Meşəbərpa tədbirləri davam edir
Region

Meşəbərpa tədbirləri davam edir

Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edən 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazilərində hər il olduğu kimi, bu il də meşəbərpa tədbirləri həyata keçirilir.

Meşəbəyliklər tərəfindən əkin-səpin işlərinə vaxtında hazırlıq görülmüş, kifayət qədər toxum və ting tədarük edilmişdir. Meşəlik ərazilərdə görülən işlər barədə Mərkəzin baş meşəbəyisi Fəxrəddin Məmmədquliyev bildirir ki, cari ilin yaz mövsümündə 21 hektarda meşəbərpa işləri aparılmışdır. O cümlədən 14,7 hektarda meşə əkini, 6,3 hektarda isə səpin keçirilmişdir. Ümumilikdə 25375 ədəd ting və toxmacar əkilmişdir. Meşə əkinlərində əsasən palıd, vələs, göyrüş, qoz, qarağac və digər meşə ağac cinslərindən istifadə olunmuşdur. Bundan əlavə, 28 hektar ərazidə meşə əkinlərdə doldurma və 100 hektarda texniki xidmət işləri görülmüşdür. Hazırda ərazilərdə meşəbərpa tədbirləri davam edir.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.