Strateji tərəfdaşlıq yeni perspektivlər vəd edir
Siyasət

Strateji tərəfdaşlıq yeni perspektivlər vəd edir

30 il əvvəl - 18 noyabr 1992-ci ildə Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlər qurulmuşdur

Azərbaycan ilə Gürcüstan arasında dostluq və mehriban qonşuluq əlaqələrinin tarixi çox qədimdir. Bu münasibətlər zəngin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız xoş ünsiyyət, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşamışlar. Artıq 30 ildir ki, dövlətlərarası əlaqələr bu möhkəm təməl üzərində inkişaf edir.

İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq böyük əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açmışdır. Hər iki liderin şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost münasibətləri ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafında böyük rol oynamışdır.

1995-ci ilin fevralında Azərbaycanın paytaxtında Gürcüstan səfirliyi, 1996-cı ilin mart ayında isə paytaxt Tbilisidə Azərbaycan səfirliyi açıldı. Bununla da ikitərəfli əlaqələr təkcə xalqlar arasında deyil, diplomatik müstəvidə də inkişaf etməyə başladı.

Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi. Qlobal infrastruktur layihələrin həllində yaxından iştirak edərək dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərən Azərbaycan və Gürcüstan arasında möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün dövlətlərarası tərəfdaşlığı gücləndirən mühüm amil kimi diqqəti cəlb edir.

Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Regionda mühüm layihələrin ərsəyə gəlməsində iki dövlətin mövqeləri üst-üstə düşür və həyata keçirilən bu layihələr iqtisadi inkişafa böyük təsir göstərir.

Rəsmi statistik məlumatlara əsasən, 2021-ci ildə Azərbaycan və Gürcüstan arasında ümumi ticarət dövriyyəsi 763.695,05 min ABŞ dolları təşkil etmişdir. 2020-ci illə müqayisədə bu, təqribən 230.000 min ABŞ dollarından artıqdır. Ötən il ixrac 661.080,66, idxal isə 102.614,39 min ABŞ dolları həcmində olmuşdur.

Azərbaycan və Gürcüstan arasında iqtisadiyyatın bir çox sahələrində sıx əməkdaşlıq mövcuddur, aqrar-sənaye kompleksində əlaqələr isə xüsusilə nəzərəçarpacaq dərəcədədir. Gürcüstandan ölkəmizə daha çox bar gətirən ağaclar, peyvənd olunmuş və olunmamış tinglər, heyvan və bitki mənşəli piylər və yağlar, mandarin və digər sitrus meyvələri, eləcə də kartof, tərəvəz bitkilərinin toxumu, ədviyyatlar və başqa kənd təsərrüfatı məhsulları idxal edilir. Azərbaycandan Gürcüstana isə faraş meyvə-tərəvəz, meyvə-tərəvəz konservləri, şəkər tozu, çay və digər kənd təsərrüfatı istehsalı məhsulları ixrac olunur. Bununla yanaşı, ölkələrimiz arasında aqrar elmi-tədqiqat istiqamətində də möhkəm əməkdaşlıq əlaqələri qurulub. Məsələn, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu ilə Gürcüstan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutu arasında Quraq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin maliyyə dəstəyi əsasında taxıl əkinlərində xəstəliklərin arealının müəyyənləşdirilməsi ilə bağlı vaxtaşırı birgə ekspedisiyalar təşkil olunur. Bununla yanaşı, Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gürcüstanın müvafiq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq əlaqələri xeyli müddətdir ki, yaradılıb və hazırda uğurla davam etdirilir. Azərbaycanla Gürcüstan, həmçinin mütəmadi olaraq aqrar elmi tədqiqatların nəticələri haqqında informasiya mübadiləsi də həyata keçirir.

Ölkələrimiz arasındakı münasibətlər çərçivəsində daha bir diqqətçəkən məqam qardaşlaşmış şəhərlərin olması ilə bağlıdır. Belə ki, Azərbaycanın Naxçıvan şəhəri Batumi ilə, Gəncə - Kutaisi və Rustavi, Sumqayıt - Rustavi ilə, Xankəndi - Suxumi, Şəki isə Telavi şəhəri ilə qardaşlaşıb.

Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksək səviyyədə olmasını biz bir daha dövlətimizin başçısı cənab İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı gördük. Həmin səfər çərçivəsində liderlərin mətbuata birgə bəyanatları zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu məqama xüsusi diqqət yönəldərək bildirmişdir: "Mən Sizin atanızdan, ölkənizin ümummilli liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək". O da qeyd edilmişdir ki, ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasına dövlət başçısı İlham Əliyevin töhfələrinin əhəmiyyəti Gürcüstanın Baş naziri tərəfindən xüsusi vurğulanmışdır.

Artıq qeyd etdiyimiz kimi, Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əməkdaşlıq nünasibətləri dinamik inkişaf edir. Azərbaycan şirkətləri qonşu dövlətə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla, həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir. Bununla əlaqədar dövlətimizin başçısı bildirmişdir: "Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir".

Azərbaycan ilə Gürcüstan arasında müşahidə olunan yaxın və dostluğa söykənən münasibətlər təkcə iki ölkə arasında deyil, ümumilikdə regionumuzda sülhün və təhlükəsizliyin təmin edilməsinə, etimad mühitinin yaradılmasına xidmət edir.

Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına öz önəmli töhfəsini verir. Çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulan münasibətlər əməkdaşlıq əlaqələrinin inkişafını təmin edir. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açır. Hər iki dövlət arasında siyasi-iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqlarının böyük rolu var. Dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər münasibətləri daha da dərinləşdirir. Bu, Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verir. Bölgədə gedən proseslərin, təhlükəsizliklə bağlı olan məsələlərin birgə müzakirələri isə əməkdaşlığın yeni müstəviyə yüksəlməsinə səbəb olur.

Emin QASIMOV,

"Respublika".