Mükəmməl beynəlxalq dialoq formatı
Siyasət

Mükəmməl beynəlxalq dialoq formatı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi  dünyada aktual məsələlərin müzakirə olunduğu nüfuzlu platforma  kimi tanınır

Dünyada sülhün, birgəyaşayışın, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, eyni zamanda Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması, dünyada təbliği, eləcə də dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsində mühüm rol oynayır.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmişdir. Bakı şəhərində yerləşən mərkəz qarşıda qoyulan məqsədlərə nail olmaq üçün ətrafında nüfuzlu sabiq dövlət və hökumət başçılarını, həmçinin beynəlxalq ekspertləri birləşdirir. Ali idarəetmə orqanı dünyanın 20 nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvləri vardır. 2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizaminin poeziyası ilə təbliğ etdiyi dəyərləri özündə cəmləşdirən görkəmli şəxsiyyətlərə və qurumlara təqdim etmək üçün “Nizami Gəncəvi Beynəlxalq Mükafatı”nı təsis edib. Ümumilikdə mərkəz tərəfindən dünya üzrə 21 görkəmli şəxs bu mükafatı alıb. Nizami Gəncəvi Beynəlxalq Mükafatına həmçinin, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse- prezidenti Mehriban Əliyeva da layiq görülüb. Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. Bu günədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib. Hər bir forumda ümumilikdə 500-dən çox xarici qonaq iştirak edib. Bakı forumlarının hər birinin Prezident İlham Əliyevin himayəsi altında keçirilməsi, bəşəriyyət üçün önəmli məsələlərin Bakıda müzakirə olunması, əslində Azərbaycanın dünyadakı mövcud problemlərin həllində ön sıralarda olduğunu bir daha təsdiqləyir.

10 illik fəaliyyəti dövründə Azərbaycan, ABŞ, Çin, Andorra, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Fransa, İordaniya, İsrail, İsveçrə, İtaliya, İspaniya Latviya, Misir, Moldova, Polşa, Rumıniya, Türkiyə, Ukrayna, Vatikan və Yunanıstanda 9 Qlobal Bakı Forumuna, 24 Ali Səviyyəli Toplantıya, 10 Fakt Araşdırıcı Missiyaya və 20 Koordinasiya toplantısına evsahibliyi etmişdir. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə evsahibliyi edən mükəmməl əməkdaşlıq platformasına çevrilmişdir. Forumlarda müzakirə olunan mövzular uzun müddət beynəlxalq arenada diqqət mərkəzində olur. Bütün bunlar isə onu deməyə əsas verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın nüfuzlu şəxslərinin toplaşdığı və dünya üçün önəmli, çoxşaxəli, aktual məsələlərin müzakirə olunduğu beynəlxalq platformadır. Belə bir platformanın mövcudluğu Azərbaycan dövlətinin xarici siyasətində atılan ən uğurlu addımlardan biri olaraq yüksək dəyərləndirilir.

Mərkəz hazırda Podgoricki Klubu (Bosniya), Marianna V.Vardinoyannis Vəqfi (Yunanınstan), Quqenhaym (ABŞ), Çin İnnovasiya və İnkişaf Strategiyası İnstitutu (ÇXR), Çin Xalq Xarici İşlər İnstitutu (ÇXR), Taihe İnstitutu (ÇXR), Amerika Xarici Siyasət üzrə Milli Komitə (ABŞ), Berqqruen İnstitutu, Robert F.Kennedy İnsan Hüquqları (ABŞ), Schwarzman Alimləri (ÇXR), İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti (İtaliya), Dünya Sənət və Elm Akademiyası (WAAS) kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini hər zaman yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın siyasi, mədəni həyatında mərkəzin əhəmiyyətli rol oynadığını xüsusilə vurğulayır. Ölkə başçısı Vətən müharibəsi zamanı və müharibədən sonra Mərkəzin ərazi bütövlüyümüzə, haqq işimizə güclü dəstək verdiyinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu il ərzində Çində və Polşada həmin ölkələrin prezidentlərinin himayəsi altında keçirilən beynəlxalq konfranslarda, BMT Baş Assambleyası çərçivəsində ABŞ-da, Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Cenevrə ofisi və Berlində Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə təşkil olunan tədbirlərdə, həmçinin Yaponiyada baş tutan Texnologiya Sammitində və Latviyanın paytaxtında keçirilən “Riqa konfransı 2022”də tərəfdaş kimi çıxış edib. Beynəlxalq konfranslar və seminarlar keçirməklə bütün dünyada dözümlülük, dialoq və qarşılıqlı anlaşmanın öyrənilməsinə və inkişafına dəstək verən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi uğurlu fəaliyyəti ilə  bütün dünyanın üzləşdiyi qlobal problemlərin və çətin vəziyyətlərin həllində konsensusa və qarşılıqlı anlaşmaya nail olmaq üçün ən uğurlu beynəlxalq platformalardan biri kimi tanınmaqdadır.

Mustafa KAMAL,

“Respublika”.