Salyan: Əkin sahələri nasos stansiyaları vasitəsilə suvarılır
Region

Salyan: Əkin sahələri nasos stansiyaları vasitəsilə suvarılır

Çox az sayda rayonda əkin sahələrini təbii yolla, yəni öz axını ilə suvarmaq mümkün olur. Əksər rayonlar mexaniki yolla, yəni su motorları vasitəsilə suvarılır ki, onlardan biri də Salyandır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Salyan rayonunda aparılan meliorativ tədbirlər nəticəsində əkin sahələri normal qaydada suvarılır. Rayonda fəaliyyət göstərən fermerlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Salyan Suvarma Sistemləri İdarəsi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. Suvarma mövsümü öncəsi kanallarda lildən təmizləmə işləri aparılır, hidrotexniki qurğular və nasos stansiyalar təmir olunur.

Ümumiyyətlə, Salyan rayonunun suvarılan torpaq sahəsi 46 min hektardan artıqdır. 2023-cü ildə bu sahələr 17292 hektar dənli bitkilərdən, 9150 hektarı pambıq sahəsindən, 15301 hektarı yem bitkilərindən, 820 hektarı bostan-tərəvəz bitkilərindən, 510 hektarı çoxillik bağlardan, 3752 hektarı isə həyətyanı əkinlərdən ibarətdir. Hazırda rayonda suvarma nasos stansiyalar vasitəsilə davam edir.

Dənli bitkilərin 16879 hektarı taxıl olmaqla, suvarma tədbirləri vaxtında həyata keçirilib. Bu günə kimi pambıq üzrə 8377 hektara arat suyu, 307 hektara isə "səp-suvar" üsulu ilə su verilməklə işlər davam edir. Fermerlər görülən meliorativ tədbirlərə görə, əkin sahələrini asanlıqla suvara bildiklərini söyləyirlər.

2023-cü ilin suvarma mövsümünə hazırlıq məqsədilə Salyan Suvarma Sistemləri İdarəsi suvarma kanallarında lildən təmizlənmə işlərini ilin əvvəlindən aparıb. Hazırda bu istiqamətdə işlər davam edir. Bundan başqa, su itkisinin qarşısının alınması məqsədilə də torpaq məcralı kanallar beton üzlüyə alınır. Uzunluğu 3,7 kilometr olan və 250 hektar əkin sahəsinə xidmət göstərən suvarma kanalında 1,1 km məsafədə beton üzlük işləri həyata keçirilib.

Qeyd edək ki, Salyan Suvarma Sistemləri İdarəsinin balansında 46 min hektardan artıq suvarılan torpaq sahəsi mövcuddur ki, bu sahələrin suvarılması da mexaniki üsulla həyata keçirilir. Mexaniki suvarmanı həyata keçirmək üçün isə nasos stansiyalarda daim sazlama və təmir işləri aparılır.

N.ƏHMƏDOĞLU,

"Respublika".