Sumqayıt hadisələri düşmənin əvvəlcədən planlaşdırdığı aksiya idi
Tarix

Sumqayıt hadisələri düşmənin əvvəlcədən planlaşdırdığı aksiya idi

Söz yox ki, bu günədək başımıza gələnlər rus imperiyasının xalqımıza qarşı süngüyə çevirdiyi erməni daşnaklarının düşmənçilik əməllərinin nəticəsidir. Məhz bu qüvvələr 1988-ci il fevralın 27-29-da xalqımıza gözlənilməz zərbə endirdilər. Keçmiş SSRİ-nin ali hakimiyyət orqanlarının bilavasitə rəhbərliyi ilə ermənilər tərəfindən Sumqayıt hadisələri törədildi...

Qarşılarına qoyduqları məkrli niyyətə yetmək üçün hər cür vəhşiliyə, insanlığa sığmayan qanlı cinayətlərə imza atan ermənilər hətta öz millətindən olanların belə qanını tökməkdən çəkinmədilər. Həmin vaxt Sumqayıtda baş verənlər də erməni məkrinin və terrorunun növbəti qanlı səhifəsi idi. Haylar Sumqayıt hadisələrini bu gün də "zavallı" xalqa qarşı qondarma soyqırımı faktı kimi qabardırlar. Mənfur qonşularımızın millətimizə qarşı ideoloji təbliğatda silah kimi istifadə etdikləri bu hadisə elə onların öz əlləri ilə Sumqayıtda törədilmiş "erməni qırğını"dır.

Sumqayıtda baş verənlərdən 36 il ötür. İllər keçdikcə bu hadisənin görünməyən tərəfləri aydınlaşır, ermənilərin həyata keçirdikləri qanlı ssenarinin harada yazıldığı, kimlərin həmin hadisənin törədilməsində maraqlı olduğu tam çılpaqlığı ilə üzə çıxır. Sumqayıt olayları keçmiş Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına və keçmiş SSRİ-nin dağılmasına təkan verəcək hadisələrdən biri kimi izah edilir.

"Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır". - Fransa Erməni İnstitutunun və Erməni Veteranları Assosiasiyasının təşkil etdiyi qəbulda akademik A.Aqanbekyanın bu sözləri 1987-ci ilin noyabrında Parisdə nəşr olunan "Humanite" qəzetində dərc ediləndən dərhal sonra qəzəblənən Azərbaycanı etiraz dalğası, Ermənistanda isə milli ədavət, yerli türkləri deportasiya meyilləri bürüdü.

Azğın qonşular Ermənistanda yaşayan soydaşlarımıza hədə-qorxu gəlir, onları təhqir edir, əmlaklarını əllərindən alır, dədə-baba yurdlarından qovurdular. 1988-ci il fevralın 22-də Əsgəranda iki ağdamlı gənc düşmən gülləsinin qurbanı oldu. Münaqişədə ilk qan töküldü. Həmin günlərdə Masis və Qafan rayonlarında vəziyyət daha da gərginləşdi, ilk qaçqın axını Azərbaycana üz tutdu. Fevralın 26-da şair Silva Kaputikyanın erməni televiziyası ilə hadisə barədə xalqına müraciət edərək, Qorbaçovun onları dəstəklədiyini və onun Qarabağla bağlı tarixi "ədalətsizliyi" aradan qaldıracağını söyləməsi aranı daha da qızışdırdı.

Bundan sonra Sumqayıta daxil olan təxribat qrupları əhali arasında ekstremist əhvali-ruhiyyəli antierməni təbliğatı aparmağa başladılar. Şəhərin müxtəlif yerlərində adamları başına toplayan meşin gödəkçəli naməlum şəxslər özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, ermənilərin onlara necə divan tutmalarından danışırdılar. Onlar insanları inandırmağa çalışırdılar ki, guya Ermənistanda və Dağlıq Qarabağda ermənilər azərbaycanlıları kütləvi şəkildə döyür, öldürür, azyaşlı qızlara təcavüz edirlər. Bu aksiyanın təşkilatçıları şəhərdə iğtişaşlar törətmək üçün süni şərait yaratmışdılar. Fevralın 28-i həmin erməni təxribatçılar gənclərə, xüsusən texniki-peşə məktəblərinin şagirdlərinə spirtli içkilər, içərisi əvvəlcədən xaricdə narkotik maddələrlə doldurulmuş siqaretlər, müxtəlif psixotrop dərmanlar paylamışdılar. Həmin anlarda şəhərdə məlum qüvvələr tərəfindən erməni millətindən olanlar döyülür, öldürülürdü. "Paşa" ləqəbi ilə meydana atılmış Sumqayıt ermənisi Eduard Qriqoryan "komandası" ilə qanlı aksiyalarda 26-sı erməni olmaqla 32 nəfər sakini qətlə yetirdi. Buna qədər o, iki dəfə cinayət törətdiyinə görə məhkum olunmuşdu. Özü qanlı aksiyalarda "nümunə" göstərərək beş ermənini öldürdü, bir neçə erməni qızına təcavüz etdi. Sonralar məlum oldu ki, o, "Krunk" cəmiyyətinin fəal üzvlərindən imiş. "Paşa"nın cəza qruplarını talan və qətllər üçün yönəltdiyi ünvanlar isə "Krunk"a haqq ödəməyən ermənilərin mənzilləri idi.

Nədənsə üç gün ərzində şəhərdə sabitliyi bərpa etmək naminə heç bir tədbir görməyən keçmiş sovet hakimiyyəti yalnız dalğa yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə vəziyyət elan etdi. Bundan sonra komendant saatı və pasport rejiminin heç bir mənası yox idi. Amma görünür, bu, Moskvadan göndərilmiş istintaq qrupunun rahat işləməsi üçün lazım olub. Heç bir təqsiri olmayan minə yaxın azərbaycanlı şübhəli şəxs qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər mühakimə edildi. Dəstə başçısı Eduard Qriqoryana 12 il, dəstə üzvü Taleh İsmayılova isə 15 il həbs cəzası verildi. Əhməd Əhmədov isə ədalətsiz şəkildə güllələndi. İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq dövründə işgəncələrə dözməyərək təcridxana kamerasında özünü asdı.

Qriqoryanın arxasında dayanan qüvvələr onu hər vəchlə cəzadan qurtarmağa çalışırdılar. Təşkilatçılar "Paşa"nın əməllərini gizlədir, kimisə başçı kimi qələmə verirdilər. Çox çəkmədi ki, Sumqayıtda həbs edilib cinayət məsuliyyətinə cəlb edilən "Paşa"nı erməni lobbisinin və Moskvadakı havadarlarının köməyi ilə Azərbaycandan Stavropol diyarına ekstradisiya etdilər. Onu müdafiə edən erməni kütləvi informasiya vasitələri Qriqoryanın haqsız tutulduğunu yazırdı. Qatı cinayətkarın cəzası sonradan 9 ilə endirildi.

"Paşa" azsaylı müsahibələrində iğtişaşlara qoşulduğunu boynuna alsa da, cinayətkarlara rəhbərlik etdiyini danmış, adam öldürdüyünü etiraf etməmişdi. Halbuki qətlə yetirdiyi adamların qohumları və zorladığı qızlar hüquq-mühafizə orqanlarında üzləşmə zamanı cinayətlərin başında məhz onun durduğunu təsdiq etmişdilər.

Mərhum akademik Ziya Bünyadov yazırdı ki, "Qarabağ komitəsi"nin Sumqayıtda yaşayan üzvləri hadisələrdən bir qədər əvvəl əmanət kassalarında olan pullarını kütləvi surətdə çıxarmağa başlayıblar. Mindən yuxarı erməni dekabr-fevral aylarında 8 milyon 343 min 691 rubl pul çıxarıb Sumqayıtı tərk ediblər. Bu, bir daha sübut edir ki, Sumqayıt olayları qabaqcadan düşünülmüş, planlı bir aksiya idi. Daha sonra məqalədə cinayəti törətməkdən ötrü nə üçün məhz Sumqayıtın seçilməsinə aydınlıq gətirilir. O zaman 260 min əhalisi olan Sumqayıtda yaşayanların əksəriyyəti gənclər idi. Onlar əsasən rayonlardan axışıb gəlmişdilər və valideyn nəzarətindən uzaq idilər. Məhz belə gəncləri ələ almaq asan olardı. Bundan başqa, icbari iş almış 20 min dustaq da Sumqayıtda yerləşdirilmişdi. Cinayət üçün münbit şəraiti olan bu şəhərdə bir qığılcım bəs edirdi ki, aləm bir-birinə qarışsın. Bunu nəzərə alan düşmənlər Sumqayıtda qan tökməklə bütün dünyaya car çəkmək istəyirdilər ki, məhz azərbaycanlılar erməniləri dinc yaşamağa qoymur, onları fiziki və mənəvi cəhətdən məhv etmək istəyirlər.

İstintaq materiallarında qeyd olunur ki, həmin ərəfədə İsveçdən Artaşes Qabrielyan adlı bir erməni videokamera ilə Sumqayıta gələrək qabaqcadan planlaşdırılmış hadisələri lentə çəkmək üçün mövqe seçmişdi. O, lentə aldığı hadisələrə belə bir ad qoymuşdu: "Bizi başkəsənlərdən xilas edin". Həmin film xarici ölkələrdə fəaliyyət göstərən erməni mərkəzləri üçün nəzərdə tutulmuşdu. Aydındır ki, Qabrielyanın çəkdiyi kadrlar hansı məqsədləri güdürdü.

Bədnam qonşular onlara qarşı yönəldilən yeni "genosid"i operativ şəkildə xarici mətbuat səhifələrində işıqlandırıb xislətlərinə uyğun şəkildə ağlayıb qan-yaş tökdülər. "Azadlıq" radiostansiyasının erməni redaksiyasının baş redaktoru Eduard Ohanesyan həmin günlərdə dəridən-qabıqdan çıxır, Sumqayıt hadisələrini bəşər tarixində görünməmiş bir aksiya adlandırırdı. Ermənilər ölənlərin sayının 32 deyil, 500 nəfərdən çox olduğunu iddia edirdilər. İrəvanda təcili olaraq "Sumqait, genosid, qlasnost" adlı kitab nəşr olunub bütün ölkəyə yayılmışdı.

Sumqayıt hadisələrinə görə onlarca azərbaycanlı gənc uzunmüddətli həbsə atıldı. Bir nəfərə güllələnmə cəzası verildi. Əslində isə azərbaycanlı ailələr bir çox ermənini öz evlərində gizlətməklə "Paşa"nın cinayətkar dəstəsindən qorumuşdu. Şəhərin komendantı Moskvada çap olunan "Pravda" qəzetinin 21 mart 1988-ci il tarixli sayındakı müsahibəsində bu barədə demişdi: "Ölüm çox ola bilərdi, əgər yerli əhali kömək etməsə idi...".

Vaxtaşırı "Sumqayıt kartı"ndan istifadə edən ermənilər hələ də anlamırlar ki, Qorbaçov Qərbin SSRİ-ni dağıtmaq planının baş icraçısı idi və onları da separatizmə həvəsləndirmişdi. Nəticədə sovet imperiyası çökdü, Qorbaçov Nobel mükafatı aldı, "böyük Ermənistan" isə ermənilərin sadəcə yuxularında qaldı. Bu gün artıq "DQMV" və "Artsax" yoxdur, hay-küyçü haylar isə istintaq təcridxanasında xiffət çəkirlər.

Hazırladı:

Aiza ŞABANOVA,

"Respublika".