Sevgisi Vətən olan Şahin
Sosial həyat

Sevgisi Vətən olan Şahin

Vətənə sevgi Şahinin qanına ana südü ilə birgə hopmuşdu. Odur ki, onun çətin günündə harayına birinci səs verib və azadlığı uğrunda gözünü qırpmadan özünü odlu səngərlərə atıb. Son nəfəsədək düşmənə qarşı mərdliklə vuruşub, 19 yaşında əbədiyyət adlı dünyasına qovuşub. Beləcə ömrü nə qədər qısa olsa da, bütöv bir xalqın qəhrəmanlıq salnaməsinə dönərək şərəfli və örnək sayılır.

Azərbaycan xalqının tarixinə qeyrət, şərəf, hünər səhifəsi kimi yazılan 44 günlük haqq savaşımızın şəhidi Şahin Afat oğlu Tahirli Lerik rayonu, Züvüç kəndində anadan olub. Vətənpərvər ruhda böyüyən, elinə bağlı, millətinə hörmət hissilə tərbiyə olunan Şahin gərəkli bir ömür yaşamaq arzusu ilə müstəqil həyata qədəm qoyub. Saf arzuların başında isə Qarabağ torpaqlarının azadlığını görmək durub. Bu səbəbdən 2019-cu ildə Lerikin qartal oğlu əlinə silah götürüb döyüş meydanında yağıya qan qusdurmaq məqsədilə hərbi xidmətə yollanıb. Xidmət zamanı Vətənini göz bəbəyi kimi qoruyur, zabitlərin, əsgərlərin sevimlisinə çevrilir.

Vətən sevgisi, düşmənə nifrət hissi İkinci Qarabağ müharibəsi başlananda Şahini yağı düşmən üstünə ürəklə aparıb. Döyüş yoldaşlarına da deyib: "Mütləq qələbə bizimdir. Tezliklə Azərbaycanın üçrəngli bayrağı müqəddəs Şuşada dalğalanar". Az müddətdə ağır savaşlarda Şahinin cəsurluğu, çevikliyi erməni hərbçilərinə göz dağı olur. Füzulidə, Qubadlıda, Şuşada düşmənə sarsıdıcı zərbələr endirib və hünəri dillər dastanı olub. Son döyüş yeri Daşaltı kəndində dığalar Şahinin qarşısında tab gətirə bilmirlər. Təəssüf ki, bu, ölüm-dirim savaşında Vətənindən ötrü qismətinə yazılan əzəmətli, möhtəşəm şəhidlik zirvəsinə ucalıb. Milyonların qəlbinə köç edən qəhrəman həm də dövlət tərəfindən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", Qubadlının, Füzulinin, Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.

Bəli, hər bir lerikli üçün Şahinin həyatı əbədiləşən qəhrəmanlıq əfsanəsidir. O, heç vaxt unudulmur, qərinələr boyunca nəsillər bir-birini əvəz etsə də belə olacaq. İndi rayonda onun adı ilə bağlı yadigarlar çoxdur. Xatirəsinə ucalan bulaq kompleksi hər gün adamla dolu olur. Keçirilən tədbirlərdə Şahinin Vətən sevgisindən ürəkdolusu danışılır, bununla iftixar, qürur duyulur. Bu günlər isə qəhrəmanın doğulub boya-başa çatdığı Züvüç kəndində şəhadətə qovuşduğu 3 illiyi münasibətilə anım tədbiri baş tutdu. Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və şəhidin ailə üzvləri Vətən müharibəsi şəhidi Şahin Tahirlinin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq uyuduğu torpağa baş çəkib, məzarı üzərinə gül-çiçək dəstələri düzdülər.

Zəfər ORUCOĞLU.