32-ci GÜN. RETROSPEKTİV
Tarix

32-ci GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, "32-ci gün" ötən ay ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 5 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 noyabr

  • Prezident İlham Əliyev İnqilab Günü münasibətilə Əlcəzair dövlət başçısını təbrik edib.
  • Prezident İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanını qəbul edib.
  • Azərbaycan Prezidentinin neokolonializmlə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.

2 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfərə gəlib.

3 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirak edib.
  • Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Türk liderlərini bir araya gətirən çağırış

Noyabrın 3-də Astanada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirildi. Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü çərçivəsində Astanaya gələn liderlər görüşün ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdilər. Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: "Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir". Azərbaycan və Türkiyənin regiondakı tarixi birliyi TDT-nin fəaliyyətinə yeni nəfəs gətirmişdir. Bunun nəticəsidir ki, təşkilata üzv olan digər türkdilli ölkələr bu birliyin timsalında qarşılıqlı əməkdaşlığı gücləndirirlər. Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi də buna əyani sübutdur. Beləliklə, ümumi dil, din, tarix və mədəniyyət amillərinə uyğun olaraq, həyata keçirilən digər layihələr türk dövlətləri arasında iqtisadi və siyasi qarşılıqlı əlaqələri dərinləşdirir, həmçinin təhlükəsizlik tərəfdaşlığının yaradılmasını məntiqə uyğun edir.

Mərkəzi Asiya türk dövlətləri ilə Azərbaycan arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Bu çərçivədə birgə sərmayə fondlarının yaradılması prosesinə də başlanılmışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması da bunun əyani təsdiqidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsində 40 faiz artım müşahidə olunur. TDT-də təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi qlobal miqyasda örnək göstərilir.

4 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın xarici işlər naziri Annalena Berboku qəbul edib.

5 noyabr

  • Beynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar.
  • XİN mina qurbanlarının sayının 337-yə çatdığını bildirib.

6 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşü olub.
  • Prezident İlham Əliyev Koreya Respublikasının Ticarət və Sənaye Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

7 noyabr

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada İsa bulağında olublar.
  • Azərbaycan Prezidenti və birinci xanım Şuşaya səfər ediblər
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşaya gəliblər. Səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar. Qeyd edək ki, yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılıb.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır mənzillərdə yaradılan şəraitlə, Şuşa şəhərində "Qızlar Gimnaziyası" tarixi abidə binasında həyata keçiriləcək işlərlə, eləcə də Heydər Əliyev Fondu tərəfindən Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olub, "Yasəmən" hotelinin açılışında iştirak ediblər.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Vəngli kəndində olublar.
  • Vaqif Xaçaturyana 15 il həbs cəzası verilib.

8 noyabr

  • Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər.
  • Xankəndidən dünyaya mesaj: heç bir qüvvə bizi təhdid edə bilməz
  • Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər. Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirindən bir neçə həftə sonra Zəfər Günü münasibətilə Xankəndidə keçirilən hərbi parad beynəlxalq müstəvidə maraqla qarşılanan və diqqətlə izlənən möhtəşəm tarixi hadisəyə çevrildi. Noyabrın 8-də Xankəndidəki paradda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının bir hissəsi nümayiş etdirilib. Prezident İlham Əliyev hərbi paradda çıxışı zamanı Azərbaycana yeni müharibənin lazım olmadığını deyib: "Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik".
  • Qalib dövlətimiz bu əraziləri separatçı ermənilərdən geri aldıqdan bir neçə həftə sonra Ermənistana və havadarlarına istənilən "qisas" ruhunun baş qaldırması ehtimalına qarşı xəbərdarlıq etdi. Dövlət başçısı bildirdi ki, biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik: "Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan bayrağı altında hərbi parad keçiriləcək".
  • Bu, hər bir azərbaycanlının gözlədiyi və qürurla, iftixarla yaşadığı unudulmayan an idi. İstər 44 günlük Vətən müharibəsindən, istərsə də lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan bütün Qarabağ üzərində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu, Azərbaycan tarixinə böyük və şanlı hadisə kimi həkk olundu. Zəfər Günü xalqımızın tarixində qürur, sevinc və qələbə günü olaraq qalacaq. Azərbaycanda Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən qeyd edilir. Həmin tarix 2020-ci ilin 44 gün davam edən və Azərbaycan ordusunun erməni separatçılarının nəzarətində olan əraziləri geri alması şərəfinə qeyd edilir.
  • Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə gəlib.
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
  • Azərbaycanda Zəfər atəşfəşanlığı keçirilib.

9 noyabr

  • Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
  • Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib.

10 noyabr

  • Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında çıxışı zamanı Ermənistanın xarici işlər nazirinin Azərbaycana qarşı əsassız və yalan iddiaları qətiyyətlə rədd edilib.
  • Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

11 noyabr

  • Azərbaycan dövlətinin Kahramanmaraşda yenidənqurma işləri görəcəyi ilə bağlı Saziş Türkiyədə qüvvəyə minib.

12 noyabr

  • Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib.

13 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edib.
  • XİN Fransa tərəfindən Ermənistana zirehli avtomobillərin göndərilməsini pisləyib.

14 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib.
  • Xarici İşlər Nazirliyi Cozef Borrelin Azərbaycan əleyhinə əsassız ittihamları ilə bağlı şərh yayımlayıb.

15 noyabr

  • Birinci xanım Mehriban Əliyeva "Fələstin üçün tək ürək" toplantısının iştirakçılarına müraciət ünvanlayıb.
  • Bakıda Dayanıqlı İnkişafa dair II Forum keçirilib.
  • Milli Məclis Azərbaycanla Türkiyə arasında sazişi ratifikasiya edib.

16 noyabr

  • Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlərə münasibət bildirib.

17 noyabr

  • Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib.
  • Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-ni rədd edib.

19 noyabr

  • İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfərə gəlib.

20 noyabr

  • Azərbaycan və İraq prezidentlərinin təkbətək görüşü keçirilib, mətbuata bəyanatlarla çıxış ediblər, Azərbaycan-İraq sənədləri imzalanıb.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda Konfransın iştirakçılarına müraciət ünvanlayıb.

21 noyabr

  • Azərbaycan Respublikası Prezidenti Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
  • Azərbaycan Prezidenti İlham Əliyev Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.
  • Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Əmək Nazirləri Konfransı işə başlayıb.

İslam dünyasının nəbzi Bakıda döyündü

Müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın müraciət etdiyi ilk platformalardan biri İslam Əməkdaşlıq Təşkilatı olmuşdur. Nəticədə Azərbaycan 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Qeyd edək ki, 28-30 iyun 2011-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyası zamanı İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunmuşdur.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri ölkəmizin sözügedən təşkilatla əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırmışdır. Mötəbər tədbirlərə evsahibliyi edən ölkəmiz beynəlxalq təşəbbüslər irəli sürməkdə davam edir. Noyabrın 21-də Bakı Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı öz işinə başladı. Tədbir çərçivəsində İƏT əmək nazirlərinin 5-ci konfransına sədrlik Azərbaycan Respublikasına həvalə olundu. Bununla bir daha İslam dünyasında Azərbaycana göstərilən etimad özünü doğrultdu.

Tədbir iştirakçılarına müraciət məktubu ünvanlayan ölkə başçımız qeyd edib: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Təşkilatın səylərini davamlı olaraq dəstəkləyir. Qlobal böhranların, bəşəriyyət qarşısında duran yeni sınaq və çətinliklərin, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsi, İslam birliyinin gücləndirilməsi olduqca vacibdir".

22 noyabr

  • Prezident İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib.
  • Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət nazirini qəbul edib.
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib.

23 noyabr

  • Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib.

24 noyabr

  • Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib.
  • Prezident İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşündə iştirak edib.

İqtisadi gücün təməli - birgə əməkdaşlıq

Noyabrın 24-də SPECA həftəsi çərçivəsində proqramın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü olub. Sammitdə Proqrama üzv olan ölkələrin prezidentləri ilə yanaşı, Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edib. Görüşdə çıxış edən ölkə başçımız bildirib: "Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir...". Qeyd edək ki, görüş çərçivəsində BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis edildiyi açıqlanıb. Ölkə başçımız bildirib ki, Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.

Proqrama üzv ölkələr müstəqil daxili və xarici siyasəti olan dövlətlərdir. Digər üzvlərlə yanaşı, respublikamızda güclü investisiya imkanları mövcuddur. Bunun nəticəsidir ki, Azərbaycanın birbaşa xarici borcu hazırda Ümumi Daxili Məhsulun təxminən 10 faizini təşkil edir. Son 20 ildə valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyib, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

Müstəqilliklərinin ilk illərində Proqrama qoşulan Mərkəzi Asiya ölkələri bu gün öz iqtisadi gücləri ilə dünyada seçilirlər. Şübhəsiz ki, Zirvə görüşü və bundan sonra baş tutacaq toplantılarda dövlətlərimizin rifahı üçün ciddi addımlar atılacaq.

25 noyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb.

26 noyabr

  • Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bir sıra ölkələrin əvvəlki kimi, Qarabağ ilə bağlı sabitliyi pozmağa çalışdıqlarını bildirib.

27 noyabr

  • ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
  • Prezident İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
  • Füzulidə daha 25 ailəyə evlərinin açarları təqdim olunub.

28 noyabr

  • Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb.
  • ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb.

29 noyabr

  • Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

30 noyabr

  • Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
  • Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə arasında sərhəddə görüş keçiriblər.

"Respublika".