Samur çayının ehtiyatlarından birgə səmərəli istifadə məsələləri
Region

Samur çayının ehtiyatlarından birgə səmərəli istifadə məsələləri

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 24-cü görüşü videokonfrans şəklində keçirilib.

Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin əməkdaşları Elçin Məmmədov, Elxan Hüseynov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər və Xarici İşlər Nazirliklərinin, eləcə də Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilmişdir. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılmışdır. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanmışdır.

N.CAVADOV,

"Respublika".