SLOVAKİYA
Maraqlı

SLOVAKİYA

Möhtəşəm qalalar, unikal mağaralar, termal bulaqlar, xalq memarlığı, Ölü dənizin Avropa analoqu, məşhur Kelt məskəni, canlı təbiət və bir çox başqa mədəni, tarixi  yerlərə sahib Slovakiya əbəs yerə Avropanın coğrafi mərkəzi  hesab edilmir.  Mərkəzi Avropanın şərq hissəsində yerləşən ölkə şimal-qərbdə Çexiya, şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan və cənub-qərbdə Avstriya ilə həmsərhəddir. Ümumi ərazisi 49.000 kvadratkilometr olan Slovakiyanın dövlət sərhədinin ümumi uzunluğu isə 1524 kilometrdir. Ölkənin ən böyük şəhəri və paytaxtı Bratislava UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxildir. Ərazisinin əhəmiyyətli bir hissəsini dağlar tutan ölkənin dənizə çıxışı yoxdur. Ölkənin rəsmi dili Qərbi Slavyan dillərinin alt qrupuna aid olan slovak dili olsa da, burada macar dili də çox populyardır.

Ölkədə kontinental iqlim hökm sürdüyü üçün şimalda və cənubda hava nəzərəçarpacaq dərəcədə fərqli olur. Slovakiyanın ən isti bölgəsi Bratislavada yayda temperatur +30 dərəcədən yuxarı olsa da, qış aylarında havanın hərarəti -5 dərəcə ilə +10 dərəcə arasında dəyişir. Slovakiyanın ən böyük çayları Tisza, Dunay, Morava və Vahdır. Ən yüksək nöqtəsi 2655 metrə çatan dağ Yüksək Tatralardır. Ölkə 8 bölgəyə bölünür, hər biri öz əsas mərkəzi ilə eyni addadır. Öz növbəsində, bölgələr rayonlara (Slovakiyada 79-u var), digərləri isə icmalara bölünür. Slovakiyada 180-dən çox dağ gölü mövcuddur. Ölkənin ən böyük çayları - Vah (403 kilometr), Hron (298 kilometr) və İpel (232 kilometr) rafting həvəskarlarının da böyük marağına səbəb olur.

Kənd təsərrüfatı slovakların ənənəvi həyat prinsiplərindən biridir. Dağlıq rayonlarda daha çox mal-qara, aşağı rayonlarda isə kənd təsərrüfatı, üzümçülük və taxılçılıq xüsusilə geniş miqyasda yayılıb. Dağlıq ərazinin üstünlük təşkil etdiyi Slovakiyada torpaqların ancaq üçdə bir hissəsi əkinçiliyə əlverişlidir. Kəndlilər burada buğda, arpa, qarğıdalı, çovdar, kartof, yulaf, tütün, tərəvəz və meyvə istehsalı ilə məşğul olurlar. Burada həmçinin heyvandarlıq da geniş yayılıb. Ölkənin kimya sahəsində azotlu gübrə və petrokimya kombinatları əhəmiyyətli yer tutur. Sənayenin təməl enerji ehtiyacı isə çaylar üzərindəki hidroelektrik stansiyalarından qarşılanır.

Qədim memarlıq abidələrinin yer aldığı ölkədə möhtəşəm qalalar, abidələr və çoxsaylı muzeylər var. Məsələn, ən böyük qala olan Spis qəsri 170 qaladan ibarətdir. Avropanın ən qədim buz mağarası olan "Dobsinska" da Slovakiyada yerləşir.

Zəngin tarixi və mədəni ənənələrinə görə Slovakiya Avropanın yüksək inkişaf etmiş ölkələri sırasında yer alır. Öz mədəniyyətləri ilə fəxr edən və əcdadlarının ənənələrini bu günə kimi qoruyub saxlayan slovakların hər bir bölgəsinin özünəməxsus xalq geyimləri, milli musiqiləri və adətləri var. Hər yay ölkənin bir çox şəhərlərində folklor musiqisi festivalları keçirilir, hətta bəziləri artıq beynəlxalq xarakter alıb.

Avropanın ən qonaqpərvər və mehriban xalqlarından biri hesab olunan slovaklar sakit və təmkinlidirlər. Əhalinin 80 faizdən çoxu Roma Katolik Kilsəsinə mənsub dindarlardır. Slovakların əksəriyyəti üçün ailə prioritetdir, ondan sonra yaxın dostlar gəlir. Lirik, mühafizəkar slovaklar punktuallığı ilə məşhurdur. Əgər bir slovakiyalı ilə görüş təyin etsəniz, onun vaxtında gələcəyinə əmin ola bilərsiniz.

Unikal mətbəxi ilə seçilən slovak xalqı Avstriya və Macarıstan mətbəxindən faydalanır. Burada əsasən donuz, quş əti, kələm, kartof, un, pendir, soğan, sarımsaq kimi tərəvəzlər istifadə olunur. Ənənəvi slovak yeməkləri pendirli köftə, draniki (kartoflu pancake), kartoflu makaron (makaron), çörəkli pendir, şnitzel və kələm şorbasıdır.

Slovakiya folklorunda nağıllar və əfsanələr böyük yer tutur. Xalq mahnıları ailə və təqvim ritualları ilə bağlıdır. Slovakiyada ən çox yayılmış rəqs polkadır. Solo instrumental musiqisi (skripka, fleyta, çubuq, sinc və s.) də burada çox  məşhurdur. Həmçinin Slovakiyanın 26 bölgəsində orijinal tikmə motivləri olan milli geyimlərin 60-a yaxın növü mövcuddur. Bu geyimlərin əsas atributları baş aksesuarlarında olan lələk və lentlərdir.

Azərbaycan-Slovakiya münasibətləri iki ölkənin müstəqillik əldə etməsindən sonra başlayıb. 1 yanvar 1993-cü ildə müstəqilliyini elan edən Slovakiya ölkəmizlə diplomatik münasibətləri 23 noyabr 1993-cü ildə qurub. Hələ 1 fevral 2000-ci il tarixində Ümummilli lider Heydər Əliyev Slovakiyanın keçmiş xarici işlər naziri başda olmaqla nümayəndə heyətini qəbul etdiyi zaman Qarabağ problemi müzakirə olunmuşdur. Həmin görüşdə Birgə Bəyanat, Azərbaycan Hökuməti və Slovakiya Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş və hər iki ölkənin Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 mart 2004-cü ildə Slovakiyaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin genişlənməsində böyük rol oynamışdır. Səfər zamanı bir sıra beynəlxalq təşkilatların və xarici ölkənin rəhbər şəxsləri ilə görüşən ölkə başçımız martın 19-da Bratislavada keçirilən "Daha geniş Avropaya doğru: yeni gündəlik" mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Tədbirdə çıxış edən İlham Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünə və ərazisinin işğal olunması məsələsinə də toxunmuşdur. 

2008-ci ilin aprel ayında Slovakiyanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubişin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən ölkə başçımız Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və Avropa strukturlarına inteqrasiyası kimi məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Daha bir görüş 12 may 2009-cu ildə baş tutmuşdur. Belə ki, Slovakiya Respublikasının baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabinin ölkəmizə səfəri zamanı hər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Həmin ilin oktyabrında isə cənab İlham Əliyev Slovakiyanın Konstitusiya Məhkəməsinin nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı ölkə başçımız bir daha vurğulamışdır ki, keçirilən bu görüşlər uğurlu nəticələr verəcək və əməkdaşlığımızın daha da inkişafına xidmət edəcəkdir. 15 mart 2010-cu ildə Slovakiyanın xarici işlər naziri Miroslav Layçakinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən İlham Əliyev bu görüşün Azərbaycan ilə Slovakiya arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacağını vurğulamışdır.

İqtisadi münasibətlərin yüksək səviyyədə olduğu Slovakiya Respublikasının bir çox şirkəti ölkəmizdə yol tikintisi və müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğul olur. Həmçinin Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.

Mədəni əlaqələrə gəlincə, 2008-ci ildə Bakıda Azərbaycan və Slovakiya mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanmışdır. Bütün bu imzalanan sənədlərdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əsas prinsipləri və istiqamətləri öz əksini tapmışdır.

Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyən Slovakiya işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlıdır. Azərbaycan azad olunan ərazilərin minalardan təmizlənməsi sahəsində də Slovakiya ilə əməkdaşlıq edir. Belə ki, Slovakiyadan yeddi minatəmizləmə texnikasının alınması ilə bağlı ANAMA tərəfindən müvafiq sənəd imzalanıb.

Avropa ölkələri ilə günü-gündən münasibətlərini artıran Azərbaycan Respublikası Slovakiya ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün vacib əhəmiyyət kəsb edən addım atmışdır. "Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi Milli Məclisin 14 iyul 2023-cü ildə keçirilən plenar iclasında müzakirəyə çıxarıldıqdan sonra qəbul edilmişdir. Görülən bu işlərin ikitərəfli münasibətlərdə yeni mərləhə açacağını və iki ölkə arasında dostluğun daha da möhkəmləndirilməsinə zəmin yaradacağını əminliklə söyləyə bilərik.

Arzu ASİFQIZI,

"Respublika".