Şuşa geri qayıdan sakinlərini qarşılamağa hazırlaşır
Sosial həyat

Şuşa geri qayıdan sakinlərini qarşılamağa hazırlaşır

Mədəniyyət paytaxtımız Şuşaya Böyük Qayıdışın vaxtı bəlli olub. Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov deyib ki, Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir. Onun sözlərinə görə, yaxın 1-2 ay ərzində ailələrin köçü başlayacaq. İlkin mərhələdə Şuşaya 400-dək ailənin köçürülməsi nəzərdə tutulub.

On illər boyu davam etmiş işğaldan sonra şəhər böyük bir qovuşma anının astanasındadır. Məcburi köçkünlər artıq geri qayıtmağa hazırlaşır. Çoxdan gözlənilən Şuşaya köç tariximizdə mühüm mərhələ kimi yaddaşlarda qalacaq. Bu qayıdış təkcə torpaqların azad edilməsi deyil, həm də insanlarımızın azadlıq ruhunun təntənəsidir.

Otuz il boyu Şuşa düşmən tapdağı altında qalıb. Bir vaxtlar həyatla dolu, səsli-küylü küçələr doğma sakinləri geri döndükcə daha da canlanacaq. Soydaşlarımız evlərini tərk etməyə məcbur edilib, onlar doğma torpaqlarından didərgin salınıb. Ancaq bu günü, Böyük Qayıdışı səbirlə gözləyiblər. Şəhərin azad edilməsi yeni bir dövr üçün yol açıb. Qurtuluşdan sonra tikinti işləri sürətlə aparılır, artıq müharibənin yaraları sağalır. Dağıdılmış binalar əvvəlki görkəminə qaytarılır, yeni infrastruktur layihələri şəhərin küçələrinə təzə nəfəs gətirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçən il dekabrın 21-də Şuşa şəhərində bərpa-quruculuq işləri ilə tanış olub. Ölkə başçısı şəhərdəki 23 binadan ibarət ilk yeni yaşayış kompleksinin tikinti meydanında olub. Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov deyib ki, yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır, 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzillər sakinlərini gözləyir. Prezident İlham Əliyev ötən il dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə də tanış olub. Qeyd edək ki, Daşaltı kənd məscidinin təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Onilliklər əvvəl evlərini tərk etmək məcburiyyətində qalanlar öz yurdlarına qayıdır, xəyallarını gerçəkləşdirir. Bu, onların sarsılmaz dözümlülüyünün və qətiyyətinin sübutudur. Şuşa tezliklə əzəli sakinlərinə qovuşacaq, bu qədim şəhərdə yeni bir həyat başlayacaq.

Röya RÜSTƏMLİ,

“Respublika”.