Tarixi faktlara əsaslanan Qərbi Azərbaycan həqiqətləri
Digər xəbərlər

Tarixi faktlara əsaslanan Qərbi Azərbaycan həqiqətləri

Xalqımız 200 ilə yaxın müddətdə erməni vandalizminə, təcavüzünə məruz qalıb. Bu soyqırımının əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə "böyük Ermənistan" yaratmaq olub. Mənfur düşmən bu çirkin xülyalarını həyata keçirmək məqsədilə illər boyu mütəmadi şəkildə insanlarımıza, torpaqlarımıza qarşı vandalizm, aqressiya göstərib.

Bu günə qədər Qərbi Azərbaycan mövzusunda saysız-hesabsız kitablar, məqalələr, araşdırma yazıları dərc edilib. Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirir ki, Qərbi Azərbaycan tarixi Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra tarixçi alimlərin, A.A.Bakıxanov adına Tarix İnstitutunun alimlərinin əsas tədqiqat obyekti olub. Bu istiqamətdə son 30 ildə çox böyük işlər görülüb, əsərlər yazılıb, sənədlər toplusu nəşr edilib. Həmçinin Cəbi Bəhramov qeyd edib ki, 1993-cü ildə Tarix İnstitutu tərəfindən nəşr edilən 1 cildlik "Azərbaycan tarixi" kitabında ilk dəfə İrəvan xanlığı haqqında geniş material çap olunub: "Bu əsər ümumiləşdirilmiş əsər idi. İrəvan xanlığı haqqında geniş şəkildə məlumat verilib. 1998-ci ildə nəşr edilən 7 cildlik "Azərbaycan tarixi" kitabında isə ən qədim dövrlərdən tutmuş müasir dövrə qədər olan bütün materiallarda Qərbi Azərbaycanla bağlı faktlar yer alıb. Burada xüsusilə XIX-XX əsrlərə aid olan məsələlər, Azərbaycanın işğalı, ermənilərin köçürülməsi, vilayətin, İrəvan quberniyasının yaradılması, ermənilərin 1918-ci ildə İrəvan və ətrafındakı 9 min kilometrlik ərazilərin ermənilərə güzəştə gedilməsi, həmvətənlərimizə qarşı törədilən cinayətlər və s. haqda məlumatlar yer alır. Bundan sonra 2007-ci ildə Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildinin tarix bölməsində Qərbi Azərbaycanla bağlı, həmin əhalinin deportasiyası öz əksini tapıb. Həmçinin həmin ildə yayımlanan atlas və xəritələr dərc edilib, hansı ki, orada bu torpaqların ermənilərə necə verilməsi məsələsi əks olunub. Ümumilikdə sənədlər toplusu azərbaycanlılara qarşı törədilmiş soyqırımı, həmçinin İrəvan quberniyasında, Zəngəzurda törədilmiş cinayətlər ayrıca monoqrafiya, həm də toplu şəkildə rus, ingilis və Azərbaycan dilində çap edilib.

Son illərdə İrəvan quberniyasının, xanlığının, hakimiyyətdə olan sülalələrinin tarixi, bununla yanaşı, Zəngəzur tarixi artıq yazılıb və təhvil verilib. Prezidentin 24 dekabr 2022-ci ildə keçirdiyi görüşdən sonra Elmlər Akademiyasında, Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbələri yaradılıb və qısa müddətdə çox böyük həcmdə işlər görülüb. Artıq burada 3 məqalə hazırlanıb və təqdim olunub. Bundan əlavə, Qərbi Azərbaycanın xəritəsinin, məqalələrinin hazırlanması strukturu artıq tərtib edilib.

1929-cu ildə nəşr edilən İrəvan xanlığı, Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı monoqrafiya 8 dilə tərcümə olunub. Bu, həm də dövlət mükafatına layiq görülüb. İndi isə bu məsələlərin həm tarixi, həm də hüquqi tərəfi araşdırılır. Mütləq şəkildə qeyd etməliyik ki, Azərbaycan xalqının birinci növbədə təməl hüququ, legitimlik hüququ pozulub. Bu, o deməkdir ki, Azərbaycan xalqının qədim zamandan burada məskunlaşdığı, formalaşdığı, inkişaf etdiyi ərazilər işğal olunub, torpaqlar ikiyə bölünüb və həmin əraziyə burada yaşayan insanlara düşmən zümrə köçürülüb. Beynəlxalq hüquq sistemində bu, yolverilməz sayılır. Ona görə də biz bu məsələni həm tarixi, həm də hüquqi nöqteyi-nəzərdən araşdırırıq.

Töhfə SƏMƏDOVA,

"Respublika".