Taleyimizi sınanmış Liderimizə etibar etdik
Siyasət

Taleyimizi sınanmış Liderimizə etibar etdik

Məlum olduğu kimi, 7 fevral növbədənkənar prezident seçkiləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbəsi ilə başa çatdı. Azərbaycan xalqı növbəti yeddi il üçün taleyini sınanmış Liderinə etibar etdi. Dövlət başçısı İlham Əliyev möhtəşəm qələbə qazandı. Builki seçkilərin özünəməxsus xüsusiyyətlərindən biri odur ki, vətəndaş fəallığı ən yüksək səviyyədə idi.

Seçki prosesi əvvəldən axıra qədər demokratik, milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə keçirildi. Bütün namizədlərə bərabər şərait yaradılmış, təbliğat-təşviqat işləri aparmaq üçün heç bir maneçilik törədilməmişdi. Həm xarici, həm də daxili müşahidəçilər tərəfindən qanun pozuntuları qeydə alınmamışdır.

Bilirsiniz ki, seçki nəticədir. Əsas məsələ namizədin şəxsiyyəti, nüfuzu, seçkiyə qədər keçdiyi həyat yolu, əldə etdiyi uğurlardır. Bu baxımdan, kimsə İlham Əliyevə alternativ ola bilməzdi. Hər şey gözlənildiyi kimi məntiqi sonluqla yekunlaşdı. İki yüz il ərzində itirdiklərimizi cəmi 44 günə geri qaytaran, xalqına qalib statusu qazandıran Lider layiqli qiymətini almalı idi. İyirmi illik zəhmət öz bəhrəsini verdi. Milyonlarla insan seçki məntəqələrinə gələrək, Müzəffər Ali Baş Komandana növbəti dəfə etimad göstərdi.

Bir məsələni də xüsusi qeyd etmək istərdim. Torpaqlarımız işğaldan azad olunandan, ələlxüsus, Xankəndiyə üçrəngli bayrağımız sancılandan sonra ölkəmizə qarşı bəzi qüvvələr tərəfindən təzyiqlər artıb. Ona görə də bu gün dünyaya nümayiş etdirilən milli birlik son dərəcə əhəmiyyətlidir. Milli birlik həmin qüvvələrə ötürülmüş güclü mesaj, xalqın öz liderinin arxasında olmasının sübutudur.

Daxildə isə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, sosial və infrastruktur layihələrin icrası, güclü ordu quruculuğu, Böyük Qayıdışın təminatı və s. deməkdir. Bu gün əsl bayramdır. Yaşasın qalib xalq! Yaşasın qalib Lider!            

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.