Şücaəti  ilə əbədiyyətə qovuşdu
Sosial həyat

Şücaəti  ilə əbədiyyətə qovuşdu

Haqq-ədalət savaşımızda bizə qələbə bəxş edən şəhidlərimiz, qazilərimiz, hərbçilərimizin qəhrəmanlığı, şücaəti gənc nəsil üçün əbədi miras qalan mənəvi dəyərimizdir. Məhz bu mirası gənc nəslə ləyaqətlə aşılayan, Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirən minlərlə hərbçimiz Prezident cənab İlham Əliyevin   sərəncamları ilə  yüksək dövlət orden və medalları ilə təltif edilmişdir.

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz  heç vaxt unudulmur.

Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Şəhidlik zirvəsinə ucalanlardan biri də  Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, Vətən müharibəsi şəhidi Mirlətif Mirislam oğlu Ağayevdir. 

Mirlətif Ağayev 1990-cı il noyabrın 20-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub.  O, 1997-ci ildə Göytəpə şəhər 1 saylı tam orta məktəbdə təhsilinə başlayıb, 2008-ci ildə həmin məktəbi bitirib. Elə həmin il Tibb Universitetinə daxil olur, 2013-cü ildə ali təhsilini başa vurduqdan sonra isə hərbi xidmətə yollanıb. O, Ordu sıralarında zabit kimi xidmət edərək 2015-ci ildə ehtiyata buraxılmışdı. Azərbaycan Ordusunun leytenantı olan hərbi-tibb qulluqçusu Mirlətif Ağayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. 247 yaralı əsgəri, 20 şəhidi döyüş meydanından çıxarıb. Özü isə oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Noyabr ayının 7-də ata yurdu olan Ləkin kəndində torpağa tapşırılıb.  Prezident İlham Əliyevin sərəncamlarına əsasən Mirlətif Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Mirlətif şücaəti  ilə əbədiyyətə qovuşdu, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə yetirdi.  O, igidliyi, qəhrəmanlığı ilə elə-obaya gərəkli övlad, Vətənə layiqli oğul oldu, qəhrəmanlığı  ilə hər kəsin başını uca etdi.

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.

                                                                                                       M.MİRZƏ,

                                                                                                  “Respublika”.