Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksi
Sosial həyat

Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksi

Ötən il burada 561 idmançıya xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksi əlilliyi müəyyən edilmiş şəxslərin idman bacarıqlarının artırılmasında, müxtəlif idman yarışlarına hazırlığının, həmçinin tibbi-sosial reabilitasiyanın təşkilində mühüm rola malikdir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ötən il kompleksdə əlilliyi olan 561 idmançıya xidmət göstərilib. 470 idmançı hazırda bu xidmətlərdən yararlanır. Kompleksdə təlim-məşq toplanışları, idmançıların idman yarışlarına hazırlaşmaları üçün zəruri şərait yaradılıb. Məşqlər Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Keçən il burada daha iki paralimpiya idman növü - oxatma və tennis üzrə də məşqlərin keçirilməsinə başlanılıb. Paralimpiya İdman Kompleksində hazırda 10-dan çox idman növü (paracüdo, parapouerlifting, oturaq voleybol, güllə atıcılığı, kamandan oxatma, üzgüçülük və s.) üzrə məşqlər keçirilir. Onlardan 6-sı paralimpiya idman növlərinə daxildir. "Tokio-2020" Yay Paralimpiya Oyunlarında tarixi qələbələrə imza atan paralimpiyaçılarımızın bir hissəsi də Paralimpiya İdman Kompleksində təlim-məşq prosesi keçib.

Mustafa KAMAL,

"Respublika".