Şirvan: İnfrastruktur  yenidən qurulur
Region

Şirvan: İnfrastruktur  yenidən qurulur

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində cari ildə görüləcək işlərlə bağlı Şirvan Şəhər İcra Hakimiyyətində  “Azərsu”ASC-nin nümayəndələri ilə görüş keçirildi.

Görüşdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, “Azərsu”ASC-nin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin birinci müavini İlham Quliyev, həmin qurumun Regional layihələr üzrə tikinti şöbəsinin rəisi İntiqam Quliyev, Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov və departamentin aparıcı mühəndisi İqbal Xəlilov, şəhər icra hakimiyyətinin və Şirvan Sukanal İdarəsinin əməkdaşlarının iştirakı ilə layihənin davamı olaraq cari ildə görüləcək işlər müzakirə olundu.

Müzakirə zamanı şəhərin Naxçıvan küçəsindən keçən 530 və 630 millimetrlik 880 metr su xəttinin yerinin dəyişdirilməsindən, Köhnə şəhər yaşayış sahəsində G.Şıxbalaoğlu küçəsində 280 millimetrlik 1200 metr su xəttinin tikintisinin başa çatdırılmasından, M.Mirzəyev küçəsində 530 millimetrlik 650 metr su xəttinin yenilənməsindən, Bağ evləri yaşayış sahəsinin digər hissəsində Naxçıvan küçəsində yeni su xəttinin çəkilməsindən, M.Ə.Rəsulzadə prospektində, 28 May və T.İsmayılov küçələrində yeni kanalizasiya şəbəkəsinin qurulmasından danışıldı. Eyni zamanda, su və kanalizasiya sahəsində əhaliyə göstərilən xidmətin keyfiyyətinin daim diqqət mərkəzində saxlanılacağı qeyd edildi.

Tofiq HÜSEYN,

“Respublika”.