Silahlı Qüvvələrimiz bu dəfə də düşmənə layiqli cavab verdi
Siyasət

Silahlı Qüvvələrimiz bu dəfə də düşmənə layiqli cavab verdi

Ermənistan-Azərbaycan şərti sərhədində baş verən təxribatın pərdəarxasında son iki ayda bu ölkəyə külli miqdarda silah verən ABŞ, Fransa və Hindistanın dayanması şübhəsizdir. Məlum olduğu kimi, Qərb hazırda iki istiqamətdə - Ukrayna və Yaxın Şərqdə müharibə aparır. Görünür indi üçüncü cəbhəsini açmaq qərarına gəlib. Bunun üçün də ən uyğun məkan Ermənistandır.

Çünki İrəvandakı qeyri-sabitlik buna münbit şərait formalaşdırıb. Baş verən hadisəni yeni müharibə çağırışı adlandırmaq olar. Həmin təxribat həm də Azərbaycan-Ermənistan şərti sərhədində qlobal təzyiqlər göstərməyə çalışan, "binokl" missiyası aparan Avropa İttifaqının gözü qarşısında baş versə də onlar yenə günahın erməni hərbçilərində olduğunu dilə gətirmədilər.

Hadisələr Azərbaycanın sinirlərinə toxuna biləcək bir ərazidə baş verdi. Zəngilan rayonu Azərbaycanın ən həssas nöqtələrindən biridir. Buradan İrana, Naxçıvana, eləcə də gələcəkdə qardaş Türkiyəyə yolun çəkilməsi planlaşdırılır. Bütün bunları nəzərə alan Nikol Paşinyan təxribatı məhz Zəngilanda törətdi.

Öncə də qeyd etdiyimiz kimi, son iki aydır Ermənistan ordusu davamlı olaraq silahlandırılır. Bu, bir növ həmin silahların ilk "sınağıydı". Lakin hər zaman olduğu kimi, Silahlı Qüvvələrimiz bu dəfə də düşmənə layiqli cavab verdi.                                                

Əziz ƏLİBƏYLİ,

STM-in Departament müdiri.