TARİX YARADAN ŞƏXSİYYƏT
Digər xəbərlər

TARİX YARADAN ŞƏXSİYYƏT

Təhsil millətin gələcəyidir. Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam.

Heydər ƏLİYEV,

Ümummilli lider.

Qaradağ rayonunun ərazisində fəaliyyət göstərən Cəbrayıl rayonu Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "TARİX YARADAN ŞƏXSİYYƏT" adlı tədbir keçirildi.

Tədbirdə  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü  Ceyhun Məmmədov,  Elm və Təhsil Nazirliyinin əməkdaşları - Rövşən Ağayev və Əhliyət Adıgözəlov, Cəbrayıl rayon təhsil sektorunun müdiri Zamiq Qurbanov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin  müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdilər.

Mərasimdən öncə iştirakçılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərimizə şəfa dilədilər. Sonra əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova ulu öndərimizin həyatı, hakimiyyətə gəlişi, fəaliyyəti haqqında tədbir iştirakçılarına dolğun məlumat verdi.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsini böyük tarixi hadisə adlandıraraq dahi şəxsiyyətin ölkənin inkişafında göstərdiyi müstəsna xidmətlərinin, parlaq və şərəfli həyat yolunun və dövlətçilik fəaliyyətinin daha yaxından öyrənilməsi üçün bunun böyük fürsət olduğunu qeyd etdi. Ulu öndərin Azərbaycanın bütün sahələrdə inkişafı üçün  göstərdiyi əvəzsiz xidmətlərini iştirakçıların diqqətinə çatdıraraq Heydər Əliyevin xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını vurğuladı.

Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafının prioritet sahə kimi mühüm yer tutduğunu vurğulayan millət vəkili təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarların, verdiyi tapşırıqların, irəli sürdüyü uzaqgörən konseptual fikirlərin və tövsiyələrin bu gün də Azərbaycanda təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini  verdiyini bildirdi.

Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyət Adıgözəlov Heydər Əliyevin Azərbaycan təhsilinin himayədarı olduğunu, bu sahədə çalışanlara, xüsusilə müəllimlərə həmişə diqqət və qayğı göstərdiyini xatırlatdı. Qeyd etdi ki, bu gün milli təhsil sahəsində qazanılan böyük nailiyyətlərdə XX əsrin 30 ildən artıq bir dövrünü öz qüdrətli çiyinlərində uğurla üçüncü minilliyə daşımış böyük şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Heydər Əliyev çıxışlarının birində qeyd edib ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətli inkişafının təmin edilməsidir. Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və hazırda dünya təcrübəsi də öyrənilməklə Azərbaycanda təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər görülür.

Daha sonra məktəblilərin ifasında vətənimiz Azərbaycana, ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeirlər söylənildi. Ulu öndərimiz haqqında tanınmış şəxslərin, dünya dövlətləri liderlərinin söylədikləri maraqlı fikirlər, eyni zamanda Heydər Əliyevin özünün tarixə düşmüş qızıl kəlamları, nəsihətamiz sözləri səsləndirildi. Dahi rəhbərin həyatından, fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

VII sinif şagirdi Hüseyn Quliyevin ifasında səslənən "Bayatı şiraz" muğamı, IV və VI sinif şagirdlərinin  ifasında səslənən "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək" mahnısı tədbir iştirakçılarında həzin, kövrək hisslər doğurdu. İbtidai sinif şagirdləri "Biz gənc Heydərçilərik" şüarı altında xalqın vətənpərvər oğlunun hər sahədə davamçısı olacaqlarını fəxrlə, iftixar hissi ilə qeyd etdilər. Yekunda şagirdlərin ifasında müstəqilliyimizə həsr olunmuş kompozisiya təqdim olundu və üçrəngli Azərbaycan bayrağı səhnədə qürurla dalğalandırıldı.

Tədbirin sonunda məktəbin ibtidai sinif müəllimləri Amalya Rüstəmova və Səbirə Həşimova, Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Məmmədova, fizika müəllimi Reyhan Yunisova, həmçinin şagirdlər tədbirin hazırlanmasında fəal iştirak etdiklərinə görə fəxri fərmanlarla təltif olundular. Tədbirdə iştirak edənlər məktəbin foyesində təşkil edilmiş guşədə şagirdlər tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış şəkil və eksponatlarla tanış oldular.

Rövşən AĞAYEV.