Sağlam iş yerinin yaradılması diqqət mərkəzindədir
Digər xəbərlər

Sağlam iş yerinin yaradılması diqqət mərkəzindədir

28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür

2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel "Ümumdünya Əməyin Mühafizəsi Günü" elan edilmişdir. Bu günün təsis olunmasında məqsəd istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.

Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olub, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul edib. Bu sahədə həyata keçirilən tədbirlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin ölkəmizə rəhbərliyi dövründə əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunmuş, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. "Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır", - deyən ulu öndərin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunmuşdur. Həmçinin ölkənin bu əsas Qanununda işçilərin əmək və istirahət hüquqlarının əsasları da əksini tapmışdır. Bununla yanaşı, əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapmışdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə əmək hüquqlarının təmin olunmasını diqqətdə saxlayır, əməyin mühafizəsi sahəsində qanunvericilik təkmilləşdirilir, əmək şəraiti yaxşılaşdırılır.

Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Əmək Məcəlləsinin 207-ci və 215-ci maddələrinə əsasən əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələblərinə işəgötürən və işçilər tərəfindən əməl edilməsi məcburidir. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq hər bir müəssisənin işəgötürəni müəssisənin istehsal etdiyi məhsuldan, gördüyü işdən, göstərdiyi xidmətdən asılı olmayaraq, işçilərinə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaratmalıdır. İşəgötürən, həmçinin işçilərin əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl etmələrinə daim diqqət yetirməlidir.

Sağlam və təhlükəsiz əmək şəraitini yaratmaq işəgötürənlərin vəzifəsi olsa da, əmək müqaviləsi ilə işləyən hər bir işçinin də əməyin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələri vardır. Bu vəzifələr əməyin mühafizəsi üzrə müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tədbirlərini öyrənmək, əmək prosesində daim həmin qaydalara əməl etməkdir. Əmək hüquqlarının pozulmasına yol verərək inzibati xəta törətmiş məsul şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Belə ki, əmək qanunvericiliyinin pozulmasına - işçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə, əmək məzuniyyətinin verilməməsinə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmasına və sair kimi inzibati xətalara görə işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar.

Son illər Azərbaycanda bir sıra sosial proqramlar icra edilib, investisiya layihələri həyata keçirilib. Bütün bunlar ölkəmizdə yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Yeni iş yerləri yaradılmaqla yanaşı, işçilərin hüquqlarının qorunması da diqqət mərkəzindədir. Əmək hüquqlarının qorunması və əməyin mühafizəsinin möhkəmləndirilməsi istiqamətində qanunvericilikdə dəyişikliklər edilib ki, bu da işəgötürənlərin işçilərin əmək hüquqlarına olan münasibətlərində məsuliyyətlərinin daha da artmasına səbəb olmuşdur.

Hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Bunun nəticəsidir ki, işçilərə sağlam və normal əmək şəraitinin yaradılması, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə ölkəmizdə fəal dövlət siyasəti həyata keçirilir.

Mustafa KAMAL,

"Respublika".