan qədər nümunəvi döyüş yolundan, vətənpərvərliyindən danışdım.

Mütəmadi həmsöhbət olduğum Lalə xanım deyir ki, müharibədə iştirak edən iş yoldaşlarım və tanışlarımızın uşaqlarının söhbətləri mənə maraqlı gəlirdi, elə fikirləşirdim ki, yəqin oğlum arxada olduğuna görə belə hadisələri danışmır. Bir dəfə soruşdum ki, ay bala, hamı döyüşdən paylaşım edir, sən isə yox. Sualıma cavab vermədi. Evə gələndə isə dedi ki, ana, döyüş vaxtı paylaşım etməyə sadəcə vaxtımız olmurdu.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Mikayıl Həmidlinin döyüş rəşadəti yüksək qiymətləndirilib, "Vətənə xidmətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli ordenləri, "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Vətən müharibəsinin iştirakçısı" medalları ilə təltif olunub.

İmran RƏCƏBOV,

III dərəcəli müharibə əlili.