“Söz vermişdim ki, gələcəm...”
Sosial həyat

“Söz vermişdim ki, gələcəm...”

Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi və torpaqlarımızın düşmən tapdağından azad olunması ilə yekunlaşdı. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə  Ordumuz şanlı tarix yazaraq düşməni darmadağın etdi.   2020-ci il Azərbaycan tarixinə Zəfər ili, torpaqlarımızın işğaldan azad olunduğu il kimi düşdü. Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

“Əziz atam və anam, siz bu məktubu oxuyursunuzsa artıq mən axirət dünyasındayam. Uşaq ikən şəhidlik zirvəsinin arzusunda olmuşam. Şükürlər olsun ki, Rəbbim məni də o zirvəyə çatdırdı. Bilirəm, anacan, övlad itkisi sənə ağır gələcək, amma səndən xahişim odur ki, ağlayıb düşməni sevindirməyəsən. Sevin ki, şəhid anasısan. Gözəl bacım və qardaşım, sizləri də çox istəyirəm, başınızı hər zaman dik tutun. Sizləri öncə Allaha, daha sonra bir-birinizə əmanət edirəm. Yazmağa çox sözlər var, amma sizləri daha çox kövrəltmək istəmirəm. Haqqınızı halal edin. Hə, bir də anacan, söz vermişdim sənə ki, torpaqlarımız azad olunduqdan sonra Şuşaya istirahətə göndərəcəkdim. Üzrlü say anacan, ilk dəfə sənə verdiyim sözü tuta bilmədim. Öpürəm sizləri. İsa və Xədicəni hər gün mənim əvəzimdən öpün! İnşallah cənnətdə görüşərik. Haqqınızı halal edin! Oğlunuz Şəhriyar...”.

 Bu, Vətən müharibəsində torpaqların düşmən işğalından azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək  şəhidlik zirvəsinə yüksələn Şəhriyar Əsgərovun şəhid olmamışdan öncə ailəsinə yazdığı son məktubundandır. Şəhriyar şəhid olandan sonra yaxınları onun əşyaları arasından, həmçinin  sevgilisinə yazdığı məktubu da aşkar ediblər.  Məktubda şəhidimiz adını açıqlamadığı sevdiyi qıza xoşbəxtlik arzulayır və cənnətdə görüşmək arzusuyla ondan ayrıldığını yazır: “Bu məktub sənə gəlib çatanda ağlama, sənə söz vermişdim ki, gələcəm, amma məni bağışla. Bu sözləri mən başqa birinə yazdırmışam, çünki özüm göndərə bilməyəcəm. Səni incitdiyim üçün məni bağışla, duman gözlüm. Mənə söz vermişdin ki, ağlamayacaqsan, bax ağlama. Özünə həyat qur, xoşbəxt yaşa, bizim sevgimiz yarımçıq qaldı. Əsas odur ki, Vətən sağ olsun. Haqqını halal et. Əslində yazılası çox söz var idi, amma mənim vaxtım yoxdur. Səni çox istəyirəm, çox da sevirəm. Arzum var idi ki, səni anama gəlin edəcəm, amma qismət olmadı. Əlvida, sevdiyim. Qismət olsa, cənnətdə görüşərik. Mütləq məzarıma gələrsən. Səni çox sevən Şəhriyarın...”.

Çavuş Şəhriyar İsa oğlu Əsgərov 17 aprel 1991-ci ildə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində anadan olub.  9 il Azərbaycan Ordusunda ön xətdə xidmət edib.

Vətən müharibəsində Şəhriyar Xocavənd istiqamətində gedən döyüşlərdə ayağından güllə yarası alır. Döyüş yoldaşları “Yaralısan, geri çəkil”, desələr də o, sona qədər vuruşacağını bildirir. Bir müddət davam edən  atışmada yalnız Şəhriyar və dostu Qarayev Elnur Qabil oğlu sağ qalır. Mühasirəyə düşən Şəhriyar oradan çıxa bilməyəcəyini anlayıb, əl qumbarası ilə özünü və 4-dən çox ermənini partladaraq 2020-ci il noyabrın 4-də şəhid olur, 17-də Göytəpə qəsəbəsində  torpağa tapşırılır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Şəhriyar Əsgərov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir. Xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!

Müşfiq MİRZƏ,

“Respublika”.