Şuşa: böyük dirçəliş və qayıdış dövrü
Region

Şuşa: böyük dirçəliş və qayıdış dövrü

Həmin gün qədim Şuşa öz qonaqlarını, qalaya gələn turistləri duman çənlə, yağışla və bir də yasəmən çiçəkləri ilə qarşıladı. Şəhər dərin dərələrdən, dağların sinəsindən sürünüb gələn dumana bürünmüşdü, qədim tikililərin bəyazlıqdan sivrilib çıxan qüllələri, məscidlərin minarələri şəhərin bu sehrli aurasına xüsusi bir yaraşıq verirdi. Şuşa dünyada nadir məkanlardan biridir ki, burada gün ərzində dörd fəsillə üzləşirsən, ağ duman köçünü sürüb gedir, günəş şəfəqləri ətrafı nura qərq edir, bir qədər keçməmiş dağlar pəmbə buludlardan su içir, həzin bir yağış başlayır, az keçməmiş qəflətən hava soyuyur, sulu qar yağır. Ona görə də Şuşaya gedəndə mütləq bürüncək götürməlisən, çünki havaya bel bağlamaq olmur. Sıldırım qayaların üzərində, zirvəsi göylərə dəyən dağların ətəyində, təbiətin heyrətamiz gözəlliyi qoynunda, qədim tariximizin yadigarı Şuşa şəhəri ikinci həyatını yaşayır. Şuşanın təbiəti, əsrarəngiz mənzərəsi, möhtəşəmliyi insanları heyran edir, bu yerlərin gözəlliyinə rəng qatan flora və faunası həyat mənbəyidir, ilham çeşməsidir.

Bu ərazidə ən yüksək zirvə 2725 metr hündürlüyündə olan Qarabağ dağ silsiləsinə aid Böyük Kirs dağıdır. Keçəldağ aşırımı da Şuşa rayonunun inzibati ərazisinə daxildir. Burada müxtəlif növ bitki və ağaclar, Turşsu və Şırlan kimi keyfiyyətli mineral su mənbələri var. Şuşada yanvar ayında orta temperatur 4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16-19 dərəcə, illik yağıntı isə 700-800 mm olur. Qarqar çayı bu yerlərdən axıb keçir. Şuşanın şimal-şərqində Qarabağ dağ silsiləsinin yamacında yerləşən Çaxmaq meşəsi də bu diyarın nadir gözəlliyi hesab olunur. Kirs, Şırlan, Armudlu, Əylis, Çınqıllı, Quşçular, Malıbəyli meşələri, Zarıslı və Xəlifəli çayları boyu uzanıb gedən, dağların ətəklərinə qədər geniş bir sahəni əhatə edən ormanlar bu yerlərin gözəllik mənbəyi, əvəzsiz sərvətidir. Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınıb. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur olub. Keçmiş Sovetlər Birliyinin ən ucqar yerlərindən dünya şöhrətli kurort şəhəri kimi məşhur olan Şuşaya gələn turistlərin ən sevimli məkanlarından biri də əvəzsiz və füsunkar təbiətə malik əfsanəvi Cıdır düzü idi. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib. Əhalinin və turistlərin əsas istirahət yerlərindən olan Cıdır düzündə XX əsrin 80-ci illərində may ayında "Xarıbülbül" beynəlxalq mahnı festivalı keçirilirdi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən, Şuşanın bir rəmzi hesab olunan "Xarıbülbül" adlı çiçək bitir. May ayının axırları, iyun ayında çiçəkləyir. Bu nadir çiçəyə ən çox Cıdır düzündə, Topxana meşəsində, Üçmıxın zirvəsində, dağ yamaclarında, çay kənarlarında rast gəlinir. Bu endemik çiçək həm gözəldir, həm də müalicəvidir.

İşğal

İnsanlar kimi şəhərlərin də taleyi var. Sıldırım qayaların üstündə, dağların sinəsində şüşə kimi bərq vuran, uca yaradanın yer üzünə bir ərməğanı, Qarabağın incisi, Azərbaycan təbiətinin möcüzəsi Şuşa şəhərinin taleyi çox keşməkeşli olub, dəfələrlə yadellilərin hücumlarına məruz qalıb, işğal altına düşüb, əcdadlarımızın ruhu hopmuş bu yurd yerimiz bütün zərbələrə baxmayaraq, mənəvi dəyərlərimizə hakim kəsilib. Təbii relyefinə və qəlbimizdəki yerinə görə Şuşa ən ucalıqda yerləşir. Təəssüf ki, 32 il bundan əvvəl Şuşanı şüşə kimi sındırdılar, düşmənin murdar ayaqları altında inildədi, imdad dilədi, başı dumanlı dağlar qaş-qabağını salladı, ulduzlar daha orada sayrışmadı. Şuşaya əlimiz, ünümüz yetmədi. Tarixi mənbələrə görə, Şuşa şəhəri ermənilər tərəfindən üç dəfə - 1905-ci, 1920-ci və 1992-ci illərdə dağıdılıb, yandırılıb, bu sənət məbədinə ağır zərbələr vurulub. Strateji mövqeyi, təbiəti, gözəlliyi ilə Şuşa həmişə düşmənlərimizin gözünü qamaşdırıb. Azərbaycanda hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyünün xəyanəti, səbatsızlığı, xalqın, yenicə müstəqilliyini elan edən dövlətin maraqları deyil, kreslo və vəzifə uğrunda aparılan mübarizə nəticəsində Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri və onların havadarları tərəfindən işğal edilib. Rəsmi məlumata görə, Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və ya girov götürülüb. İşğal nəticəsində 22 min nəfərə yaxın azərbaycanlı məcburi köçkün düşüb. Şuşanın işğalı ermənilər üçün "böyük qələbə", azərbaycanlılar üçün "ən ağır itki" kimi qəbul olunub. Bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan yüzlərlə yaşayış binası, mədəniyyət və tarixi abidə olub. Ermənilər öz havadarlarına arxalanaraq Şuşada tarixi keçmişimizi, mənəvi yaddaşımızı silməyə cəhd göstəriblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər dağıdılaraq talan edilib, saxtakarlıqla erməniləşdirilməyə cəhd edilib. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini dağıdıblar. 29 il ərzində mənfur düşmən nə qədər çalışsa da Şuşanın ruhunu, görkəmini dəyişdirə bilmədi. Evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bulaqlar qurudulub, təbiətə vəhşi münasibət göstərilib, buna baxmayaraq, Şuşa öz milli ruhunu saxlaya bilib, onu silməyə düşmənin gücü çatmayıb.

Ümummilli lider Heydər Əliyevin dediyi Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibi olublar və Qarabağda Azərbaycan torpağının qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur sözləri gələcək nəsillər üçün bir vəsiyyət idi. Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Şuşa şəhərinin inkişafı uğurla davam etdirilib. 1977-ci ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Şuşa şəhərinin tarixi-memarlıq hissəsi qoruq elan edilib. Həmin dövrdə abidələr əsaslı şəkildə, çox həssaslıqla bərpa edilib, şəhərin tarixi görkəmi milli memarlıq ənənəsi ilə daha da zənginləşdirilib. Həmin illərdə Şuşada Dövlət Dram Teatrı, Şuşa televiziyası, Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, dörd texnikum, iki institut filialı, texniki peşə məktəbi, 25 orta məktəb, orta və orta ixtisas musiqi məktəbləri, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 17 klub, 31 kitabxana, 40 tibb müəssisəsi, 2 sanatoriya, uşaq sanatoriyası, uşaq sağlamlıq məktəbi, 70 yerlik turist bazası, mehmanxana, 5 mədəniyyət və istirahət parkı, 4 kinoteatr, ictimai iaşə obyektləri fəaliyyət göstərib.

Şuşa döyüşləri

Qocaman tarix heç zaman xəyanəti bağışlamayıb, xainlər öz cəzalarına çatıblar. Şuşanı şüşə kimi sındıranların özləri indi sınıblar, yerdən-yerə keçiblər, xain kimi damğalanıblar. Qarı düşmən həmişə xəyal edirdi ki, Şuşa əbədi olaraq onların kirli caynaqlarında qalacaq, bu qədim qalanı hər vasitə ilə erməniləşdirəcəklər, saxta, qurama tarix qondarıb dünyaya sırıyacaqlar, həm də öz xislətlərinə uyğun olaraq həmişə boş yerə lovğalanacaqlar. Son iki yüz illik tariximizin səhifələrində olduğu kimi düşmən yenə də yanıldı, azərbaycanlıların torpaq, yurd məhəbbətini, el-oba yanğısını nəzərə almadı, daha doğrusu, heç saya salmadı, bizə yuxarıdan aşağı baxdı, etnik nifrət zəminində bir qondarma erməni mifi düzəltdilər, sərsəm rəvayətlər uydurdular, otuz ilə yaxın aparılan danışıqlarda yalançı və hiyləgər mövqedə dayandılar. Eyforiyaya qapılan, illüziyalarla yaşayan ermənilər keçmiş təmas xəttində yaşayan dinc azərbaycanlıları atəşə tutur, onlara ziyan vurur, uşaqlara güllə atırdılar. Bir sözlə, cəzasızlıq onları qudurtmuşdu, eyni zamanda yaddaş sarıdan əziyyət çəkən haylar unutdular ki, Azərbaycan xalqı işğalla heç zaman barışmayacaq, Qarabağın və Şərqi Zəngəzurun xilaskarı, Qalib Ali Baş Komandan İlham Əliyev öz ordusu ilə düşmənin bütün təxribatlarına son qoyacaq, lovğa düşmən döyüş meydanında məhv ediləcək, başqalarının və himayədarlarının köməyinə arxalanan hayların ordusu darmadağın edilərək yerdən, yerə vurulacaq, güvəndikləri hərbi texnikaları Bakı şəhərindəki Qənimətlər Parkında nümayiş etdiriləcək. Qeyd edək ki, Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusunun bölmələri sıx meşələri, qayalıqları, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, 2020-ci il noyabrın 7-də ordumuzun xüsusi təyinatlıları şəhərin yerləşdiyi sıldırım qayalıqlara dırmaşaraq yüngül silah-sursat ilə düşmənin gözləmədiyi istiqamətdən Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən "İsgəndər" ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusunun xüsusi təyinatlıları erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın qədim, mədəni və böyük strateji əhəmiyyətə malik şəhəri olan Şuşanın işğaldan azad edilməsindən üç ildən artıq vaxt ötür. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan şanlı qələbə sevincini yaşayırıq. Ağlayan, kədərli gözlərimiz indi sevincdən, qürurdan, fərəhdən gülür. 28 ildən artıq bizi çiynimizdən aşağı basan, ürəyimizdən daş kimi asılan, kədərli gözlərimizin didəsində özünə yuva quran, qürurumuza və şərəfimizə əskiklik gətirən, erməni işğalı altında inildəyən Şuşa şəhəri rəşadətli Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı sayəsində əsarətdən qurtulub. Tarixi fakt budur ki, İkinci Qarabağ müharibəsini Azərbaycan əsgəri udub! İşğalçılardan azad edilən torpaqlar şəhidlərin qanı ilə suvarılıb, hər qarış Vətən torpağı üçün oğullarımız hünər göstəriblər, düşmənin keçilməz hesab etdikləri müdafiə xətlərini darmadağın edərək irəliləyiblər, uzun illər ərzində işğalda qalan torpaqlarda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Azərbaycan əsgərinin igidliyini bəzi ermənilər də etiraf ediblər. Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçü "İrəvan Today" kanalına verdiyi müsahibədə deyib:

- Onlar (Azərbaycan Xüsusi Təyinatlıları) ən çox gecələr, dumanlı və çiskinli havalarda gəlirdilər. Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi. 3-4 nəfərlə gəlib səngərdəki silahlanmış 20-30 erməni əsgərini öldürərək, gəldikləri kimi də yoxa çıxırdılar. Onları gecələr ova çıxmış ac canavara bənzədirdik. Üstümüzə gələndə pulemyotla vururduq, yıxılırdılar, bir az yerdə eşələnib sonra yenə qalxıb üstümüzə şığıyırdılar. Hətta özüm dəfələrlə şahidi olmuşam ki, bu gün öldürdüyümüz əsgər sabah dirilərək yenə üstümüzə gəlirdi. Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq. Çünki qaçmasaydıq ölümümüz mütləqiydi. Şuşa döyüşləri daha dəhşətliydi. Biz onları yoldan gözləyirdik, amma bir də ayıldıq ki, onlar artıq canavar sürüyə girən kimi içimizə giriblər, həm də yalın əllə. Çox dəhşətli bir döyüş idi. Erməni əsgərlərini dişləriylə parçalayırdılar. Xankəndiyə gətirilən meyitlərin əksəriyyətinin boyunlarındakı şah damarları dişlə qoparılmışdı.

Şanlı qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsi hərb tarixinin və zamanın fövqündə dayanır, çünki cəmi 44 günə düşmən Ermənistan ordusu darmadağın edildi, ermənilərin qürrələndiyi müdafiə xətləri qalib ordunun ayaqları altında qaldı, işğal altındakı torpaqlarımız azad edildi. Dost da, düşmən də modern, peşəkar, cəsur, qəhrəman Azərbaycan Ordusunun qısa müddətdə qazandığı uğurları gördü. Qalib Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, fədakarlığı, qəti mövqeyi, siyasət meydanında cəsarətli savaşı, ordusunun hünəri işğala birdəfəlik son qoydu, döyüş səngərlərində ləyaqətimiz və şərəfimiz bərpa edildi. Müzəffər Azərbaycan ordusu Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də misilsiz bir qələbəyə, tarixi bir Zəfərə nail oldu. Ürəyimizin, könlümüzün şüşəsi, ana təbiətin incisi, tariximizin bir parçası Şuşa şəhəri işğalçılardan azad edildi. Qəhrəman oğullarımızın dağı, daşı, sıldırım qayaları, ucu-bucağı görünməyən meşələri qət edərək qalaya daxil olması, əlbəyaxa döyüşlərlə erməni faşizmini məğlub etməsi düşməni və onların havadarlarını, sözün əsl mənasında şoka saldı. Hələ də ayılmayıblar.

Şuşa sürətlə dirçəlir

Şuşa işğaldan azad ediləndən sonra varisliyi şərəflə və böyük hünərlə davam etdirən Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa yenidən qoruq şəhəri elan edilib. Yaxşı ki, Şuşa Azərbaycanın ən çox sənədləşdirilmiş şəhərlərindən biridir. Fotoşəkillərdən tutmuş arxiv məlumatlarına qədər kifayət qədər materiallar var və bütün bunlar şəhəri əvvəlki görkəmində bərpa etmək üçün geniş mənbədir. Şuşada yeni binalar da inşa edilir. Yeni yaşayış binaları cari ilin sonuna qədər təhvil veriləcək və Dövlət Proqramına uyğun olaraq əhalinin köçürülməsi həyata keçiriləcək. Qala divarlarının böyük hissəsində və Cıdır düzünə aparan tarixi daş döşəməli yollarda bərpa işləri başa çatdırılıb. Ötən ilin yazında Heydər Əliyev Fondunun dəstəyi ilə məşhur Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı, Vaqif poeziya günləri, VIII muğam müsabiqəsinin final yarışması və digər beynəlxalq tədbirlər düşmənin Şuşaya vurduğu yaralara bir məlhəm olur, Şuşanın tarixi ruhunu, mədəni həyatını özünə qaytarır.  

Məkanı cənnət olan şəhidlərimizin qanı hesabına azadlığına qovuşmuş bu şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin məkanına çevrilir. Bu gün Şuşaya gələn insanlar 28 il ərzində törədilən erməni vandalizminin vəhşi izləri ilə yanaşı, Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin şahidi olurlar. Qeyd edək ki, Şuşada mühüm infrastruktur layihələri sürətlə və keyfiyyətlə həyata keçirilir. Təsdiq edilmiş plan əsasında, heç kimdən, heç bir dövlətdən bir manat almadan həyata keçirilən quruculuq işləri əvvəlcə həyat əhəmiyyətli sahələrdən başlayıb. İlk növbədə, Şuşaya yol çəkildi, sonra şəhərin enerji təsərrüfatı quruldu, eyni zamanda şəhərə suyun verilməsi təmin edildi. Uzunluğu 101 kilometr olan "Zəfər yolu" Şuşanı azad edən qəhrəman oğullarımızın cəsarətlə düşmən üzərinə getdiyi cığırların, sıx meşəliklərin, yarğanların yerində salınıb. Hazırda Şuşa şəhərinə gedən ikinci yolun, Əhmədbəyli-Füzuli-Şuşa yolunun inşası da davam etdirilir.

Şəhərin davamlı enerji ilə təmin edilməsi üçün qısa vaxtda 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyası istifadəyə verildi, "Şükürbəyli" yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkildi. Şəhəri müasir elektrik şəbəkəsi ilə təmin etmək üçün hazırlanan plana əsasən 35/04 kVt-luq 6 elektrik yarımstansiyası inşa olunacaq. Onlardan bir nömrəli transformator məntəqəsi, həmçinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi də təmin edilib. Bunun ardınca içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Şuşa şəhərində 800 və 1000 kubmetrlik anbarlar tikilib, Kirs-Şuşa magistral su kəmərinin 6 kilometrlik hissəsi polad borularla yenidən qurulub. Şuşa şəhərinin dayanıqlı və fasiləsiz su təchizatını təmin etmək məqsədilə alternativ mənbəyin yaradılmasına qərar verilib. Daşaltı kəndi yaxınlığında Zarıslı çayının yatağında bir bəndin, nasos stansiyasının və oradan Şuşa şəhərinədək 2,6 kilometrlik daşıyıcı xəttin tikintisi nəticəsində şəhərin ilboyu fasiləsiz su ilə təmin edilməsinə imkan verəcək. Şəhərin bərpası işləri çərçivəsində şəhərdaxili su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, çirkab suların təmizlənməsi üçün qurğunun tikintisi də aparılır. Bu qədim şəhər öz tarixinin yeni bir mərhələsinə qədəm qoyub. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri Prezident İlham Əliyevin tapşırığına və tövsiyəsinə uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun aparılır. Dövlətimizin başçısı bildirib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir və əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Şuşanın keşməkeşli tarixi artıq geridə qalıb, düşmənin dağıtdığı tarixi abidələr yenidən bərpa olunur, burada iri infrastruktur lahiyələr həyata keçirilir. Şuşa qonaqlarını qarşılayır, şəhər addım-addım  yenidən tikilir və bərpa edilir. Şuşanın memarlıq abidələri Azərbaycanın digər şəhərlərindən yaxşı mənada çox fərqlənir. Şuşa şəhərində olan memarlıq abidələrinin özünəməxsusluğu həm də ondan ibarətdir ki, onların tikiliş üslubu, eyni zamanda onların üzərində olan daş kitabələri bu şəhərin qədim Azərbaycan şəhəri olmasını özündə ehtiva edir.

Prezidentin Şuşa şəhərindəki xüsusi nümayəndəliyinin məsul işçisi İsmayıl İsmayılov əslən şuşalıdır. Şuşa işğal ediləndə onun 6 yaşı olub. Ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşayıb. Doğulduğu ata-baba evini ermənilər uçurublar. Şuşada işlədiyi üçün özünü xoşbəxt hesab edir. İsmayıl müəllim deyir:

- Şuşa həm də turizm məkanına çevriləcək, dağ havası, bal kimi suyu, təbii gözəllikləri, tarixi yerləri, qədim məhəllələri turistlərin axınına səbəb olacaq. Burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir. Artıq Şuşada "Xarıbülbül" otelinin, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin, eləcə də "Qarabağ" otelinin yenidənqurmadan sonra açılışı olub. Hazırda şəhərdə yeni beşulduzlu otelin inşası davam etdirilir. Bundan başqa, şəhərdə "Shusha Boutique Hotel" də fəaliyyət göstərəcək. Bunlardan başqa, şəhər meriyasının yanında yeni konfrans zalı inşa olunur. Prezident İlham Əliyev tərəfindən Şuşada yaşayış məhəlləsinin, yeni teleqüllənin, yeni məscidin və Daşaltı məscidinin təməli qoyulub. Hazırda 960  şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Keçmiş poçt binası memarlıq elementlərinə uyğun əsaslı şəkildə təmir olunacaq və burada "ASAN xidmət", DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək.

Öz tarixi görkəmini saxlamaqla həm də müasir bir şəhər yenidən gələcəyə sarı boylanır, inamla, qürurla. Şuşa yaxın zamanda öz əzəli sakinlərinə qucaq açacaq. Daha dağların başı dumanlı deyil, Şuşa Günəş şəfəqlərinə bürünür, xoşbəxt gələcəyə, firavanlığa doğru addımlayır. Şuşada aparılan genişmiqyaslı bərpa və təmir işləri xarici mütəxəssislərin də diqqətini cəlb edir. Bu barədə Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri, dünya irsi üzrə tanınmış ekspert Rey Bondinin "Times of Malta" qəzetində dərc olunan "Şuşa - xarabalıqlar içində olan mədəniyyət paytaxtı" başlıqlı məqaləsində deyilir ki, Azərbaycan öz mədəniyyət paytaxtını - xarabalığa çevrilmiş Şuşa şəhərini bərpa etmək əzmindədir. Şuşa Lüksemburqdan böyük olan regiondur və 30 ildən artıq Ermənistanın işğalı altında olub. Şəhərdə 18-ci əsrin ortalarından başlayaraq azərbaycanlılar tərəfindən tikilmiş gözəl memarlıq nümunələri var idi. Lakin indi onların əksəriyyəti mövcud deyil. Ermənilərin Şuşada törətdikləri vandalizmi, etnik nifrət zəminində törədilmiş dağıntıları mədəniyyət paytaxtında keçirilmiş "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf" mövzusunda beynəlxalq konfrans iştirakçıları da şahid olublar.

Sıldırım qayaların üstündə, minarələri buludlara baş çəkən, Qafqazın konservatoriyası, tariximizin bir parçası, havası can dərmanı, suyu diriliş cövhəri olan Şuşa qədim qala divarları ilə düşmənin başına od ələyən igidlərimizi qorudu, onları doğma övladı kimi öz sinəsinə sıxdı, ölməz ruhu ilə yağılara meydan oxudu. Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin və tariximizin ən şərəfli səhifəsidir. Cəsarətlə demək olar ki, Şuşa tarixin və təbiətin yaratdığı bir abidədir, canlı muzeydir, dünyada bənzəri olmayan yaşayış məskənidir. İşğal müddətində düşmən bu şəhəri nə qədər söküb-dağıtsa da, onun milli koloritini yox etməyə çalışsa da, daş kitabələrini özününküləşdirməyə cəhd etsə də ona gücü çatmayıb, qədim qalanın milli ruhunu yox edə bilmədi. Düşmən Şuşada ən ağır məğlubiyyətə uğradı, işğalçılar darmadağın edildi. Vətən müharibəsindən dərhal sonra Azərbaycan reallıqları dünyanın gözü qarşısında ortaya qoyuldu. Şuşa şəhərində böyük işlər həyata keçirilir və bu, möhtəşəm və sürətli quruculuq Şuşa şəhərinin baş planı əsasında aparılır. Qeyd etmək lazımdır ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb, Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Ardıcıllıqla, yüksək məharətlə, doğmalıqla görülən işlər Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə böyük əminlik yaradır.

Yuxarıda dediyimiz kimi, Baş plan əsasında bərpa edilən və yenidən qurulan Şuşanın keçmiş və müasirlik vəhdəti sıx bağlarla bir-birinə bağlanır, tarixi binalar qorunub saxlanır, abidələr ucaldılır, şəhərin mərkəzi yeni görkəm alır. Birinci mərhələdə Şuşada 23 yaşayış binası inşa olunacaq ki, onlar da üç, dörd və beş mərtəbədən ibarət olacaq. Bu da şəhər sakinlərinin tezliklə doğma Şuşaya qayıtmalarına imkan yaradacaq. Eyni zamanda Şuşa şəhərinin özünəməxsusluğunu onun coğrafi quruluşu və mövqeyi formalaşdırır. Şəhər bir tərəfdən təbii müdafiə səddi - qayalıq, digər tərəfdən vaxtilə müdafiə məqsədilə inşa edilmiş qala divarları ilə əhatə olunub. Mütəxəssislərin fikrincə, şəhərin memarlıq mühitini Seyidlər, Qurdlar, Culfalar, Quyuluq, Çuxur, Hacı Yusifli, Dörd Çinar, Saatlı, Mərdinli və digər bu kimi məhəllələrin ölçüləri, oradakı binaların mərtəbəliliyi, fasadları, istifadə edilən yerli materiallar, tağlı konstruksiyalar, həmçinin dam örtükləri, eyvanlar və digər memarlıq elementləri formalaşdırır. Şuşanın bərpası ilə bağlı qısa müddət ərzində böyük işlər görülüb. Şuşanın tarixi abidələrinin bərpası da sürətlə aparılır. Vaqifin məqbərəsi və ermənilər tərəfindən dağıdılan Vaqifin büstü bərpa edilib. Yuxarı Gövhər ağa, Saatlı və Aşağı Gövhər ağa məscidlərinin təmiri başa çatdırılıb. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Natəvan bulağı bərpa edilib. Bundan başqa, Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Şəhər Xəstəxanasının tikintisi davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır. "Qarabağ" oteli, Bülbülün Ev-Muzeyi bərpadan sonra istifadəyə verilib, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəli ucaldılıb.

İndi qədim Şuşa öz əzəli sakinlərini qəbul etməyə hazırlaşır, qala şəhərdə bərpa və quruculuq işləri sürətlə aparılır. 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Yaxın günlərdə Şuşa şəhərinə köç başlayacaq. Tarixi Zəfərimizin növbəti ildönümü ərəfəsində Şuşada bərpası başa çatan və təqdim edilən layihələrdən biri də "Yasəmən" otelidir. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınıb. Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlayıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb. Fond tərəfindən bərpa edilən binalar hazırda otel kimi istifadəyə verilib. "Yasəmən" otelinin eksteryer və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Dövlət başçısı və birinci xanım otelin həyətində yasəmən ağacı əkiblər. Qeyd edək ki, Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə "Qarabağ", "Xarıbülbül" otelləri, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub və artıq "Yasəmən" oteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik verir. Azərbaycan musiqisinin, adət-ənənəsinin, tariximizin, mədəniyyətimizin paytaxtı, əsrarəngiz, füsunkar gözəlliyi ilə hər kəsi heyran edən, hər daşı özü boyda bir tarix, salnamə və təbii muzey olan Şuşanın tarixi məkanları və abidələri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilir, Şuşada mədəni-kütləvi tədbirlər keçirilir. Fondun dəstəyi ilə məşhur Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı, Vaqif poeziya günləri, VIII muğam müsabiqəsinin final yarışması və digər beynəlxalq tədbirlər düşmənin Şuşaya vurduğu yaralara bir məlhəm olur, Şuşanın tarixi ruhunu özünə qaytarır.

Şəhərin mərkəzi meydanında yenidənqurma işləri ilə tanış olduğumuz vaxt  orada təmir-bərpa işləri aparan qrupun rəhbəri Rövşən Paşayev bildirdi ki, bir neçə gün sonra burada böyük tədbir keçiriləcək: "Biz mərmərlərin döşəməsi işini görürük. İki min kvadratmetr ərazinin təmiri ilə məşğuluq. 14 nəfər işçi qüvvəsi ilə gecə-gündüz növbəli çalışırıq. Onu da qeyd edim ki, tamet daşları Şuşanın yerli istehsalıdır. Bu ağ mərmərin üzərində yeriyəndə qarda, qışda, buzda adam sürüşmür. Hər cür hava şəraitinə dözümlüdür".

İlqar Əliyev əslən şuşalıdır, 6 yaşında ailəsi ilə birlikdə qalanı tərk edib. Uzun illərdən sonra İlqar Şuşaya qayıdaraq abadlıq işlərində çalışır. Əlbəttə, onun sevincini üz-gözündən hiss edirik. İlqar dedi:

- Şuşaya  gələn kimi evimizi axtarmağa çalışdım. Amma vəhşi ermənilər evimizi dağıdıblar. İndi öz doğma torpağımda işləyirəm. Bu mənim üçün böyük xoşbəxtlik və qürurvericidir. Şuşanın dirçəlməsində mən də iştirak edirəm. Əlimdən gələni edəcəyəm ki, Şuşa gözəlləşsin, təmiz olsun. Gələcəkdə dönüb geriyə baxanda ən azından görəcəyəm ki, şəhərin dirçəlməsində mənim də əməyim var.

Mayın 3-də Şuşaya gələn turistlərin sayı daha çox idi, onlar şəhərin müxtəlif guşələrini gəzir, bu qədim qalanın möhtəşəmliyi qarşısında heyrətlənir, haqlı olaraq sevinc hissləri keçirirdilər. Məşhur Vaqif məqbərəsinin qarşısında Rafiq Usubovla tanış olduq. Rafiq ürək sözlərini bizimlə bölüşərək dedi:

- Şuşaya ilk dəfədir ki, gəlirəm. Buranın gözəlliyi eşitdiyimdən də möhtəşəmdi. Uşaqlıq illərində atam həmişə Şuşa haqqında danışardı. Bu şəhər mənim üçün hər zaman çox maraqlı olub. İndi görürəm ki, Şuşanı sözlə təsəvvür etmək mümkün deyil. Həqiqətən də bu torpaqlar üçün can verməyə dəyərmiş. Qarabağlı kimi bu torpaqlara ayaq basmaq inanılmaz hisslərdir. Özüm Ağdamda anadan olmuşam. 11 yaşımdan ailəmizlə birlikdə məcburi köçkün düşmüşük.  Sevinirəm ki, torpaqlarımız işğaldan azad edilib. Ali Baş Komandana və Ordumuza təşəkkür

edirəm. Bütün şəhidlərə Allahdan rəhmət diləyir, qazilərə cansağlığı diləyirəm.

Cıdır düzündə Xarıbülbül festivalına hazırlıq işləri aparılsa da burada turistlərin sayı daha çox idi. Ağdaş rayonundan Şuşanı görmək arzusu ilə gəlmiş Habil Əhmədov dedi:

- Mən və həmyaşıdlarımın ömür yolu ağır illərdən keçib. Hər zaman qəlbimizdə bir qara nisgil var idi ki, bu ləkəynən necə ömrümüzü başa vuracağıq. Amma arzularımız qəhrəman oğullarımızın şücaəti sayəsində çin oldu. Sözün həqiqi mənasında, Şuşanın işğaldan azad edilməsi adama  yuxu kimi gəlirdi. Çünki ATƏT 30 il boyunca heç bir iş görə bilmədi. Amerika Birləşmiş Ştatları, Fransa ermənilərə havadarlıq edirdilər, bizim əksimizə qərarlar verirdilər. Prezidentimiz mümkün olmayanı etdi. Artıq Qarabağ bizimdir. Burada keçirdiyim hissləri bölüşmək mənim üçün çox çətindir. İndi buradan sıldırım qayalara baxıram, xüsusi təyinatlı qüvvələrimizin necə böyük igidlik, şücaət göstərdiklərini xəyalımda canlandırıram və qürur hissi keçirirəm.

Cıdır düzündə hərbi geyimli bir qadın diqqətimizi cəlb etdi...

Salman ALIOĞLU,

Musa BAĞIRLI,

Rauf İBRAHİMOV (foto),

"Respublika".