Tarixi məkanımızın həsrətindəyik
Digər xəbərlər

Tarixi məkanımızın həsrətindəyik

Göyçə mahalının hər qarışında türkün böyük tarixinin izləri yaşayır. Qutsal torpaqları olan bu məkan 35 ildir ki, yad əllərdə, erməni daşnaklarının tapdağı altındadır.

Göyçənin Basarkeçər rayonunun zənginliyi, təbii mənzərələri, maddi sərvətləri heç vaxt xəyalımızdan silinməyəcəkdir. 1988-ci ildə biz əzəli yurd yerimiz olan Göyçəni itirmişik.

Qərbi Azərbaycanın bir parçası olan ulu Göyçədə, Basarkeçərdə XX əsrin müxtəlif illərində haylar analoqu olmayan qırğınlar törətmiş, insanlar amansızlıqla qətlə yetirilmişdir.

Azərbaycanda və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Göyçə mahalı bütünlükdə bolşeviklər tərəfindən Ermənistan SSR-ə verilib. Elə o günlərdən də Basarkeçər rayonunda yaşayan soydaşlarımız 1988-ci ilin sonuna kimi müxtəlif yollarla ermənilər tərəfindən vətənlərindən köçməyə məcbur edildilər.

Basarkeçər rayonunda tarix boyu həmişə azərbaycanlılar yaşamışlar. Ermənilərin ayağı bu torpaqlara XIX əsrin birinci rübündə, yəni çar Rusiyası Cənubi Qafqazı işğal edəndən sonra dəymişdir.

1918-ci ilin Novruz bayramı ərəfəsində Stepan Şaumyan tərəfindən göndərilən quldur dəstələri Basarkeçəri də dövrəyə aldılar. Polkovnik Silikyanın başçılıq etdiyi dəstə ilk dəfə Göyçə gölünün sahilində yerləşən Şişqaya kəndinə daxil oldu. "Sarı nər" dağında pusquda duran Şişqayanın qorxmaz, polad biləkli oğulları ermənilərlə üz-üzə gəldi. Ermənilər hiyləyə əl atdılar. Onlar kənd sakinlərinə təklif etdilər ki, danışığa gəlib qırğını dayandırsınlar. Bu məqsədlə Şişqaya sakinlərini ermənilər barışıq adı ilə böyük bir mal tövləsinə yığdılar. Sonra isə qapılar qıfıllandı, bir neçə yerdən tövləyə od vurulub yandırıldı. Bu qırğından tək-tək adamlar xilas ola bildi.

 Daha sonra ermənilərin quldur dəstəsi Basarkeçərin Kiçik Məzrə, Subatan, Qamışlı və digər kəndlərində də qırğınlar törətdi.

Silikyanın dəstəsi böyük kənd olan Zoda daxil oldu. Səməd ağadan tələb etdilər ki, onlar şərtsiz olaraq ermənilərə ət, taxıl, un və digər ərzaq məhsulları versinlər. Səməd ağa Göyçənin tanınmış insanları ilə təcili məsləhətlər apardı. Onlar Silikyanın tələbləri ilə razılaşdılar və çağırılmamış qonaqların şərəfinə böyük məclis quruldu. Qazanlar asıldı, süfrəyə növ-növ şərablar düzüldü. Beyinlər qızdı, ermənilər çırtıq vurub oynadılar. Səməd ağanın bir işarəsi ilə pəncərələrdən ermənilər atəşə tutuldu. Onlar son nəfərinədək məhv edildi.

Bu hadisə Ermənistan rəhbərlərini və Bakıda müsəlmanlara divan tutan Stepan Şaumyanı şok vəziyyətinə saldı.

Çox keçmədən Basarkeçərə əlavə erməni quldur dəstələri göndərildi. Azərbaycanlılara qarşı qırğınlar törədildi. Ermənilər daşkəndli Aşıq Nəcəfin belinə qaynar samovar bağladılar. El sənətkarı amansızlıqla qətlə yetirildi. Basarkeçərin müsəlman əhalisi qışın boranlı-çovğunlu günlərində Kəlbəcər və Gədəbəy istiqamətində Göyçəni tərk etməli oldular.

Basarkeçərin qaçqın əhalisinin bir hissəsi Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra ata-baba ocaqlarına döndülər.

Ermənilər XX əsrin birinci yarısında Qərbi azərbaycanlılara qarşı qərəzli mövqelərini davam etdirmiş, 1948-1953-cü illərdə İ.Stalin, Molotov və digər ermənipərəst qüvvələrin satqınlığı nəticəsində 150 min nəfər soydaşımız öz ata-baba yurdlarından Kür-Araz ovalığına köçürülmüşdür. Köçürülmə Göyçənin Basarkeçər rayonundan da yan keçməmiş və doğma kəndim Zoddan bir çox ailələr məcburən keçmiş Xanlar rayonunda məskunlaşmışdır.

1988-ci ildə azğınlaşmış ermənilər yenidənqurmanın qanadları altına sığınaraq Qərbi azərbaycanlılara qarşı mənfur daşnak siyasətinin ən qəddar variantını həyata keçirməli oldu. 1988-ci ilin fevralından noyabr ayına qədər Ermənistandakı azərbaycanlılar çox böyük amansızlıqla üzləşdi. Nəhayət, onlar sonuncu nəfərə qədər əsrlər boyu yaşadıqları torpaqları tərk etdilər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qovulub çıxarılması prosesi başa çatdı və Azərbaycan Ermənistan boyda bir torpaq, 2 minə qədər kənd və qəsəbə, yüzlərlə abidə itirdi.

2020-ci ildə qüdrətli Azərbaycan ordusu cəmi 44 gün ərzində 30 ilə yaxın erməni tapdağı altında olan tarixi ərazilərimizi haylardan azad etdi, Paşinyan və onun ordusu ağır məğlubiyyətə uğradı, "dəmir yumruq" Ermənistanı silkələdi.

Artıq xeyli vaxtdır ki, Zod kəndindəki ermənilər isə səksəkə içərisində yaşayırlar.

Ermənilər yaxşı bilirlər ki, gec-tez Qərbi azərbaycanlılar öz əzəli torpaqlarına dönəcək, heç bir qüvvə onların qarşısında duruş gətirə bilməyəcək.

Əlvan MƏMMƏDOV,

Gəncə şəhəri, iş adamı.