Region

"Shaki Tobacco"nun məhsulları dünya bazarlarında

Dünyada tütün sənayenin gəlirli sektorlarındandır. Məlumata görə, gün ərzində dünyada satış dəyəri təxminən 5 milyard dollar olan tütün ticarətindən illik qazanc 1 trilyonu keçib. Azərbaycanın kənd təsərrüfatında da tütün istehsalı özünəməxsus yer tutur. Respublikada tütünçülüyün elmi əsaslarla inkişafı və bu sahə üzrə yüksək sənaye potensialının yaradılması 1960-1970-ci illərə təsadüf edir və hazırda yüksək ixrac qabiliyyəti ilə seçilir.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda tütünçülüyün inkişaf etdirilməsi üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu mühüm sahənin də tərəqqisinə öz müsbət təsirini göstərib. Yaponiyalı investorların maliyyə dəstəyi ilə 2021-ci ildə Şəki rayonunun Qırxbulaq kəndində yaradılmış "Shaki Tobacco" MMC tütünqurutma müəssisəsi fəaliyyətini durmadan genişləndirir.

Müəssisənin direktoru Emin Əsədov bildirdi ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstəyi rayonda da uğurla icra olunur. Belə ki, özünəməşğulluq, kənd təsərrüfatının inkişafı, işsiz vətəndaşların işlə təmin olunması, xarici investorların ölkə iqtisadiyyatına cəlb olunması kimi proqramları çərçivəsində yaradılmış tütün qurutma müəssisəsi yaxın ətrafda yaşayan kənd sakinlərinin işlə təmin olunması ilə yanaşı, şimal-qərb regionunda tənəzzülə uğramaqda olan tütünçülük ənənələrinin yenidən bərpasına təkan vermiş oldu. Respublikamızın iqtisadiyyatında tütünçülük üzrə ixtisaslaşmış Şəki-Zaqatala iqtisadi rayonunda kənd əhalisinin işlə təmin olunması, suvarılan torpaqlardan səmərəli istifadə edilməsi, tütün və tütün məhsullarına olan daxili və xarici bazarın tələbatlarının ödənilməsi baxımından yeni yaradılmış müəssisənin əhəməmiyyəti çox böyükdür.

Qeyd edək ki, ölkə rəhbərliyinin diqqət və qayğısı, yapon investorların maliyyə dəstəyi ilə müasir texnoloji proseslərlə, avadanlıqlarla təmin olunmuş 20 quruducu kamera quraşdırılmış MMC-də daimi 15 nəfər, mövsüm üzrə isə 60 nəfər işçi çalışır. İşçilərin 75%-ni qadınlar təşkil edir. Müəssisə mövsüm ərzində fermerlərdən 1200-1400 ton yaşıl tütün qəbul etmək, 200-230 ton quru tütün istehsal etmək gücünə malikdir. 2023-cü il mövsümündə "Shaki Tobacco" MMC Şəki rayonu ərazisində 75 hektar sahədə tütün əkmiş 6 fermerlə müqavilə bağlamışdır. Fermerlər həm daxili, həm də xarici bazarın tələbatına uyğun olan "Virciniya" NC291 adlı tütün becərmişlər ki, bu növ tütün keyfiyyət və digər göstəricilərinə görə digər növ tütünlərdən kəskin fərqlənir. Müəssisə 20 tütün qurutma kamerası, həmçinin çeşidləmə, quru tütün presləri üçün anbar, müasir pres aparatları, ofis, yeməkxana və digər zəruri iş şəraiti ilə tam təmin edilmişdir. 2022-ci il mövsümündə 205 ton quru tütün istehsal olunmuş, yerli bazarla yanaşı, Rusiya və Avropa bazarlarına ixrac olunmuşdur və dünya bazarında rəqabətliliyi ilə seçilmişdir.

Direktor Emin Əsədov qeyd etdi ki, Dövlət Proqramına uyğun olaraq respublikamızın, o cümlədən rayonumuzun iqtisadi tərəqqisində mühüm əhəmiyyət kəsb edən tütünçülük ənənələrinin inkişafı üçün görülən işlər kollektivimizin gərgin əməyi sayəsində durmadan davam etdiriləcək.

M.NƏRİMANOĞLU,

"Respublika".