Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 11-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

7 oktyabr

  • Bütün cəbhəboyu döyüşlər davam edib. Müdafiə Nazirliyi xəbər verir ki, düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralananlar var. Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb. Nazirlik işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndindən videogörüntülər yayıb.
  • m Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib: "Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir".
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib: "Türkiyə bizim üçün güclü müttəfiq, tərəfdaş və qardaş ölkədir. Əlbəttə ki, onların verdiyi bəyanatlar onların mövqeyini ifadə edir və biz bu dəstəyə görə Türkiyə hökumətinə, Türkiyə Prezidentinə və Türkiyə xalqına minnətdarıq. Lakin Türkiyə heç bir digər şəkildə bu münaqişəyə cəlb olunmayıb. Ermənistan mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmaq istəyir. Biz özümüz savaşırıq. Bəli, biz Türkiyədən silahlar alırıq, lakin biz təkcə onlardan almırıq. Bizim əsas silah təchizatçımız Türkiyə deyil. Yəqin bu barədə hər kəs bilir. Beləliklə, bizim müasir türk avadanlığını, o cümlədən döyüş dronlarını almağımız faktı heç kim üçün problem olmamalıdır. Çünki Ermənistan silahları pulsuz əldə edir. Biz onlara görə pul ödəyirik, Ermənistan pulsuz alır. Türkiyə heç bir digər şəkildə münaqişəyə cəlb olunmayıb".
  • Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulub. Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikasının siyahısını açıqlayıb, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Şəybəy kəndinin görüntülərini yayıb.
  • Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib. Qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. 1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus texnikaların videogörüntülərini yayıb.
  • Sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 60-dək hava hücumundan müdafiə vasitələri, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi məhv edilib. Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələri Ermənistan ordusu tərəfindən atəşə tutulub. Düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndidən çıxaraq ön xəttə doğru irəliləyib. Lakin ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb. Məlumatlara görə, "dəqiq" zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.

"Respublika".