Tarixi missiyanı yerinə yetirənlərə tarix özü haqq qazandırır
Siyasət

Tarixi missiyanı yerinə yetirənlərə tarix özü haqq qazandırır

Qalib Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə xalqımıza ədalətli, parlaq və qəti qələbə sevincini yaşatdı

Maddi gerçəklik, ictimai həyat hadisələri sonsuz və tükənməz olduğu kimi, hər bir dövlətin, şəhərin, kəndin, xalqın və hətta fərdi insanın belə yaşadığı həyat, hadisələr də müxtəlif və zəngindir. Bu sonsuz müxtəlifliyin və zənginliyin arasında tarixləşən, tarixdə qalan hadisələr isə sonlu və məhdud saydadır. Hər bir salnaməçi, tarixçi gerçəkliyi, real həyatı bütün zənginliyi, təfərrüatı ilə deyil, ümumiləşmə, abstraktlaşma səviyyəsində əks etdirir. Buraya isə xalqların, dövlətlərin, bütövlükdə bəşəriyyətin təkamülü proseslərinə səbəb olan, planetar düzəni dəyişdirən, bəşər tarixində həqiqətən iz qoymuş ən önəmli hadisələr daxil olur. Belə hadisələr də bütün təfsilatı və təfərrüatı ilə deyil, gələcək nəsillər üçün kəsb etdiyi əhəmiyyət qədərində ümumiləşdirilmiş halda xronoloji düzümdə təsvir və təqdim olunur.

Müasir dövrdə tarixin predmeti konkretləşərək sivilizasiyanın, siyasətin, diplomatiyanın, müharibələrin, mədəniyyətin, elmin, dinin və s. tarixlərinə çevrilmişdir. Dövlətlərarası münasibətlər, müharibələr bəşər tarixini yazan əksər tarixçilərin əsas predmetidir. Müharibələr xalqların və ya millətlərin davamlı, fasiləsiz, kəsilməz inkişaf yolunda əngəllər, maneələr yaratmaqla əsasən dağıdıcı rol oynayır. Beləliklə də müharibələr tarixin kəsilmə dövrlərinə aid edilir. Lakin həmin kəsilmə müddəti kiçik olduqda tarixin kəsilməzliyi demək olar ki, pozulmur. Yeri gəlmişkən, qeyd edək ki, böyük kəsilmə dövrləri bir xalqın, ölkənin öz inkişaf yolundan ayrılıb, kənarlaşdırılıb başqa ölkənin təsirinə düşməsi, yad iradəyə tabe etdirilməsi zamanı baş verir. Nəticədə tarixi yaddaşın və ənənələrin qismən və ya tamamilə itməsi yaranır.

Fərddən vətəndaşa...

Ənənəvi inkişaf yolundan ayrıldıqdan sonra əvvəlki ictimai inkişaf yoluna qayıdış prosesində ən çətini dövlətçilik ənənələrinin bərpa olunması, məhz insanlarda dövlətçilik şüurunun formalaşdırılması və ya inkişaf etdirilməsidir. Dövlətçilik ənənələri insanların milli özünütəsdiq imkanı kimi qərarlaşmış, əsasən şüurlarda olan mənəvi-tarixi bir prosesdir. Bu proses tək özü üçün yaşamayıb, ümumi inkişaf naminə fəaliyyət göstərməyi, xalqa, millətə, milli dövlətə bağlı olmağı, bir sözlə, fərddən vətəndaşa çevrilməyi, hüquqi müstəvidə isə formal olaraq vətəndaşlıq pasportu almaqla rəsmiləşməyi ehtiva edir. Həm də bu təfəkkür etnik-milli hissdən, milli özünüdərkdən yüksəkdə durur.

Öz hüquqlarını dərindən dərk edən vətəndaşları olan dövlətin və ya məmləkətin gücü barədə ulu öndər Heydər Əliyevin dedikləri əvəzsiz olduğu üçün onu xatırlamaq yerinə düşər: "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar".

Azərbaycanda dəfələrlə qırılan və yenidən bərpa olunan dövlətçilik ənənələrinin, dövlətçilik təfəkkürünün qədim tarixi vardır. Bu tarixi proseslər zamanı dövlət qurumları arasında mövcud olan milli-mənəvi, mədəni varislik dövlətçilik ənənələrinin nisbi kəsilməz mənzərəsini yaratmaqla onu bütöv proses kimi qiymətləndirməyə imkan verir.

Güclü dövlətin olmasını məqsəd deyil, vasitə hesab edən ümummilli liderin rəhbərliyi ilə ötən əsrin sonlarında bütün atributlara malik güclü dövlət quruculuğuna başlandı. Ölkəmizdə dövlət yaradıcılığı ilə yanaşı, dövlətçiliyin inkişafı sahəsindəki daha böyük xidmətlər dərin qatlarda olduğundan çox vaxt həmin işlər ilk zamanlarda hiss olunmur.

Dövlətçilik şüurunun inkişaf etməsini, vətəndaşlıq duyğularının formalaşdırılmasını bu sahədə əsas fəaliyyət istiqaməti hesab edən Heydər Əliyev "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" deməklə dövlət işini ümumxalq işinə çevirməyi bacardı.

Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələr, gedən ictimai-siyasi proseslər sürətlə bir-birini əvəz etməklə fikirləri, düşüncələri çox böyük fərqlə üstələyirdi. Kortəbii prosesləri qiymətləndirmək, optimal həll istiqamətini müəyyənləşdirmək, uyğunsuzluqda nizam yaratmaq, hadisələri qabaqlamaq dövlətçilik intuisiyasına malik nadir şəxsiyyətlərə və siyasi liderlərə xas olur. Həmin dövrdə ölkəmizin bir spesifik problemi də o idi ki, inkişaf etmiş ölkələrin əsrlərlə keçdiyi yolu çox qısa bir zamanda keçməli idik. Bütün bu proseslər ictimai şüurla sıx bağlı olduğundan dəyişikliklərin təkamül yolu ilə tədricən həyata keçirilməsi vacib idi. "Siyasi şüurluluq"la "siyasi fəallıq" arasındakı kəskin fərqin olması psevdosiyasi meyilləri gücləndirirdi. Bunun qarşısı isə dövlət quruculuğunun bütün istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyət sahələrində milli maraqlara söykənən müstəqil dövlət siyasətinin həyata keçirilməsi ilə alına bilərdi.

Ötən əsrin sonlarında yaranmış beynəlxalq maraqları və ictimai rəyi dəyişdirmədən Qarabağ probleminin ədalətli həlli mümkün deyildi. Bu mənzərəni dəyişdirmək üçün isə kiçik, regional problemlərə böyük coğrafi-siyasi xəritələr kontekstində baxa bilən, yüksək təfəkkürlü, siyasi təcrübəli, qeyri-adi qərarlar qəbul edə bilən Heydər Əliyev dühası lazım idi.

Bu sahəyə böyük önəm verən ulu öndər Heydər Əliyev milli təhlükəsizliyin, dövlət müstəqilliyinin qorunmasını siyasi, iqtisadi və mədəni-mənəvi istiqamətlərdəki fəaliyyətlərin də başlıca məqsədi hesab etməklə iqtisadi təhlükəsizlik üçün təminat yaratdı. Milli iqtisadi potensialdan səmərəli istifadə üçün xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlbinə şərait formalaşdırdı.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

Bu fikirləri zamanında söyləyən ümummilli lider yaxşı bilirdi ki, dövlət təhlükəsizlik sistemi ilk baxışda fərdlərin yox, məhz dövlətin iqtisadi maraqlarından çıxış etməyi nəzərdə tutur. Böyük siyasətdə manevr etməklə regionun coğrafi-siyasi xəritəsində iqtisadi maraqların intensivliyini dəyişmək, supergüc ölkələrini ermənipərəstlikdən, merkantil maraqlara söykənən erməni "sevgisi"ndən uzaqlaşdıraraq iqtisadi maraqlar müstəvisinə dəvət etmək böyük güc, iradə, siyasi məharət və təcrübə tələb edirdi. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan layihəsi, Böyük İpək Yolunun bərpası strategiyası və digər beynəlxalq neft-qaz müqavilələri bu böyük ideyaya xidmət edən və fundamental əsaslara söykənən, öncədən düşünülmüş vahid qlobal strateji layihənin elementləri idi. Ulu öndər bu keyfiyyətləri ilə həmin illərdə ölkəmizin ən böyük problemi olan cəlb olunduğumuz müharibənin həllinin iqtisadi gücsüz mümkün olmadığını bilərək problemi beynəlxalq iqtisadi maraqlar müstəvisinə transfer etdirməyi bacardı. ABŞ-ın sabiq Prezidenti Bill Klinton həmin dövrdə yazırdı: “Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan firavan gələcəyin bünövrəsini qoymaqdadır”.

Həmin illərdə ölkəmizdə qanunçuluq, asayiş və əmin-amanlıq bərpa olundu, vətəndaş cəmiyyəti formalaşdırıldı, iqtisadi və sosial islahatlar həyata keçirildi. Digər daha böyük problemlərin həlli üçün isə ilkin şərt məhz güclü dövlətin olması idi. Güclü dövlət isə Heydər Əliyev üçün məqsəd deyil, vasitə idi. Güclü dövlətin yaradılması, sosial-iqtisadi təminat, mənəvi mütəşəkkillik hərbi-siyasi nailiyyətlər üçün baza rolunu oynayır. Böyük siyasi intuisiyaya malik şəxsiyyət mürəkkəb proseslərə müxtəlif rakurslardan yanaşma qabiliyyəti ilə dövlətçilik problemlərinin müxtəlif aspektləri arasında optimal nisbəti nəzərə alaraq təkamül yolu ilə inkişaf üçün zəmin hazırladı. Dövlət təhlükəsizlik sisteminin yaradılmasında ordu quruculuğu əsas istiqamətlərdən biridir. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının milli ordusunun respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etməli olduğunu qeyd edərək demişdir: "Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir".

Aydındır ki, iqtisadiyyatın inkişaf yolu, iqtisadi münasibətlər sisteminin xarakterinin dəqiqliklə və düzgün müəyyən edilməsi iqtisadi təhlükəsizlik üçün təminat yaradır. Buna görə də bu sahədə ana xətt, ilk növbədə, Azərbaycanı böyük ölkələrin iqtisadi maraq dairəsinə daxil etmək idi. Nəticədə yerli iqtisadiyyata böyük sərmayələr cəlb ediləcəkdi. Böyük dövlətlər ancaq bu yolla ölkəmizdə sabitliyin təmin olunmasında maraqlı olacaqdılar.

Tarixi şəxsiyyət Heydər Əliyevin öz nüfuzundan istifadə edərək çox mühüm olan sabitliyi təmin etmək istiqamətindəki səylərini yüksək qiymətləndirən BP şirkətinin o zamankı Prezidenti Con Braun demişdir: "Regional sabitlik sərmayə qoymaq istəyən hər bir insanın beyninə həkk olunmuş bir şeydir". Yeri gəlmişkən, qeyd edək ki, bu il sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul etdi. Həmin görüşdə 1994-cü il "Əsrin müqaviləsi"nin imzalanmasında iştirak edən Con Braun da vardı. Lord Con Braun o çətin dövrdə məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi sayəsində investisiya qoyuluşu üçün mövcud risklərin dəf edildiyini, beləliklə, bunun nəticəsində bu mühüm müqavilənin imzalandığını böyük məmnunluqla xatırladı və ümummilli liderlə olan xatirə fotosunu dövlətimizin başçısına təqdim etdi.

Uzaqgörən siyasətin əsas vektoru bəlli olur: supergüclərin, xarici şirkətlərin mənafeləri, maraqları bizim haqlı mövqeyimizlə - regionda sabitliyin və ədalətin bərpası ilə üst-üstə düşür. Bununla da siyasət ustadı böyük dövlətləri, iri beynəlxalq şirkətləri ermənipərəstlikdən yayındıraraq iqtisadi maraqlar müstəvisinə cəlb etməyi bacardı. Daha dəqiq desək, dini təəssübkeşlik hisslərini iqtisadi müstəviyə proyeksiyalamaqla, maraqlarla kompensasiya etdi. Bütün bunlar gələcəyə hesablanmış ən ümdə prinsiplərə xidmət edən, xırda detallarına qədər düşünülmüş vahid strateji planın tərkib hissələri idi.

Müstəqil dövlət quran Azərbaycanda Heydər Əliyev kimi nüfuzlu, beynəlxalq şöhrəti olan tarixi şəxsiyyətin, liderin dövlət başçısı olması əlavə müsbət amil idi. Çünki respublika ictimai-iqtisadi və siyasi sisteminin uğurları onun liderinin şöhrətindən çox asılıdır. Ötən əsrin sonlarında yaranmış beynəlxalq maraqları və ictimai rəyi dəyişdirmədən Qarabağ probleminin ədalətli həlli mümkün deyildi. Bu mənzərəni dəyişdirmək üçün isə kiçik, regional problemlərə böyük coğrafi-siyasi xəritələr kontekstində baxa bilən, yüksək təfəkkürlü, siyasi təcrübəli, qeyri-adi qərarlar qəbul edə bilən Heydər Əliyev dühası lazım idi. Məhz həmin düha sayəsində regionun coğrafi-siyasi mənzərəsi dəyişdi, ölkəmizin maraqları beynəlxalq siyasətin mərkəzinə çəkildi. "İpək yolu"nun bərpası, BTC neft kəməri və digər iri beynəlxalq layihələr həmin coğrafi-iqtisadi siyasətin prioritetləri oldu.

Tarixdə çox nadir şəxsiyyətlərə qismət olan xaosda nizam yaratmaq, hadisələri güc və ya hərb müstəvisindən siyasi, iqtisadi müstəviyə transfer etmək nümunəsi öz faydasını verdi. Belə ki, dövlətçiliyin bərpası və gələcək hədəflərə, məqsədlərə nail olmağın zəmini, vasitəsi olan güclü və stabil dövlətin formalaşdırılması üçün sülh pauzası yaradıldı. Qeyd edək ki, sülh siyasəti heç də mübarizənin dayandırılması demək deyil, əksinə, siyasi konsepsiyaların, ideologiyaların mübarizəsi kimi çox çətin və mürəkəb bir yoldur.

Sülh vəziyyəti mütləq yox, nisbi anlayışdır

Bəşər tarixinə ilkin nəzər salanda ən çox xatırlanan və nəzərəçarpan müharibələr olur. Tarixin müxtəlif dövrlərində yazılmış salnamələri oxuyarkən əsasən belə təsəvvür yaranır ki, bəşəriyyətin tarixi elə müharibələrdən ibarət olub. Böyük iddialı sərkərdələrin, şahların, kralların, dövlət başçılarının böyük imperiyalar yaratmaq, ərazilər istila etmək uğrunda mübarizələri üzündən müharibələr bu gün də davam edir. Müasir dövrdə isə bir çox hallarda konkret coğrafi ərazilərlə sərhədlənmiş imperiya mübarizələrini iqtisadi nüfuz dairələri uğrunda müharibələr əvəz edir.

Ötən əsrin ortalarınadək müharibə və sülh problemlərinin konturları dəqiq bəlli idi. Müharibə bir qayda olaraq hərbi güc yolu ilə ərazi işğalı idi. Sülh isə müharibə vəziyyətinədək münasibətlərin bir dövrünü əhatə edirdi. İkinci Dünya müharibəsindən, daha dəqiq desək, BMT, ATƏT və s. kimi beynəlxalq qurumların yaradılmasından sonra sülh anlayışının özü də deqradasiyaya uğradı, təhrif olundu. Hazırda sülh heç də tam qarşılıqlı anlaşma və ya maraqların uyğunluğu deyil. İndi maraq dairələri az-çox kəsişən dövlətlərin çoxu ya gərgin sülh, ya da yüksək daxili gərginlikli yumşaq konflikt vəziyyətindədir. Buna səbəb də ölkələrarası ziddiyyətdə hərbi təcavüzün qarşısının beynəlxalq qüvvələr tərəfindən alınmalı olmasıdır.

Qeyri-bərabər inkişaf, siyasi nüfuz dairələrinin yenidən müəyyənləşdirilməsi, milli və dini eqoizm faktorları ölkələrarası münasibətlərdə gərginliyi artırır. Beynəlxalq sazişlər, qərarlar, hüquq normaları isə yaranmış gərginliklərin müharibə ilə aradan götürülməsinə yol vermir. Bu isə o deməkdir ki, sülh mütləq yox, nisbi anlayışdır. Müharibə isə müəyyən mənada sülhün tərkib hissəsidir.

Bəzi filosoflar müharibənin funksiyasına yüksək dəyər verərək onu cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi hesab edirlər. Hətta elm və texnologiyanın inkişafını da müharibələrlə əlaqələndirirlər. Yeni hərbi texnikanın yaranması da elmi-texniki tərəqqinin şərtlərindəndir. Məsələn: İkinci Dünya müharibəsinin ortalarında (1943) "katyuşa" silahının istehsalı və istismarı müharibənin taleyində dönüş yaratdı.

Tarixdə həmişə nəzər-diqqətdən kənarda qalan müharibələrsiz dövrlərdə ölkələrarası münasibətlərdə daim müəyyən bir gərginlik olub, indi də elədir. Beynəlxalq miqyasda maraqların tam üst-üstə düşməsi mümkün deyil. Böyük imperiyalar dövrü keçsə də, böyük siyasətlər, iqtisadi nüfuz dairələri dövrü davam edir. Silahların dediyi sözləri indi demək olar ki, iqtisadi maraqlara, mənafelərə söykənən siyasət deyir.

Hazırda regionumuzda həm iqtisadi, həm də siyasi maraqları olan böyük dövlətlərin ilk baxışda anlaşılmaz və paradoksal görünən qərarları da əslində həmin dövlətlərin regionda gərginliyi saxlamaq istəyinin təzahürüdür. Əvvəldə dediyimiz prosesin əksi baş verir, yəni problemlər siyasi müstəviyə fokuslanır və hərbi güc potensialı süni şəkildə artırılır. Nəticədə kiçik dövlətlər arasında sülh varsa kövrəkləşir, ya da sülhün yaranmasına imkan verilmir, münaqişə ocaqları "nə hərb, nə sülh" vəziyyətində saxlanılır. Regionumuzda yaranmış vəziyyətdə qarşı tərəfin qeyri-normal, yəni öz maraqları mövqelərindən deyil, qarşı tərəfə vuracaqları ziyanlar mövqeyindən çıxış etmələri vəziyyəti daha da mürəkkəbləşdirir. Həmçinin supergüclərin planlarını reallaşdırmağa asanlıqla alət olmaları mövqelərinin tez-tez dəyişməsinə səbəb olur. Bu isə böyük dövlətlərə regionda öz geosiyasi planlarını həyata keçirmək sahəsində manevrlər etmək üçün geniş imkanlar yaradır.

Təzyiqlərə, haqsız kampaniyalara baxmayaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi məharəti, qeyri-adi intuisiyası, rasional düşüncəsi, kommunikasiya bacarığı, lazımi vaxtda ekstraordinar qərarlar qəbul edə bilməsi, prinsipiallığı, qəti iradəsi və beynəlxalq aləmdəki böyük nüfuzu sayəsində bütün dünyanı haqlı olduğumuza inandırdı. Milli-siyasi liderlik xüsusiyyətləri ilə hər bir detalını böyük ustalıqla, zərgər dəqiqliyi və mürəkkəb sxemlə qurduğu prosesi uğurla reallaşdıraraq öhdəsinə götürdüyü tarixi missiyanı postmüharibə dövründə 3 ildə başa çatdırdı.

Müharibələr siyasətlə birləşəndə isə sülhün yeni konsepsiyası, daha dəqiq desək, maraqları tarazlaşdıran dinamik sülh ideyası xüsusi əhəmiyyətə malik olur. Bunlara istinadən demək olar ki, 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Üçtərəfli Bəyanatla 30 illik işğala son qoyulmaqla ədalət bərpa olundu, tarixi missiya yerinə yetirildi. Tarixi missiyanı yerinə yetirənlərə isə tarix özü haqq qazandırır.

Postmüharibə dövründə Qərb ölkələrinin tutduğu mövqe Azərbaycanın öz ərazilərində nəzarəti tam bərpa etməyə imkan verməməyə yönəlmişdi. İşğal dövründə olduğu kimi, postmüharibə vəziyyətinin qeyri-müəyyən qalmasına cəhdlər göstərilmiş, hətta ermənilərin Azərbaycanda yaşamasının qeyri-mümkünlüyünü sübuta meyillər olmaqla çıxış yolu kimi ayrılma prosesinin labüdlüyünü əks etdirən yeni hüquqi prosedurun formalaşması üçün zəmin hazırlayırdılar. Necə deyərlər, Azərbaycanı 10 noyabr 2020-ci il Bəyanatının nəticələri ilə kifayətlənməyə məcbur edərək öz ərazisi üzərində tam suverenliyi bərpa etməyə imkan verməmək Qərb dairələrinin əsas qayəsi idi. Bunun üçün də BMT, AP, AŞ kimi beynəlxalq mexanizmlərin potensialından yararlanmaqla sanksiyalara cəhdlər əsl niyyətlərini göstərirdi.

Təzyiqlərə, haqsız kampaniyalara baxmayaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi məharəti, qeyri-adi intuisiyası, rasional düşüncəsi, kommunikasiya bacarığı, lazımi vaxtda ekstraordinar qərarlar qəbul edə bilməsi, prinsipiallığı, qəti iradəsi və beynəlxalq aləmdəki böyük nüfuzu sayəsində bütün dünyanı haqlı olduğumuza inandırdı. Milli-siyasi liderlik xüsusiyyətləri ilə hər bir detalını böyük ustalıqla, zərgər dəqiqliyi və mürəkkəb sxemlə qurduğu prosesi uğurla reallaşdıraraq öhdəsinə götürdüyü tarixi missiyanı postmüharibə dövründə 3 ildə başa çatdırdı.

Müasir dövrdə sülhün tam olmasa da, xeyli dərəcədə iqtisadi amillərdən asılı olması regionda sülhün gerçəkləşməsi üçün geopolitik mənada inam yaradır. Sülhün strukturuna beynəlxalq hüquqla, ümumbəşəri dəyərlərlə böyük dövlətlərin iqtisadi-siyasi maraqları da əlavə edildikdə bu strukturun nə qədər mürəkkəb olduğu bəlli olur. Mürəkkəbliyi yaradan əsas səbəb də BMT, Aİ kimi qurumların və vasitəçi qismində çıxış etmək istəyənlərin qərəzli olmaları, problem həll olunduqdan sonra yenidən problem yaratmaq istəmələridir. Çoxillik müstəmləkəçilik tarixinə malik Fransa dünya üzrə olan media resurslarından istifadə etməklə Ermənistanı məzlum, zərərdidə kimi qələmə verməyə çalışır. Həm İkinci Qarabağ müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı öz ərazilərində döyüşən, separatizmi aradan qaldıran, beynəlxalq hüququ pozmayan, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl edən ölkəmiz haqqında misli görünməmiş dezinformasiya aparır. Bu günlərdə BMT TŞ-yə daha bir qətnamə layihəsi təqdim etməyə çalışır.

Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərdə iki dəfə səfərdə olan BMT missiyası ölkəmizin bütün humanitar normalara əməl etməsini hər dəfədə qeyd edib. Haqsız bir iddianın beynəlxalq problem səviyyəsinə qaldırılmasında maraqlı olan tərəflərin öz mövqelərini tarixi və hüquqi ədalət mövqeyi ilə bir ortama gətirməsi olmayan, yaradılan problemi daha da mürəkkəbləşdirir. Ədalət mövqeyindən yanaşılsa, əslində problem mövcud deyil. Bu gün "aktiv" olan ölkələr erməni separatçılığı, təcavüzkar ekstremizmi baş qaldıranda da Ermənistanın yanında idilər, indi də qeyri-konstruktiv və təxribatçı rolu ilə əsas müttəfiqi kimi çıxış edir, münaqişəni yenidən alovlandırmaq istəyirlər.

Süni şəkildə yaradılmaqla, şişirdilən problemi və cəhdləri əxlaq, hüquq və siyasi olmaqla təsnifatlandıra bilərik. Birinci, yəni haqq-ədalət mövqeyindən yanaşsaq, işğalçı Ermənistana nə qədər cəza verilsə, azdır. Bunu işğaldan azad olunan ərazilərin vəziyyəti, tapılan kütləvi insan məzarlıqları, basdırılan minalar, terror hadisələri və s. təsdiq edir. Azərbaycan isə öz ərazisini işğaldan azad etdiyi üçün haqlı, ədalətli tərəfdir.

Hüquqi müstəvidə isə yenə də ermənilər öz himayədarları ilə onların "hüquq"larının pozulduğunu, "etnik təmizləmə" kimi yalan iftiralarla beynəlxalq hüququ da çaşdırmağa cəhd edirlər. Beynəlxalq aləmdə hələ də həqiqəti görməkdə maraqlı olmayanlar, həqiqətə bənzədilmiş versiyaları həqiqət kimi təbliğ etməyə çalışanlar, erməni lobbisinin ianələrindən qidalananlar var. Lakin Beynəlxalq Ədalət Məhkəməsinin bu məsələlərə münasibəti də onlara dərs olmur.

Siyasi müstəvidə isə hadisələrin dünya birliyinə təqdim olunması formalaşmış ictimai rəyə və dövlətlərin qlobal mənafelərinə söykənir. Əvvəlki dövrlərdən fərqli olaraq indi bütün cəbhələrdə Azərbaycan əlverişli vəziyyətdədir. İstər hərbi, siyasi, informasiya, iqtisadi, demoqrafiya və digər sahələrdə üstün olmaqla yanaşı, beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinədir. Prezident İlham Əliyev uzaqgörənliyi və yüksək dövlətçilik təfəkkürü sayəsində böyük dövlətlərin mövqeyində haqq-ədalətə doğru dönüş yaratmağa nail olub.

44 gün = 23 saat

Əvvəldə qeyd etdiyimiz kimi, müharibələr cəmiyyət inkişafının hərəkətverici qüvvəsi hesab olunur. Tarixdə ən çox nəzərəçarpan müharibələr mərhələsidir. Çünki müharibələr tarixi belə dəyişdirməyə qadirdir. Doğrudan da Vətən müharibəmiz neçə-neçə nəslə acı tale yaşadan 200 illik tarixi belə dəyişdirdi. İki əsrdən artıq bir müddətdə formalaşan zəhər yuvası təmizləndi, xalqımızın qüruru, ləyaqəti özünə qaytarıldı. Müharibə olmasaydı, "nə hərb, nə sülh" vəziyyəti bir müddət də davam etsəydi, məsələnin həllinə olan öləzimiş ümidlərin puç olma ehtimalı artacaqdı. Yəni uzun müddət davam edən sülh vəziyyəti gərginliyi yüksələn templə saxlamaqla ümidsizliyə və unutqanlığa aparır. Bu səbəbdən də bəşər tarixində yaddaqalan müharibələr olur. Görülən işlər, həyata keçirilən tədbirlər, icra olunan digər layihələr, demək olar ki, xatırlanmır. Hər səbəbin, hərəkətverici qüvvənin və ya səbəbkarın bir nəticə doğurduğu bəllidir. Lakin zaman keçdikcə onlar unudulur, nəticədən danışılır. Bu baxımdan da müharibələrin təsir əmsalı böyükdür.

İlk baxışda etiraz doğura biləcək 44 gün=23 saat bərabərliyimizə qayıdaq. Bu bərabərliyin özü də məzmunca müharibəni ehtiva edir. İndiyə qədər oxuduğumuz əsərlərin, məqalələrin, seyr etdiyimiz filmlərin adlarına diqqət edək: "Əsrə bərabər gün", "Əsrlərə bərabər 44 gün", "Bir ömrə sığmayan illər", "Uzun ömrün akkordları" və s. Bu fikirləri də riyazi şəkildə qısa ifadə etməyə çalışsaq, eyni nəticəyə gəlmiş olarıq.

Burada söhbət sırf zaman bərabərliyindən deyil, həmin müddətlərdə baş verən proseslərin arasındakı əhəmiyyət baxımından, qarşılıqlı birqiymətli uyğunluqdan və ya proyeksiyalanmadan gedir. Daha dəqiq desək, 2023-cü il sentyabrın 19-da lokal antiterror tədbirləri zamanı 23 saat ərzində əldə olunan parlaq Qələbə siyasi, tarixi və mənəvi əhəmiyyətinə, mahiyyətinə, qürur çəkisinə görə 2020-ci il 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə bərabər və onu tamamlayan tarixi hadisədir. Yəni bu mütləq eyniyyət bərabərliyi yox, mahiyyət bərabərliyidir.

Bəzi beynəlxalq qurumların, Qərb ölkələrinin, xüsusilə Fransa və Almaniyanın tutduğu mövqeyə, verilən bəyanatlara, ölkəmizə olan təzyiqlərə, dövlət başçımıza qarşı aparılan haqsız kampaniyalara, ittihamlara tarix öz ədalət hökmü ilə cavab verəcək. Belə məqamda fikirlərimizi məşhur filosof və siyasi praktik Nikolo Makiavellinin siyasətçinin fəaliyyətinin mahiyyəti haqqında dedikləri ilə tamamlamaq yerinə düşərdi: "Təki nəticələr haqq qazandırsın, əməllərə görə ittiham olunmağın eybi yoxdur. Əgər nəticələr yaxşı olarsa, tarix ona həmişə haqq qazandıracaq".

Hümbət MUSAYEV.