Sosial həyat

"QHT-lərin II İnkişaf və Mübadilə Proqramı" Naftalanda

Naftalan şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən "QHT-lərin II İnkişaf və Mübadilə Proqramı"-nın açılış tədbiri keçirilib.Tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülüb, ruhu böyük ehtiramla yad edilib.

"Respublika" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, qeyri-hökumət təşkilatlarını təmsil edən, təlim üçün müsabiqədən keçən iştirakçılar, media nümayəndələri iştirak ediblər.

Açılış tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, respublikamız müstəqillikdən sonrakı dövrdə bir çox sahələrdə ciddi irəliləyiş əldə etmiş və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmuşdur. Həm də vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında ölkə Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti vardır.

QHT-na Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru çıxışında vurğulayıb ki, Agentlik tərəfindən həyata keçirilən "QHT-lərin II İnkişaf və Mübadilə Proqramı" davamlı olaraq təşkil ediləcək. Bu təlimlərin QHT-lərin layihələrin yazılması və idarə edilməsi sahəsində bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayan Aygün Əliyeva bildirib ki, proqrama qeydiyyatdan 300 qeyri-hökumət təşkilatı keçib və müsahibə zamanı onlardan 100 nəfər təlimlərdə iştirak hüququ qazanıb. İştirak edə bilməyən təşkilatlar üçün digər təlimlərin keçirilməsi nəzərdə tutulub.

Həmçinin, diqqətə çatdırıb ki, bu gün QHT-lərin bilik və bacarıqlarının artırılması qarşıda duran vəzifələrdən biridir. "QHT-lərin II İnkişaf və Mübadilə Proqramı" qeyri-hökumət təşkilatları üçün gözəl fürsətdir və burada keçirilən təlimlərdən faydalanmaları onların fəaliyyəti üçün ciddi nəticələr verə bilər. Açılış nitqlərindən sonra xatirə şəkli çəkilib, təlimlərə start verilib.

Zabit XƏLİLOV
“Respublika”.