Sülhməramlıların Qarabağı tərk etməsi xainlərə sərt şillədir
Siyasət

Sülhməramlıların Qarabağı tərk etməsi xainlərə sərt şillədir

17 aprel tarixində Azərbaycan daha bir uğura imza atdı. Rusiya sülhməramlı kontingentinin Qarabağı tərk etməsi həm siyasi uğur, həm də bir çox xain düşüncələrə tutarlı cavab oldu.

Məlumdur ki, sülhməramlılar Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanata əsasən, Qarabağdakı təmas xəttində və Laçın dəhlizi boyu 1960 nəfər silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət kontingentlə yerləşdirilmişdi. Həmin vaxt sülhməramlıların postlarının sayı 27 olsa da, sonradan onların sayı 30-a çatdırılmışdı.

Sülhməramlı kontingentin əsas məqsədi mülki əhaliyə münasibətdə qan tökülməsinin qarşısını almaq, təhlükəsizliyi təmin etmək və humanitar qanunlara riayət etmək idi. Lakin ötən il Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin öz suverenliyini bərpa etməsindən sonra ərazidə qanunsuz erməni silahlı birləşmələri qalmadığı üçün sülhməramlı kontingentin artıq atəşkəsə nəzarət funksiyası da qüvvədən düşmüş hesab edildi.

Rusiyanın sülhməramlı qüvvələri 2025-ci ildə Azərbaycanı tərk etməli idi. Lakin prosesin vaxtından əvvəl yekunlaşması Azərbaycan cəmiyyəti tərəfindən müsbət qarşılanaraq dövlətimizin növbəti uğuru kimi qiymətləndirilir. Onu da qeyd edək ki, ötən ilin sonlarından başlayaraq Rusiya sülhməramlıları Qarabağın bir sıra bölgələrində yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlamışdılar.

Qarabağı tərk edən sülhməramlıların ilk heyəti və hərbi texnikası Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Artıq həmin ərazini Azərbaycan polisi mühafizə edir. Xocalıdakı əsas dislokasiya bazası da boşaldılır. Rusiya sülhməramlılarının ərazilərimizi tərk etməsi prosesi tam olaraq yekunlaşacaq. Bu, hər iki tərəfin razılaşdırılmış qərarı və qarşılıqlı siyasi uğurudur.

Azərbaycanın həyata keçirdiyi son antiterror tədbirlərindən sonra yaranmış reallıqlar bu gün öz nəticəsini verir. Rusiya Prezidenti Vladimir Putin həmin hadisələrdən sonra məsələ ilə bağlı bu fikirləri bildirmişdi: "Qarabağda rus sülhməramlıları yalnız atəşkəsin qorunmasına nəzarət edirdilər, onların başqa hüquqları yoxdur". Bu isə o demək idi ki, artıq bölgədə qanunsuz erməni silahlı birləşmələri olmadığı üçün atəşkəsə nəzarət funksiyasına da ehtiyac yoxdur. Ona görə də sülhməramlıların Qarabağdakı missiyasını bitmiş hesab edərək Azərbaycan ərazisini tərk etməsi gözlənilən idi. Bu il yanvar ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Nyu-Yorkda keçirilən mətbuat konfransında məsələ ilə bağlı verilən sualları cavablandırarkən demişdir: "Qarabağı hər kəs Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil. Bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir. Hazırkı mərhələdə rus sülhməramlılarının mövcudluğu regionda sabitliyin möhkəmləndirməsində müsbət rol oynayır".

Vətən müharibəsi başa çatdıqdan sonra sülhməramlıların Qarabağa yerləşdirilməsinə istər xarici, istərsə də daxildəki qaragüruhçu qüvvələrin münasibəti heç də birmənalı olmamışdı. Ermənistan cəmiyyəti Rusiya əsgərlərinin bölgəyə gəlməsinə sevinib, bunu özlərinin bir növ gələcək qarantı kimi qiymətləndirmişdi. Onlara elə gəlirdi ki, sülhməramlılar heç vaxt Qarabağın dağlıq ərazilərini tərk etməyəcəklər. Hətta Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan əminliklə söyləmişdi ki, Rusiya sülhməramlı qüvvələri Qarabağı 5 il sonra belə tərk etməyəcək. Əks təqdirdə, getsələr, o zaman Qarabağda bir nəfər erməni də qalmaz. Lakin zaman sübut etdi ki, bütün dövrlərdə olduğu kimi, müharibə bitdikdən sonra da qalib ölkə kimi Azərbaycan dövlətinin məqsəd və məramı yalnız bölgədə sülhə, barışığa nail olmaqdır. Bu mənada, bütün mümkün variantları Qarabağda tətbiq etməyə və ərazidə yaşayan erməni əsilli vətəndaşları birgəyaşayışa dəvət etməyə davam etdi.

Sapı özümüzdən olan baltalar isə prosesə tamamilə başqa don geyindirdilər. Sülhməramlıların bir daha ərazilərimizi tərk etməyəcəkləri barədə fikirlər səsləndirənlər də tapılırdı. Əldə olunan tarixi qələbələrimizə şübhə ilə yanaşanlar şahid oldular ki, Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik uzaqgörənliyi, qətiyyəti və xalq-dövlət birliyi nəticəsində böyük uğurlar qazanıldı. Sülhməramlıların ərazilərimizi vaxtından əvvəl tərk etməsi isə həmin tarixi uğurların, qələbələrin tərkib hissəsidir.

Ramidə YAQUBQIZI,

"Respublika".