Ermənistan sülh istəmirsə, özü bilər...
Siyasət

Ermənistan sülh istəmirsə, özü bilər...

Ermənistan sözün əsl mənasında yalan, böhtan üzərində qurulub. Vaxtilə dünyanın fərqli bölgələrindən gətirilib Azərbaycanda məskunlaşdırılan bu toplum bir müddət sonra ölkəmizin ərazilərinə qarşı iddialar etmiş, tarixi torpaqlarımızda özlərinə dövlət qurmuşdur. Bununla da təməli özgə torpağını öz ərazisi adlandırmaq kimi analoqu olmayan bir yalan əsasında qurulmuş dövlətdə saxtakarlıq, riyakarlıq zaman-zaman onun siyasətinə, hay mentalitetinə sirayət etmişdir. Tarixi saxtalaşdırmaq, yürütdüyü siyasətdə qeyri-konstruktiv mövqe sərgiləmək onun təməl prinsipinə çevrilmişdir.

Ötən əsrin sonlarında ermənilərin işğalçılıq siyasətinin əsasında uydurduqları "böyük Ermənistan" yalanı dururdu. Tarixi torpaqlarımızı işğal edən bu dövlət yurd yerlərimizin adlarını dəyişdirməklə, buradakı dini, mədəni abidələrimizi özününküləşdirməklə məşğul olmuş, Azərbaycana aid qədim mənbələri öz adlarına çıxmağa çalışmışdır. Həddi-hüdudu olmayan erməni saxtakarlığı 30 illik işğal dövrünün hər mərhələsində öz əksini tapıb. Bu illər ərzində havadarları vasitəsilə dünyaya yalan ixrac edən Ermənistan Azərbaycanın münaqişənin həlli istiqamətində bütün səylərini görməzdən gəlmiş, ədavəti davam etdirməklə ölkəmizin təbii sərvətlərini dünya bazarlarına daşımağa vaxt qazanmışdır. Bu müddət ərzində əsassız, qərəzli informasiyalar yayaraq beynəlxalq aləmi öz yalanlarına inandıra, təxribat maşınını bir an belə dayandırmadan öz alçaq niyyətinə müəyyən mənada nail ola bilmişdir.

İkinci Qarabağ müharibəsinə son nöqtəni qoyan 10 noyabr üçtərəfli Bəyanatı imzalayarkən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçıran Ermənistan münaqişənin bitdiyi ilk vaxtlardan münasibətlərin normallaşmasına, Azərbaycanın təklif etdiyi sülh sazişinin imzalanmasına hazır olduğunu bildirsə də, riyakarlığından əl çəkə bilmir. Yalan vədlərlə, vaxtı uzatmaqla Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır. Düşmən ölkənin bu istiqamətdə fəaliyyəti bu gün də davam edir. Regiona sülh, əmin-amanlıq əvəzinə, münaqişələr, qarşıdurmalar gətirilir və bu da sözsüz ki, dünya güclərinin Ermənistanın riyakarlığından, mövqesizliyindən məharətlə istifadə etməsindən qaynaqlanır. Bunu aprelin 5-də Brüsseldə ABŞ-Aİ-Ermənistan üçlüyünün iştirakı ilə keçirilən görüş əyani şəkildə təsdiq etdi.

İkinci Qarabağ müharibəsindən ötən illərə nəzər saldıqda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəliləməsi istiqamətində Belçika Krallığının paytaxtında keçirilən görüşlər mühüm rol oynamışdır. Dövlətimizin başçısı da beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən görüşlərdə Brüssel formatını dəstəklədiyini bildirmişdi. Belə ki, 2021-ci ildən başlayaraq ötən ilin may ayına qədər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli formatda keçirilən 5 görüşün hər birində sülhün əldə olunmasına ciddi səy göstərilmişdir. Azərbaycan-Ermənistan münasibətləri, ümumilikdə regiondakı vəziyyət, işğaldan azad olunan ərazilərimizdə minaların təmizlənməsi, hərbi əməliyyatlar zamanı saxlanılanların azad edilməsi məsələlərinə toxunulmuş, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sərhəd komissiyalarının birgə iclaslarının keçirilməsi, nəqliyyat dəhlizlərinin açılması, bölgədə sülhün, əmin- amanlığın təmin olunması yolları müzakirə edilmişdir. 2023-cü il may ayının 14-də 5-ci Brüssel görüşündə liderlər arasında müzakirələrdən sonra mətbuata bəyanatla çıxış edən Aİ prezidenti gündəlikdəki bütün məsələləin nəzərdən keçirildiyini, sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atıldığını bildirmişdi. Həmçinin tərəflərin 1991-ci il Almatı Bəyannaməsinə əsasən iki ölkənin müvafiq ərazi bütövlüyünə birmənalı öhdəlik götürməklə, qarşılıqlı dövlət sərhədinin demarkasiyası üzrə ikitərəfli danışıqları bərpa etmək üçün razılaşdıqları qeyd edilmişdi. Şarl Mişel Ermənistanın cənubundan keçməklə Azərbaycan və Naxçıvan arasında quru əlaqəsinin yaradılması məsələsinin müzakirəsində də irəliləyişin olduğunu vurğulayaraq bildirmişdi ki, tərəflər Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması məsələsində bir-birinə çox yaxınlaşıblar. İşçi qruplarına dəmir yolu əlaqələrinin açılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb, lazımi tikinti işlərinin konkret cədvəl əsasında həyata keçirilməsi, həmçinin bu işin dəstəklənməsi üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəlinib. Ümumilikdə, üçtərəfli görüşlərdə liderlər Cənubi Qafqazın sülh şəraitində yaşaması üçün ümumi istəklərini bildirmiş və sülh gündəliyi bu görüşlərdə formalaşmışdı.

Budəfəki Brüssel görüşündə isə başqa rüzgarlar əsdi. ABŞ-Aİ-Ermənistan üçlüyü "sülh gündəliyi", "iqtisadi əməkdaşlıq" adı altında Cənubi Qafqazda mövcud problemlərin həllinə deyil, əksinə, dərinləşməsinə, ayırıcı xətlərin yaradılmasına xidmət edən qərarlar qəbul etdilər. Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına, Azərbaycanın maraqlarının ziddinə yönəlmiş üçtərəfli görüş kollektiv Qərbin Cənubi Qafqazı növbəti qarşıdurmaya sürükləmək cəhdidir və bu, Ermənistan vasitəsilə həyata keçirilir. Amma sözdə bir, əməldə başqa olan qərb qonşumuz regionda əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasında maraqlı olduğunu bəyan edir, sülh sazişinin imzalanması üçün "gərəkli" addımlar atdığını bildirir. Bu, həqiqətən belə olsaydı, Ermənistan ökeanın o tayına üz tutmaz, heç bir vasitəçiyə ehtiyac olmadan elə yerləşdiyi regionda sülh müqaviləsini imzalayardı. Amma göründüyü kimi, bu ölkə sülhə, sabitliyə əhəmiyyət belə vermir, öz çirkin niyyətlərini həyata keçirmək üçün arxasında duran qüvvələrin sifarişini yerinə yetirir.

Mehparə ƏLİYEVA,

"Respublika".