Respublika fənn olimpiadalarına qeydiyyat başlanır
Elm və təhsil

Respublika fənn olimpiadalarına qeydiyyat başlanır

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir.

Elm və Təhsil Nazirliyindən "Respublika"ya bildirilib ki, prosesə bu gün saat 15:00-dan başlanılacaq. Şagirdlər portal.edu.az platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq xidmətdən faydalana bilərlər:

Noyabrın 13-dən 23-dək qeydiyyat və sorğuların qəbul edilməsi, noyabrın 28-dən buraxılış vərəqələrinin “Şəxsi kabinet” vasitəsilə əldə edilməsi prosesi həyata keçiriləcək.

Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də keçiriləcək.

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə vatsap üzərindən müraciət etmək mümkündür.

Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.