Səfirliyə silahlı hücum beynəlxalq hüquq pozuntusudur
Digər xəbərlər

Səfirliyə silahlı hücum beynəlxalq hüquq pozuntusudur

Yanvarın 27-də eşitdiyimiz üzücü xəbərdən çox sarsıldıq. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən silahlı hücum nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidməti rəisinin qətlə yetirilməsi və səfirliyin iki əməkdaşının hücumun qarşısını alarkən yaralanması narahatlıq doğuran qəbuledilməz haldır və beynəlxalq hüquqa tam olaraq ziddir.

Azərbaycan-İran münasibətlərində son dövrdə yaşanan gərginlik fonunda Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum edilməsi çoxsaylı suallar yaradır. Suallardan biri də odur ki, cinayəti törədənlərin bu hərəkətlərinin arxasında kimlər dayanır?

Bundan əvvəl Azərbaycanın Londonda, ABŞ-dakı səfirliklərinə də hücumlar olub ki, həmin hücumlarda itkilər yox idi. Tehrandakı silahlı hücumda isə həlak olan və yaralananlar var. Belə çıxır ki, bu silahlı hücuma əvvəlcədən məqsədyönlü şəkildə hazırlıq görülüb. Özlüyündə İranın ali siyasi rəhbərliyi bu məsələyə aydınlıq gətirməlidir. Çünki hadisə bütün göstəriciləri ilə terrordur, Azərbaycanın ərazisinə təcavüzdür.

Cinayətkarlar mütləq şəkildə cəzalandırılmalı, hadisəyə hüquqi qiymət verilməlidir. İkitərəfli münasibətlərdə son dövrdə yaşanan gərginlik fonunda bu hadisənin baş verməsi əlavə gərginlik yaratdı.

Son aylarda İranda Azərbaycan əleyhinə həyata keçirilən təxribatlar, media kampaniyaları Azərbaycana qarşı bu kimi hücumlara rəvac verir. Ehtimal etmək olar ki, hadisə İran hakimiyyətinin xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırılıb. Hələ 2022-ci ilin noyabrında İran səfirliyi qarşısında etiraz aksiyasının keçiriləcəyi ilə bağlı xəbər yayılmışdı. Onda İran vətəndaşı olan bir şəxs Azərbaycan səfirliyini, Naxçıvana tranzit olaraq keçən yük maşınlarının sürücülərini hədələmişdi. ABŞ-ın İrandakı səfirliyinə hücumu fəxarətlə söyləyən həmin şəxs səfirliyin daş-qalaq ediləcəyini, hətta Azərbaycan vətəndaşlarının fiziki təzyiqə məruz qoyacaqlarını söyləmişdi. Həmin vaxt İran hakimiyyəti o şəxsi məsuliyyətə cəlb etmədi.

Hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır. Onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair məlumatlar var. Bu da təsadüfi deyil. Çünki İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir.

Mövcud olduğu 44 il ərzində Tehran rejimi səfirlik və konsulluqlara hücumu ilə seçilib. ABŞ səfirliyi, Səudiyyə Ərəbistanının konsulluğuna hücumları sübut olaraq göstərmək mümkündür. Bu hadisələr İrandakı səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət olmadığını isbatlayır. İran hakimiyyəti başqa ölkələrdəki səfirlik və nümayəndəliklərə də hücum təşkil edib. İranda xarici ölkə vətəndaşlarının təhlükəsizliyinə də təminat yoxdur. Son zamanlar etiraz aksiyaları fonunda baş verənlər bunu təsdiqləyir.

Azərbaycan tərəfi İran hakimiyyətindən məsələ ilə bağlı obyektiv araşdırma gözləyir. Amma buna ümid çox azdır. Çünki artıq Tehran polisi ictmai rəyi fərqli istiqamətdə formalaşdırmağa səy göstərir. İddia edilir ki, hadisə məişət xarakterlidir. Bu isə İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunun məsuliyyətdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür. İran rəsmilərinin davranışları hadisənin terror aktı olmasını təsdiq edir. Çünki səfirliyin mühafizə xidmətinin əməkdaşları hücumun qarşısına çıxmasaydı, əlisilahlı adam diplomatik missiyanın əməkdaşlarının hamısını qətlə yetirəcəkdi.

Bu, onu göstərir ki, İran tərəfi Azərbaycan səfirliyinin təhlükəsizliyini zəif təşkil edib. Hadisə baş verən zaman həmin ərazidə İran polisi terrorun qarşısını almaq üçün cəhd göstərməyib. Bu faktın arxasında İran dövlətinin olduğu görünür.

Beləliklə, Tehran hakimiyyəti münasibətləri danışıq yolu ilə həll etməkdə aciz qaldığı üçün səfirliyə qarşı terror törətməyə üstünlük verib. Bu, onun şakəridir. Öz vətəndaşlarının dinc aksiyalarını sakit, dialoq yolu ilə həll etməkdənsə, onlara SEPAH və başqa güc strukturları vasitəsilə hücumlar təşkil edir. Onu da qeyd edək ki, mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır.

Bəybala BƏYBALAYEV,

"Respublika".