Tarixi ərazilərimizdə yaşamaq haqqımızdır
Sosial həyat

Tarixi ərazilərimizdə yaşamaq haqqımızdır

XX əsrin bəlası - Deportasiya

Qərbi Azərbaycanın Zəngəzur mahalı Qafan rayonunun Yuxarı Girətağ kəndində 1952-ci ildə anadan olan, Azərbaycan Tibb Universitetinin professoru Eldar Abbasovla doğma yurdumuzun bir parçası olan əzəli torpaqlarımızın tarixi, azərbaycanlıların kütləvi surətdə deportasiyası, bu günü və gələcəyi barədə xeyli söhbət etdik. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün xalqımızın haqq səsini ifadə edən məşhur "91-lər"dən biri və I çağırış Milli Məclisin deputatı seçilən həmsöhbətimiz bildirdi ki, Qərbi Azərbaycan mənim vətənimdir. Mən orada anadan olmuşam, uşaqlığım, gəncliyim o yerlərdə keçib. Dədə-babalarım orada yaşayıb. Neçə illərdir ki, tək mən yox, minlərlə insan vətən həsrəti çəkirik. Doğma yurda insan hər zaman can atır, o torpaqlara, əzəmətli dağlara, qayalara, saf havasına qovuşmaq istəyirik. 

Ermənistanın xalqımıza qarşı tarixən faşist siyasəti yeritdiyinə toxunan həmsöhbətim dedi ki, orada yaşayarkən bilirdik ki, ermənilərin uzun illər boyu apardığı siyasət etnik təmizləmə məqsədi daşıyır. Azərbaycanlıların təhsilinə ciddi nəzarət edir, erməni dilini öyrənmələrinə qarşı çıxırdılar. Çünki dil bilmək ünsiyyət yaradır. Onların hiyləgərliyi barədə məlumatın yayılmasını istəmirdilər. Bununla yanaşı, orta məktəbi bitirənlər üçün ali təhsil almaq çox çətin idi. Çünki o vaxt İrəvanda institutda Azərbaycan dilində təkcə bir pedaqoji fakültə vardı. Bu səbəbdən də gənclər təhsil üçün Azərbaycana gəlirdilər. Bununla da ali təhsil alan gəncin demək olar ki, geriyə yolu yox idi. Öz kəndinə yalnız müəllim kimi qayıda bilərdi. Başqa ixtisas sahibləri kimi, həkimləri də işə götürmürdülər. Beləliklə, zaman keçdikcə əzəli yurdumuzda ziyalı soydaşlarımızın sayı azalırdı. Orada qalanlar isə kənddə təsərrüfatla məşğul olurdular. Onları da müxtəlif yollarla sıxışdırır, didərgin salırdılar. Etnik təmizləmə siyasəti həyata keçirirdilər. Ermənilər tərəfindən bu siyasət uzun illər aparılsa da, vətən bizi daimi özünə cəlb edirdi. Çünki ora bizim torpaqlardı, bu hiss həmişə bizi ora çəkib. 1988-ci ildə başlayan son deportasiyaya qədər yurd yerlərimizə gedib-gəlirdik.

İlk dəfə 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyasına siyasi qiymət verildiyinə toxunan professor bildirdi ki, Azərbaycan rəsmi dövlət səviyyəsində bunun deportasiya, genosid, azərbaycanlılara və türklərə qarşı törədilən cinayət olduğunu bəyan etdi. Bundan sonra bu məsələ müxtəlif vaxtlarda beynəlxalq görüşlərdə müzakirə mövzusu oldu. Ancaq həmin vaxtlarda əsas məsələ keçmiş Qarabağ münaqişəsi idi.

Qarabağ problemi həll olunandan sonra Prezidentimiz İlham Əliyev bu vacib məsələni 2022-ci ildə dövlət səviyyəsində növbəti dəfə qaldırdı.

Ermənistanın Azərbaycana ərazi iddiasının, dövlətçiliyimizə təhdidin, bəzi böyük güclərin Ermənistan vasitəsilə həyata keçirmək istədikləri oyunların qarşısı Müzəffər Prezidentimizin qətiyyətli rəhbərliyi sayəsində ordumuzun yüksək döyüş rəşadəti ilə alındı.

Prezident İlham Əliyevin bu məsələyə ciddi yanaşması və Qərbi Azərbaycan konsepsiyasının hazırlanması günümüzün vacib məsələsidir. Çünki o torpaqlardan qovulanların sayı orada yaşayan ermənilərin sayından çoxdur. Tarixi qaynaqlar sübut edir ki, ermənilər Qərbi Azərbaycana yerləşdirilənə qədər həmin torpaqlarda yalnız azərbaycanlılar yaşayıb.

Qərbi Azərbaycan məsələsinə baxış tamamilə dəyişib, itirilmiş tarixi ərazilərimizdə yenidən yaşamaq haqqımızdır. Biz Azərbaycan Demokratik Cümhuriyyətinin sələfləriyik. Həmin vaxt Zəngəzur da bizim ərazimiz idi. SSRİ yaradıldıqdan sonra o ərazilərdə əhalinin rəyi öyrənilmədən erməni dövləti yaradılması beynəlxalq hüquq baxımından ağır cinayətdir.

Ölkəmizin ərazisində erməni separatizmi birdəfəlik ləğv edilib, indi əsas məqsədimiz Qərbi Azərbaycana qayıtmaqdır. Bunu beynəlxalq güclər də tam dəqiqliyi ilə başa düşürlər. Ümid edirəm ki, ermənilər də anlayacaqlar ki, inkişaf üçün qonşu dövlətlə sülh şəraitində yaşamalıdırlar.

Əzəli yurd yerlərinə tezliklə qayıdacaqlarına əmin olduğunu vurğulayan professor dedi ki, gecələr yuxumda da o yerləri görürəm. Babalarımızın ruhu bizi o torpaqlara səsləyir. Bir zamanlar imkan olanda o dağların kənardan da olsa, ziyarətinə gedərdim. Hərdən Ordubada gedib, oradan o dağlara baxandan sonra müəyyən qədər rahatlıq tapırdım. Heç olmasa dağları uzaqdan görüb havasını uda bilirdim. Zəngilan, Qubadlı azad olunandan sonra o ərazilərdən də torpaqlarımıza baxmışam. Doğma torpaqlarımıza ayaq basmaq isə ən böyük arzumuzdur. O torpaqlara qayıtmaq, bulaqlarından doyunca su içmək, o dağlarda gəzmək bizim haqqımızdır. Bir arzum da bu istəyi gənclərdə də oyatmaqdır. Vətənə qayıtmaq hissini onlara ən yüksək səviyyədə aşılamalıyıq. Prezidentin beynəlxalq səviyyədə o güclərə qarşı apardığı siyasət, xalq arasında olan yüksək nüfuzu və xalqımızın dövlət başçısına sonsuz inamı ümid verir ki, biz mütləq əzəli torpaqlarımıza qayıdacağıq. Düşmənlərimiz də yaxşı bilir ki, Azərbaycan daha əvvəlki səviyyədə deyil, gücü və monolit birliyi var, haqq yolunda inamla və ədalətlə mübarizə aparır.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".