ŞƏHİD AİLƏLƏRİNƏ QAYĞI PRİORİTETDİR
Sosial həyat

ŞƏHİD AİLƏLƏRİNƏ QAYĞI PRİORİTETDİR

Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Azərbaycanın 44 günlük müharibədə qazandığı Zəfər və birgünlük antiterror tədbirləri nəticəsində beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsi, vətənpərvər və qəhrəman gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Bu baxımdan, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fədakarlıq göstərən qazilərə, bu yolda canını fəda edən şəhidlərimizin ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcudur.

Naftalan şəhərində də şəhid ailələrinə hərtərəfli qayğı göstərilir, bu sahədə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov 44 günlük Vətən müharibəsi şəhidi Fərid Adıgözəlovun atası İlqar Adıgözəlovu xəstəxanada ziyarət edib, səhhəti və xəstəxanada ona yaradılan şəraitlə maraqlanıb. Şəhər rəhbəri bildirib ki, bütün gənclərimizə örnək olan qəhrəman şəhidlərimizlə xalqımız fəxr edir. Dövlətimiz daim şəhid ailələrinin yanındadır. İlqar Adıgözəlov vurğulayıb ki, itki çox ağır olsa da, övladının Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməsi ona təsəlli verir. Bu qələbədə onun da payı var. Şəhid atası onlara göstərilən sonsuz diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Adıgözəlov Fərid İlqar oğlu 18 oktyabr 2020-ci ildə Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Zabit XƏLİLOV,

"Respublika".