Sarsılmaz birlik: qranit kimi möhkəm, polad kimi əyilməz
Siyasət

Sarsılmaz birlik: qranit kimi möhkəm, polad kimi əyilməz

2023-cü ilin ən böyük tarixi hadisəsi qədim Azərbaycan şəhəri Xankəndidə üçrəngli, al-qırmızı bayrağımızın dalğalanması oldu. Bu unudulmaz və yaddaşlarda əbədi yaşayacaq hadisə hər bir azərbaycanlıda sonsuz qürur, güclü əminlik yaratdı. Çünki həmin gün - oktyabrın 15-də Xankəndi şəhərində dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Qarabağda iki yüz illik erməni işğalına son qoyuldu, separatizm yuvası dağıdıldı, qədim yurd yerimiz məkrli və xain haylardan, canilərdən, terrorçulardan, qanunsuz silahlı dəstələrdən təmizləndi, Azərbaycanın hər bir qarışında onun bütövlüyü və suverenliyi təmin olundu.

Uzun illər ərzində bu şəhər erməni separatçılarının şər, böhtan, terror yuvası idi. 44 gün davam edən İkinci Qarabağ müharibəsindən və 23 saat ərzində başa çatdırılan antiterror tədbirlərindən sonra Prezidentimiz Qarabağ iqtisadi rayonundakı erməni əhalisinə müraciət edərək onların öz evlərində təhlükəsiz yaşayacaqlarını, sosial müdafiə ilə təmin olunacaqlarını, işləyəcəklərini bildirdi. Rəsmi Bakı bu insanların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş prinsiplər əsasında Azərbaycan cəmiyyətinə reinteqrasiyasına hazır olduğunu dəfələrlə bəyan etdi. Amma Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilər könüllü olaraq bundan imtina etdilər. Sonradan bəzi vicdanlı ermənilər etiraf etdilər ki, onları köçməyə vadar edən separatçı ünsürlər olub.

Lakin görünən odur ki, ABŞ Dövlət Departamenti orada yaşayan erməni lobbisinin və ermənipərəst dairələrin diktə etdiyi hekayələri, cəfəng fikirləri, puç olmuş erməni xülyalarını yaymaqla məşğuldur. Azərbaycanda hətta uşaqlar da yaxşı bilir ki, ABŞ Dövlət Departamentinin bəyanatı Vaşinqtonun Bakıya təzyiq göstərmək cəhdinin təzahürüdür. Son 20 ildə Azərbaycan belə təzyiqlərlə dəfələrlə üzləşib, saxta bəyanatlarla onun iradəsini qırmağa cəhdlər göstərilib. Lakin xalqımızın lideri İlham Əliyevin qətiyyəti, iradəsi, səbri, diplomatiyası, peşəkarlığı sayəsində bütün bu qarayaxmalar sabun köpüyü kimi yox edilib. ABŞ-ın bəzi ermənipərəst dairələrinə, ermənidən çox ermənilik edən senatorlara, əlləri erməni lobbisinin cibində olan siyasətçilərə, jurnalistlərə xatırlatmaq istəyirik ki, Azərbaycana qara yaxmaq cəhdləriniz hər zaman iflasa uğrayacaq. Çünki tarixi İpək Yolu üzərində, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan əsrlər boyu fərqli sivilizasiyaların bir araya gəldiyi, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh, anlaşma və dialoq şəraitində yaşadığı məkan kimi tanınır. Əlverişli coğrafi şəraiti, təbii imkanlar, münbit və bərəkətli torpaq, ən əsası isə Azərbaycan xalqının səmimiyyəti, xoşniyyətlilik, birgəyaşayış və mehribançılığı burada ayrı-ayrı etnosların birlikdə yaşamasına stimul verir.

Cidd-cəhdlə müdafiə etdiyiniz, başına tumar çəkdiyiniz Ermənistan adlı dövlətin qədim Azərbaycan torpaqlarında yaradıldığını bilmirsiniz?! Orada başqa xalqların nümayəndələrini barmaqla saymaq olar və ötən əsrin 40-50-ci illərində öz dədə-baba yurdlarından deportasiya edilən iki yüz min nəfərdən çox azərbaycanlının ağır və faciəli taleyinə zərbələri məhz ermənilər vurublar. Ancaq əleyhinə bəyanat yaydığınız Azərbaycan əsrlərdir ki, tolerantlığın beşiyidir. Dediyimiz fikrə görə tarixə qısa bir nəzər salaq. XV əsrdə müasir Azərbaycan dövlətinin tarixində mühüm rol oynamış Ağqoyunlular İmperatorluğunun hökmdarı Uzun Həsən islama ibadət edən, türksoylu bir dövlət başçısı olmasına baxmayaraq, xristian əsilli Trabzon imperatorunun qızı Teodra xanımla (ailə qurduqdan sonra Dəspinə xatun kimi tanınıb) ailə qurub. Bu öz dövrünə görə ən ali səviyyədə tolerantlığın ailə-məişət səviyyəsində belə sirayət etməsinin göstəricisidir. Azərbaycanın tarixində çox mühüm rol oynamış Səfəvilər İmperatorluğunun əsasını qoyan Şah İsmayıl Xətainin dönəmində dövlətin idarə olunmasında mühüm rol oynamış 74 nəfər saray əyanından 69 nəfəri azərbaycanlı, 5 nəfəri isə imperiya ərazisində yaşayan digər xalqların nümayəndələri olmuşlar. Belə faktlar tariximizdə istənilən qədərdir, sadəcə onları öyrənmək lazımdır ki, boş yerə ermənilərə havadarlıq etməyəsiniz. Sovet hakimiyyətinin tərkibində yaşadığımız dövrdə də xalqımız digər milli-mənəvi dəyərlərimiz kimi multikultural dəyərlərimizi də qoruyub yaşadıb və onu çətin sınaqlardan keçirərək müstəqillik dövrünə qədər gətirib. Multikultural dəyərlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında da əks olundu. Ölkə əhalisinin təxminən 96 faizinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, əksinə konstitusiyamızda dinin dövlətdən ayrı olmağı, bütün dini etiqadların qanun qarşısında bərabərliyi, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığının elan olunması, bərabərlik hüququnun, fikir və söz azadlığının, vicdan azadlığının, sərbəst toplaşmaq azadlığının təsbit olunması dövlətimizin ölkə ərazisində yaşayan digər dini etiqad nümayəndələrinə də hansı səviyyədə yanaşmasının təzahürü oldu. Heydər Əliyev 1993-cü ilin 15 iyununda ölkə rəhbərliyinə qayıtdığı gün, Milli Məclisdə etdiyi ilk çıxışında bu məqamı xüsusi olaraq qeyd etdi ki, Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib.

Bütün xarici təzyiqlərə və təxribatlara baxmayaraq, 2003-cü ildən bu günə qədər dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün xalqlar bir bayraq altında, müstəqil, mehriban şəraitdə, öz dillərində təhsil alaraq azərbaycanlılarla birgə yaşayır, hər bir xalq, etnos öz adət-ənənəsini yaşadır, azərbaycanlılarla qohumluq əlaqələri get-gedə çoxalır. Bu gün dünyanın ən böyük mənəvi ehtiyacı qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma və dialoqdur. Bu dəyərlərin hamısı tarixən bu torpaqda, son tikəsini qonşusu, müsafiri ilə bölüşən alicənab və xoşniyyətli Azərbaycan xalqının mənəviyyatında təşəkkül tapıb. Bu gün dünyanın dörd yanından tədqiqatçılar, siyasilər, dövlət adamları tolerantlıq mühitinin nümunəsini görmək, dialoq yollarını qovuşdurmaq, mədəniyyətləri paylaşmaq üçün bu torpaqda bir araya gəlməsi təsadüfdürmü? Əlbəttə, xeyr, bu mühit yaradılıb və gündən-günə də inkişaf etdirilir.

Xatırladaq ki, 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib, ölkəmiz tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verib. Azərbaycan dövləti və şəxsən ölkə başçısı İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı prosesi" kimi qlobal bir təşəbbüs irəli sürüldü. 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi də dəvət olunmuş və bununla yeni bir formatın əsası qoyulmuşdur. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın təmsil olunduğu konfransda ölkəmizin təşəbbüsü ilə "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı bəyannaməsi" qəbul edildi. Belə beynəlxalq tədbirlər davamlı şəkildə keçirilir. Prezidentin sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olundu. Multikulturalizm çoxmədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmoniyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilir. Azərbaycanda milli-mənəvi dəyərlərimizin tərkib hissəsi məhz belə təşəkkül tapıb.

Heç uzağa getməyək, Vətən müharibəsi gedən günlərdə xalqımız sarsılmaz birlik nümayiş etdirərək Prezidentimizin və ordumuzun arxasında dayandı. Çünki biz haqq yolundaydıq, bizim işimiz haqq işiydi, ona görə də biz zəfər çaldıq! Torpaqlarımızın azad edilməsində döyüş səngərində azərbaycanlılarla çiyin-çiyinə vuruşan talışlar, ləzgilər, ruslar, yəhudilər, udinlər, tatlar, kürdlər öz vətənləri üçün şəhid oldular. Azsaylı xalqların belə birliyi, doğmalığı, qəhrəmanlığı dünyanın harasında var?! ABŞ-da varmı? Çətin... Belə olan təqdirdə, Azərbaycanın "Dini etiqad azadlığının ciddi şəkildə pozulması və onlara dözümsüz münasibətin müşahidə olunduğu ölkələr siyahısına" daxil edilməsi ilə bağlı ABŞ Dövlət Departamentinin hesabatı qərəzlidir, erməni diktəsi ilə yazılan mənasız kağız parçasıdır. Təsadüfi deyil ki, sözügedən bəyanat Azərbaycanda da qeyd edilən pravoslavların Milad bayramı ərəfəsində verilib. Halbuki, ölkəmizin Prezidenti İlham Əliyev respublikamızın pravoslav vətəndaşlarına ənənəvi müraciətində onlara özünün son onilliklər ərzində həyata keçirdiyi xeyirxahlıq, sülh və tərəqqi arzulayıb. Müraciətdə qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyev də pravoslav icmasının Azərbaycan cəmiyyətinin həyatında rolunu və əhəmiyyətini daim qeyd edirdi. Bundan başqa, Prezident Azərbaycanın yəhudi icmasının nümayəndələrini də ənənəvi olaraq müvafiq dini bayramları münasibətilə təbrik edir, bu, ölkədə çoxkonfessiyalı mühitin və dialoqun mövcudluğunu göstərir, Azərbaycanda dini zəmində heç bir problemin olmadığını sübut edir. Bunu bir çox dinlərin - yəhudilərin, udinlərin, ləzgilərin liderləri də qeyd edirlər ki, Azərbaycan müxtəlif dinlərin və etiqadların mənsubları üçün əlverişli ölkədir. Azərbaycan cəmiyyəti tolerantdır və ölkəmizdə konfessiyalararası dialoq vətəndaş sülhünün və sabitliyin əsasını təşkil edir. Prezident İlham Əliyev bu barədə demişdir ki, Azərbaycan xalqları, sivilizasiyaları bir araya gətirməyə çalışır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri ölkəmizdə bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq.

Okeanın o tərəfindən Azərbaycana qarşı qərəzli fikirlər səsləndirənlərə bir daha bildiririk ki, cənablar, özünüzü çox da ağıllı hesab etməyin, başqasının diktəsi ilə danışan adamlara xalq arasında oyuncaq deyirlər. Azərbaycan çoxmillətli ölkədir, bununla fəxr edirik, onun birliyi isə sarsılmazdır, qranit kimi möhkəm, polad kimi əyilməzdir.

Salman ALIOĞLU,

"Respublika".