SABAHIN BEŞ ƏSGƏRİ MƏNZİLLƏ TƏMİN OLUNDU
Sosial həyat

SABAHIN BEŞ ƏSGƏRİ MƏNZİLLƏ TƏMİN OLUNDU

Masallı rayonunun Banbaşı kəndində şəhid bacısı, aztəminatlı ailə yeni mənzilə köçüb

Beş uşaq anası Fərqanə Rəhimova birinci Qarabağ müharibəsinin şəhidi Sərhəddin Rəhimovun bacısıdır. Ailə uzun illər mənzil sarıdan əziyyət çəkib. Rayonda nəcib təşəbbüsləri, xeyirxah əməlləri ilə tanınan "Viləş" uşaq bağçasının direktoru Şəfa Allahverdiyevanın təşkilatçılığı, yerli sahibkarların, xeyriyyəçilərin, xaricdə yaşayan soydaşlarımızın maddi dəstəyi ilə Rəhimovlar ailəsi üçün fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.

"Sabahın 5 əsgərinə ev olaq" layihəsi çərçivəsində inşa olunmuş yaraşıqlı fərdi ev tam təmirlidir. Üç otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir. Ümumi sahəsi 80 kvadratmetrdir. Mənzil mebel dəsti, məişət əşyaları ilə təmin olunub.

Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra başçısı Araz Əhmədov şəhid bacısı üçün yaşayış evinin tikilməsində "Viləş" uşaq bağçasının direktoru Şəfa Allahverdiyevanın təşəbbüsünü, əzmkarlığını yüksək dəyərləndirib, xeyirxah işdə zəhməti olan sahibkarlara, iş adamlarına təşəkkürünü bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid ailələrinin yanında olduğunu vurğulayaraq aztəminatlı ailə üçün yaşayış evinin inşa edilməsini dövlət başçısının həyata keçirdiyi sosial siyasətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

"Viləş" uşaq bağçasının direktoru Şəfa Allahverdiyeva cənab Prezidentin doğum günü ərəfəsində aztəminatlı, çoxuşaqlı ailəyə gözəl hədiyyə verildiyini bildirib.

Ailə başçısı Fərqanə xanım bu xeyirxah işdə böyük zəhməti olan Şəfa Allahverdiyevanın, Xatirə xanımın, xeyriyyəçilərdən Abdulla, Ruslan, Eldəniz və Xalidin, din xadimi Rəşid Talıbovun adlarını hörmətlə, razılıqla çəkib. Ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Sonra evin açılışını bildirən rəmzi lent kəsilib və hamı çay süfrəsi arxasında ailənin sevincinə qoşulub.

Əlisəfa HƏSƏNOV,

"Respublika".