Köksündə qəhrəman ürəyi döyünən tankçı
Region

Köksündə qəhrəman ürəyi döyünən tankçı

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək öz adını Azərbaycanın şərəfli hərb tarixinə yazan İntiqam Yavər oğlu Abbasov Masallı rayonu, Köşəkli kəndində boya-başa çatmışdı. Vətəninə olan sonsuz sevgisi onu İkinci Qarabağ savaşı zamanı şəhidlik zirvəsinə ucaldır. Beləcə yaşadığı həyat gələcək nəsillərə də örnək olmaqla ürəklərdə əbədiləşir. Vətəninə, millətinə başucalığı gətirən şəhidimiz dövlət tərəfindən layiq görüldüyü "Hərbi xidmətlərə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

İntiqam Abbasov orta məktəbi bitirib 1996-cı ildə hərbi xidmətə yollanır. Doğma Azərbaycana əsgər olan gündən özünü qorxmaz igid kimi göstərir, vətənpərvərliyi, dosta sədaqəti onu əsgər və zabitlərin sevimlisinə çevirir. Xidmət müddəti başa çatana qədər Vətənini göz bəbəyi tək qoruyur, hər an yolunda canını, qanını belə fəda etməyə hazır olan qeyrətli oğullardan olur. Həmişə ürəyində mənfur erməni dığalarına qarşı nifrət, kin bəsləyən İntiqam hərbiyə bağlanır. Gizirlər məktəbində oxuyub PDM-2 komandiri ixtisasına yiyələnir. "N" saylı hərbi hissədə taqım komandirinin müavini vəzifəsində ermənilərdən alacağı qisas gününə hazırlaşır. Bir müddət keçəndən sonra PDM-3 komandiri olur. 2014-cü il sentyabr ayının 27-də isə BTR-82A komandiri vəzifəsində xidmət etməklə hərbin sirlərini daha ətraflı öyrənir, təlimlərdə fəallığı rəhbərliyin diqqət mərkəzindən yayınmır.

Köksündə əsl qəhrəman ürəyi döyünən tankçı İntiqamın rəşadət yolu 2016-cı il Aprel döyüşlərindən başlanır. Elə bu haqq savaşımızda düşmənin neçə-neçə canlı qüvvəsini, hərbi texnikasını məhv edən İntiqam baş gizir rütbəsi alır.

Baş gizir İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşə qatılır. O, ağır müharibə meydanında misilsiz şücaət göstərir. Sentyabrın 29-da Füzulidə Vətənini canından əziz bilən İntiqam şəhidlik məqamına yüksəlir. İki övladı yadigar qalıb. Qızı Xədicə və oğlu Əli.

Dahilər deyirlər ki, insan həyatının dəyəri illərlə deyil, Vətəninə, xalqına layiqli xidmətlə ölçülür. İntiqam Abbasovda məhz Tanrının ona bəxş etdiyi ömrünü belə yaşadı.

Zəfər ORUCOĞLU.