Supergüclərin hibrid dünya müharibəsinə şahidlik edirik
Siyasət

Supergüclərin hibrid dünya müharibəsinə şahidlik edirik

ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa liderləri birgə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edərək HƏMAS-ın hərəkətlərini pisləyib və İsrailə tam dəstək ifadə ediblər. Vaşinqton artıq İsrailə hərbi yardım göndərməyə də başlayıb. İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf isə Təl-Əvivi qırğın törətməkdə günahlandıraraq, ölkəsinin fələstinlilərə dəstək verəcəyini bildirib. Çin Xarici İşlər Nazirliyi hər iki tərəfi təmkinli olmağa çağırsa da, müstəqil Fələstin dövlətinin yaradılmasının problemin həlli üçün fundamental əsas olduğuna diqqət çəkib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov da bənzər açıqlama ilə çıxış edib. Əslində, bu qütbləşmə yeni hesab oluna bilməz. Şərqi Avropadakı proseslərə də baxsaq görərik ki, Ukraynanı müdafiə edənlər eynilə İsrailin tərəfində olanlar, HƏMAS-ı dəstəkləyənlər isə Rusiyanın yanında dayananlardır. Siyasi şərhçi Turab Rzayev bildirir ki, Ukraynadan sonra İsrail cəbhəsində də eyni qütblərin qarşı-qarşıya gəlməsi hibrid dünya müharibəsinin getdiyinə işarə edir:

"Ukrayna müharibəsi yeni dünya savaşının başlanğıcı hesab edilə bilər. Çünki ilk dəfə bu müharibədə faktiki olaraq dünya şərq və qərb bloku olmaqla, iki qütbə bölündü. Şərq blokunda İran, Çin, Rusiya və müttəfiqləri bir araya gəldi. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada isə qərb blokunun çətiri altında birləşdi. Ukraynadakı savaşda tərəflər birbaşa döyüş şəraitində üz-üzə gəldilər. Düzdür, burada ABŞ və NATO ordusu açıq şəkildə döyüşdə iştirak etmədi, amma Ukraynanın silahlanmasında, hərbçilərə təlim keçirilməsində aktiv iştirak etdi. Şərqi Avropadakı bu xaos sonlanmamış yeni bir böhran baş verdi. Mən İsrail-HƏMAS arasındakı qarşıdurmanı Ukraynadakı vəziyyət ilə əlaqələndirirəm. Düşünürəm ki, Rusiyanın hədəfi müharibənin öz sərhədlərindən Yaxın Şərq regionuna keçməsi və bu minvalla bir növ dünyanın diqqətinin, eləcə də maliyyə, silah və media dəstəyinin Kiyevdən çəkilib, İsrail istiqamətində inkişaf etməsidir. Dünya Ukrayna müharibəsini sanki unudub. Şərqi Avropadakı savaş ikinci plana atılıb və dünya gündəmini hazırda İsrail və HƏMAS arasındakı müharibə tutur. Yeni qarşıdurmada İran açıq şəkildə HƏMAS-ı dəstəkləyir. Rusiya və Çin də sözügedən qruplaşmaya dolayı yolla dəstək verdiyini bildirdi. Belə ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Maltadakı qapalı toplantısından əvvəl açıq şəkildə bildirdi ki, tərəflər birmənalı olaraq İsraili müdafiə etməli və HƏMAS-ın hücumunu pisləməlidir. Amma iclasdan buna dair nəticə əldə olunmadı. Buradan da bəlli olur ki, alyansın 5 daimi üzvündən ikisi - Rusiya və Çin qərarın qəbuluna etiraz ediblər.

Buradan yola çıxaraq deyə bilərəm ki, hazırda Qəzza zolağında savaşın iki subyektindən başqa arxa planda duranların, müharibəyə dəstək verənlərin gücləri də ortaya qoyulur. Faktiki olaraq dünya müharibəsi gedir, amma burada supergüclər birbaşa deyil, daha çox digər dövlətlər və onların proksiləri üzərindən qarşı-qarşıya gəlirlər. Bu isə dünyanın siyasi xəritəsinin dəyişməsini zəruri edir".

Turab RZAYEV,

Siyasi şərhçi