Biləsuvar: Qazilərə  və şəhid ailələrinə  yeni mənzillər verilib
Region

Biləsuvar: Qazilərə  və şəhid ailələrinə  yeni mənzillər verilib

Dövlət  tərəfindən  şəhid  ailələrinə,  müharibə  əlillərinə  göstərilən  diqqət  və  qayğı  Biləsuvar  rayonunda  da  uğurla  davam  etdirilir.  Onlarla bağlı  rayonda  geniş miqyaslı  sosial  dəstək  tədbirləri  həyata  keçirilir. Bu  tədbirlərin  davamı  olaraq,  ölkəmizin  bütün  bölgələrində  olduğu  kimi,  Biləsuvar  rayonunda  da  yaşayan  şəhid  ailələrinə  və  qazilərimizə  fərdi  evlər  tikilərək  təqdim  olunur.

Biləsuvar  rayonunda  Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü  uğrunda gedən  döyüşlərdə  əlil olmuş  qazilərə  və  şəhid  ailələrinə  tikilmiş  fərdi  yaşayış  evlərinin  açılış  mərasimində Biləsuvar  Rayon  İcra Hakimiyyətinin  başçısı  Faiq  Qürbətov, əmək  və  əhalinin sosial  müdafiəsi  nazirinin  müavini  Hidayət  Abdullayev  şəhid  ailələrinə  və   müharibə  əlillərinə  yeni fərdi  evlərin  sənədlərini   təqdim  etdilər.

Tədbirdə qeyd olunub ki, xalqımıza  möhtəşəm  Zəfər  sevinci  bəxş  edən  qəhrəman  şəhidlərimizin ailələrinə,  müharibədə  sağlamlıqlarını  itirmiş igid  hərbi  qulluqçularımıza  daim xüsusi  diqqət  və  qayğı göstərilir.  Onların  sosial  müdafiəsi, o cümlədən  mənzil-məişət  şəraitlərinin yaxşılaşdırılması istiqamətində  ardıcıl olaraq mühüm  addımlar atılır.

Qeyd   edək  ki,  2022-ci ildə  Biləsuvar  rayonu  ərazisində   Qarabağ  Müharibəsi  əlili  və  şəhid  ailəsi  üçün  12  fərdi  yaşayış  evinin  tikintisinə  başlanmışdır. Tikintisi  tam  başa  çatmış  5  mənzil  sahiblərinə  təqdim  olundu.  Qalan  mənzillərin də  bu  ilin sonuna  kimi  başa  çatdırılması  planlaşdırılır.

Şəhid  ailə  üzvləri   və  Qarabağ  müharibəsi  əlilləri  onlara  göstərilən  diqqət  və  qayğıya  görə  Azərbaycan  Prezidenti  İlham  Əliyevə  və  Birinci  vitse-prezident   Mehriban   xanım  Əliyevaya  minnətdarlıqlarını   ifadə  ediblər.   

                 Ərəstun  ABDULOV,       

                 “Respublika”.