Taleh Nəsibov: Azərbaycan milli komandasının Avropa çempionu olması ilə qürur duyuruq
MÜSAHİBƏLƏR

Taleh Nəsibov: Azərbaycan milli komandasının Avropa çempionu olması ilə qürur duyuruq

Avropa çempionatının qalibi olmaq sözlə ifadə edilməyəcək dərəcədə möhtəşəm hissdir. Azərbaycan milli komandasının Avropa çempionu adını qazanması ilə qürur duyuruq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının təsisçisi, "Azfar Group" şirkətlər qrupunun rəhbəri Taleh Nəsibov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, qitənin ən güclü komandalarından olan Rumıniyanı finalda məğlub etmək onlara unudulmaz hisslər yaşadıb: "Həlledici mərhələdə altıqat Avropa çempionu Rumıniya yığması ilə mübarizə apardıq. Komandanın əzmkarlığı nəticəsində bu böyük qələbəni qazandıq, Azərbaycan bayrağını ucaltdıq. Bizim üçün bundan böyük sevinc ola bilməz".

Taleh Nəsibov deyib ki, Azərbaycan Minifutbol Federasiyası ölkəmizdə bu idman növünün inkişafına və kütləviləşdirilməsinə böyük töhfə vermiş "Azfar Group" şirkəti tərəfindən (AMFA) təsis edilib: "Azərbaycanda Minifutbol Federasiyasının yaradılmasının əsas təşəbbüskarı "Zirə" futbol klubunun fəxri prezidenti Orxan Məmmədovdur. Azərbaycanlılardan ibarət və milli ruha malik komanda yaratdıq. Onun qoyduğu məqsədə doğru irəlilədik və düzgün idarəetmə quraraq parlaq qələbəyə nail olduq. Bu qələbə Azərbaycan xalqı, bütün futbolsevərlər üçün bayramdır. Ümid edirəm ki, uğurların davamı gələcək".

AZƏRTAC