Strateji xarakter daşıyan uğurlu əlaqələr
Siyasət

Strateji xarakter daşıyan uğurlu əlaqələr

İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır, yüksələn xətt üzrə inkişaf edir. Qədim tarixə malik iki dost ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. Avropa İttifaqının nüfuzlu dövlətlərindən olan İtaliya ilə əməkdaşlığın, siyasi, iqtisadi, humanitar sahədə əlaqələrin inkişafı təbii ki, faydalı, qarşılıqlı etimada əsaslanan münasibətlərin nəticəsidir. Həm 44 günlük müharibə, həm də ondan sonrakı dövrdə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, bu haqda dəfələrlə həm Parlament, həm də Senat tərəfindən bəyanatlar verilib. Qırx dörd günlük müharibə bitdikdən sonra Azərbaycana, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən ilk Avropa nümayəndə heyəti İtaliya Parlamentinin və Senatının birgə nümayəndə heyəti olub. Koronavirus pandemiyası zamanı Azərbaycanın İtaliyaya dəstəyini də vurğulamaq lazımdır. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir.

Hazırda işğaldan azad edilən rayonlarda xarici şirkətlərdən ilk olaraq Türkiyə ilə yanaşı, İtaliya şirkətləri də fəaliyyətlərini davam etdirirlər. İtaliya Parlamentində keçirilən 30 illiyin qeyd edilməsi mərasimində istər italiyalı deputatlar, dövlət adamlarının söylədikləri onu göstərir ki, bu ölkədə Azərbaycana qarşı xüsusi rəğbət var. Bu diplomatik münasibətlərin tarixi haqqında düşünərkən yenə göz önünə ilk gələn unudulmaz ulu öndər Heydər Əliyev olur. Məhz ümummilli lider Heydər Əliyevin ərsəyə gətirdiyi müdrik, uzaqgörən xarici siyasətin nəticəsidir ki, İtaliya ilə hələ uzaq 90-cı illərin əvvəllərində iqtisadi münasibətlərin qurulması, onun gələcək perspektivləri ilə bağlı mühüm təməl yarandı. Məhz həmin təməl diplomatik münasibətlərin də yüksələn xətlə inkişafına təkan verdi. Xatırladaq ki, 25-28 sentyabr 1997-ci ildə ulu öndər Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Heydər Əliyev səfəri zamanı, həmçinin Roma və Neapol şəhərlərinin merləri və böyük İtaliya şirkətlərinin təmsilçiləri ilə də görüşlər keçirib. Azərbaycan dövlət başçısının İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb.

Ulu öndər Heydər Əliyevin səfərindən sonra əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə İtaliya hökuməti nümayəndələrinin Azərbaycana səfərləri ardıcıl xarakter aldı. 1998-2003-cü illərdə İtaliya Xarici İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri səviyyəsinə qədər ölkənin müxtəlif dövlət orqanlarının təmsilçiləri Azərbaycana səfər etdilər. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr nəticəsində bir çox sahələrdə tərəfdaşlıq məqsədilə növbəti müqavilələr bağlanıldı. Onu da qeyd etmək lazımdır ki, 2018-ci ildə Prezident Sercio Mattarellanın Azərbaycana, 2020-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya çox uğurlu dövlət səfərləri reallaşıb. Bundan əvvəl baş tutmuş səfərlər sırasında məzmun və formasına görə ən önəmlisi 2020-ci il fevralın 19-21-də həyata keçirilmiş dövlət səfəri idi. Həmin səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. Bu sənədlərin fövqündə dayanan isə məhz "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" idi. Həmin sənədin imzalanması Azərbaycan-İtaliya münasibətlərinin növbəti illər üçün mükəmməl yol xəritəsi rolunu oynayır, Bəyannamədən irəli gələn işlər uğurla həyata keçirilir. Səfər çərçivəsində strateji sazişin imzalanması artıq Azərbaycan-İtaliya münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə çatdırdı. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da misilsiz xidmətləri olub. Belə ki, Vatikanla əlaqələrin inkişaf etdirilməsi istiqamətində Mehriban Əliyeva tərəfindən mühüm işlər görülüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Sebastian, Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib və görülən bu işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə böyük minnətdarlıq ifadə olunub.

Bu il sentyabrın 1-də Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri sayca 7-cidir. Səfər çərçivəsində Romada Azərbaycan səfirliyinin yeni binasının açılışı, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi, keçirilən ən yüksək səviyyəli görüşlər qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə müsbət dinamika ilə inkişaf etdiyini göstərir. Səfərin məqsədi 2020-ci ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticəyönümlü növbəti addımların müəyyənləşdirilməsi idi: "Azərbaycan və İtaliya arasında əldə edilmiş bütün razılaşmalar həyatda öz əksini tapır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də Romada İtaliya Prezidenti Sercio Mattarella ilə görüşündə bildirib. Dövlət başçısı son səfərini xatırlayaraq, əldə edilmiş bütün razılaşmaların reallaşdığını qeyd edib: "Biz keçən dəfə Sizinlə burada görüşəndə strateji tərəfdaşlığa dair mühüm sənəd imzalamışıq. Eyni zamanda, Azərbaycan-İtaliya Universitetinin yaradılması haqqında söhbət etmişik. Bu gün isə İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində önəmli addım atıldı", - deyə Prezident İlham Əliyev vurğulayıb. İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevlə Romada keçirilən görüşündə deyib ki, əlaqələrimizin strateji əhəmiyyətindən xəbər verən 2020-ci ildəki səfərdən sonra Sizi burada, Kuirinale Sarayında yenidən qəbul etməkdən çox məmnunam və şərəf hissi duyuram.

Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. 2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,7 milyard dollara yaxın olub. Bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb. Bütün bunlar kifayət qədər yüksək göstərici olmaqla yanaşı, eyni zamanda qarşılıqlı münasibətlərin inkişaf perspektivlərini nümayiş etdirir. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rola malikdir. İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verir. Hazırda ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qədəm qoyub. Tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyublar.

Dövlətimizin başçısının İtaliyaya səfəri yeni əməkdaşlıq perspektivlərinin reallaşmasına töhfə verəcək. Belə ki, Prezident İlham Əliyev səfər çərçivəsində "The European House - Ambrosetti" nüfuzlu beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumda çıxış edib. Ölkəmizin investisiya mühiti çox faydalıdır və beynəlxalq investorlar üçün də əlverişlidir. Dövlətimizin başçısının İtaliyaya səfəri həm ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, həm də Avropa İttifaqı ölkələri ilə əməkdaşlığımızın genişləndirilməsinə təkan verəcək. Uğurlu tərəfdaşlıq əlaqələrini bundan sonra da davam etdirəcək möhkəm bünövrə yaradılıb. Onu daha da gücləndirən isə həm İtaliyada, həm də Azərbaycanda olan böyük iradə, əzm, istəkdir.

Mustafa KAMAL,

"Respublika".