XXXII GÜN. RETROSPEKTİV
Tarix

XXXII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, "32-ci gün" ötən ay ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 6 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 fevral

  • Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib. Azərbaycan və Çexiya parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
  • Bakı Təşəbbüs Qrupu Fransa polisinin Korsikanın müstəqillik hərəkatı fəallarını qeyri-qanuni saxlamasını qətiyyətlə pisləyib.

4 fevral

  • Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb.

5 fevral

  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
  • Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

6 fevral

  • Seçicilərin və müşahidəçilərin yekun sayı açıqlanıb.

7 fevral

  • Ölkənin bütün suveren ərazisində prezident seçkiləri keçirilib.
  • Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər.

Tam suveren dövlətimizin ilk prezident seçkiləri hər birimizə qürur yaşatdı

Ölkəmizin müstəqillik dövründə bir çox seçkilərdə iştirak etmişik və onların hər biri müəyyən məqamları ilə yadda qalıb. Sözsüz ki, 2024-cü il 7 fevral tarixli növbədənkənar prezident seçkiləri isə xalqımızın yaddaşında əbədi qalacaq. Müstəqil, tam suveren dövlətimizin ilk prezident seçkiləri hər birimizə böyük qürur yaşatdı, milli kimliyimizi, haradan gəlib haraya getdiyimizi bir daha anlatdı bizə.

Azərbaycan seçkilərdən-seçkilərə inkişafa doğru aramla irəliləyir, həyatın bütün sahələrində uğurlar əldə edilir, beynəlxalq aləmdə nüfuzu artır, öz reallıqlarını dünyaya çatdıra bilir. Uzun illər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının yolları axtarılırdı. Beynəlxalq təşkilatlar, ATƏT-in keçmiş Minsk qrupu münaqişənin müharibə yolu ilə həllinin qeyri-mümkünlüyünü desələr də, Prezident İlham Əliyev bütün çıxışlarında Azərbaycanın lazım gələrsə, hərbi yolla öz torpaqlarını qaytaracağını diqqətə çatdırırdı. Dəfələrlə düşmən təxribatlarına layiqli cavab verilirdi, xain qonşularımız isə öz mövqeyindən geri çəkilmirdi. Çünki Birinci Qarabağ müharibəsinin "qalibiyyət" havası hələ də başlarında idi və Azərbaycanın reallıqlarını görmürdülər. Bu proses 2020-ci il sentyabrın 27-dək davam etdi... Böyük qalibiyyətə gedən yol buradan başladı və həm də növbədənkənar prezident seçkilərinin tam qələbəsini təmin etdi.

8 fevral

  • Prezident İlham Əliyev bir sıra nüfuzlu təşkilatların Baş katiblərini qəbul edib.
  • İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
  • Xocalıda kütləvi məzarlıq aşkar edilib.

9 fevral

  • Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar.

Bir millət, iki dövlət, tək yumruq

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izləyiblər. "Akıncı" hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib. Onu "Baykar" şirkətinin Texniki direktoru Səlcuq Bayraktar müşayiət edib. Ölkə başçısı PUA Akademiyasında yaradılan şəraitlə də tanış olub.

Silahlı Qüvvələrimizin Türkiyə modeli əsasında qurulması Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına xidmət edir. "Bizim ordularımız bir yumruq anlamına gəlir". Bu fikirləri Prezident İlham Əliyev Türkiyədə mətbuata bəyanatında bildirib. Dövlət başçısı vurğulayıb ki, hər il həm Azərbaycanda, həm də Türkiyədə ən azı 10 hərbi təlim keçirilir. Beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ müharibəsi və ondan sonra keçirdiyimiz antiterror əməliyyatı bir daha göstərdi ki, Türkiyənin ordu modeli artıq Azərbaycanda tam oturuşub. Müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb.

10 fevral

  • Xocavənddə arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində bir nəfər xəsarət alıb.

11 fevral

  • Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurub. Prezident İlham Əliyev seçkilərdə səslərin 92.12 faizini qazanaraq qalib olub.
  • Prezident İlham Əliyev Seyid İbrahim Rəisini İran İslam Respublikasının milli bayramı münasibətilə təbrik edib.

12 fevral

  • ANAMA Ermənistanın təqdim etdiyi növbəti mina sahələrinə dair formulyarlarda məlumatların əvvəl olduğu kimi, qeyri-dəqiq, etibarsız və natamam əks olunduğunu bildirib.

13 fevral

  • Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edib.
  • Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirilib.
  • COP29-un prezidenti Muxtar Babayev Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxış edib.

14 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib. Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

Yeni dövrün qalib Prezidenti

Ölkə başçısı İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi ölkəmizə, bu günümüzə baxış əsasında qarşıdakı bütün hədəflərin təqdimatı oldu. Reallıq budur ki, Prezident İlham Əliyev son 20 ildə ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək sözünün imzası qədər dəyərli olduğunu təsdiqlədi. "2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur", - deyən cənab İlham Əliyev onu da bildirdi ki, çətinliklər də, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.

Son 20 ildə cənab İlham Əliyevin hədəflərin reallığa çevrilməsi istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Azərbaycanın bütün sosial-iqtisadi göstəriciləri təsdiqləyir ki, ölkə dinamik şəkildə inkişaf edir. Həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq arenada sosial dövlət kimi yerini və rolunu möhkəmləndirir. İslahatların mərkəzində isə məhz vətəndaş və onun məmnunluq faktoru dayanır.

Cənab İlham Əliyev hər kəsin Prezidenti olduğunu təsdiqlədi. Dövlət başçımızın ictimaiyyət nümayəndələri ilə hər görüşünə diqqət yetirərkən onun səmimiyyətinin, insanların qayğıları ilə yaxından tanış olmasının və problemlərinin həlli istiqamətində atdığı addımların əhalidə nə qədər xoş ovqat, yüksək əhvali-ruhiyyə yaratdığını görürük. Bu gün paytaxt və bölgələrdə, kənd və qəsəbələrdə böyük inkişafın, tərəqqinin, sağlam rəqabətin şahidi oluruq. Son üç ildən artıq bir dövrdə tarixi Zəfərimiz fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də vətəndaş məmnunluğunun prioritet olduğunu nümayiş etdirir.

15 fevral

  • Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə Prezident Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

16 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münxen şəhərinə səfər edib.

Ölkəmizin nüfuz dairəsi genişlənir

Qlobal sistemdə beynəlxalq təhlükəsizliyə kölgə salan məsələlərin geniş şəkildə müzakirə edildiyi Münxen Təhlükəsizlik Konfransı ölkəmiz üçün önəmli platformalardan biridir. 50-yə yaxın dövlət və hökumət başçısının iştirakı ilə keçirilən 60-cı konfrans diqqətçəkən məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin iştirak etdiyi konfransda bir çox dövlət və hökumət başçılarının, eləcə də qlobal və regional institutların rəhbərlərinin dövlət başçımızla ikitərəfli görüşlər keçirmək istəyi xüsusi dəyərləndirilməlidir. Xatırladaq ki, Almaniya kansleri Olaf Şoltsun İlham Əliyevə təbrik məktubunda konfransdan bəhs edərkən, "Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam", - deyə bildirməsi Azərbaycanın qlobal miqyaslı dialoqlarda iştirakının beynəlxalq müstəvidə önəmini bir daha sübut edir. Unutmayaq ki, Azərbaycan artıq qlobal platformalarda yalnız Cənubi Qafqazın lider dövləti olaraq tanınmır. Öz ərazi bütövlüyünü təkbaşına bərpa edərək işğala son qoyan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edən və ATƏT-in bacarmadığını (ya da bacarmaq istəmədiyini?!) bacaran Azərbaycan dövlət başçısının ifadə etdiyi kimi, qlobal sistemdəki bir çox önəmli daşları yerindən oynadıb. Ona görə də bu gün biz kiçik coğrafiyada böyük addımlar atan dövlətimizin beynəlxalq arenadakı nüfuzunun uzaqgörən siyasətin, strateji addımların və uğurlu diplomatiyanın təbii nəticəsi olduğunu əminliklə ifadə edə bilərik.

17 fevral

  • Münxendə Azərbaycan Prezidentinin Almaniyanın Kansleri və Ermənistanın Baş naziri ilə birgə görüşü keçirilib.
  • Ceyhun Bayramov Münxendə ABŞ Dövlət katibinin köməkçisini Ermənistanın təxribatları barədə məlumatlandırıb.

18 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə rəsmi səfərə gəlib.

19 fevral

  • Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan-Türkiyə: əbədi dostluq, sarsılmaz qardaşlıq

Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunduqdan sonra fevralın 7-də keçirilən növbədənkənar seçkilərdə qələbə qazanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk rəsmi səfərini qardaş ölkə Türkiyəyə edib.

Belə bir məşhur deyim var ki, dövlətlər arasında əbədi dostluq yox, maraqlar var. Dünyada gedən proseslərə nəzər salsaq, bu fikrin haradasa doğru olduğunu görərik. Məsələn, hər zaman bir-birinə rəqib olan ABŞ və SSRİ İkinci Dünya müharibəsində Hitler Almaniyasına qarşı eyni cəbhədə yer almışdı. Amma Dünya müharibəsi başa çatdıqdan dərhal sonra iki supergüc arasındakı müvəqqəti "dostluq" yerini yenidən soyuq müharibəyə vermişdi. Göründüyü kimi, eyni strateji maraqlar əbədi düşmənləri belə eyni koalisiyada birləşdirə bilir. Ulu öndər Heydər Əliyev 8 fevral 1994-cü ildə Türkiyəyə ilk rəsmi səfərində bu fikirləri bildirmişdi: "Bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır...". XXI əsrin başlanğıcından etibarən Azərbaycan-Türkiyə münasibətlərinin yeni müstəviyə qədəm qoyduğunu görürük. Hazırda prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sayəsində ölkələr arasındakı əməkdaşlıq zirvə dövrünü yaşayır. Vətən müharibəsində Türkiyənin göstərdiyi mənəvi dəstək və Rəcəb Tayyib Ərdoğanın bu yöndə verdiyi bəyanatlar Azərbaycanın qələbə qazanmasında böyük rol oynadı. Bunun ardınca 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması isə hər iki xalqın və dövlətin milli maraqlarının tam ifadəsi oldu. Həmçinin ötən il qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Bu, dövlət başçımızın türk dünyasına və qardaş Türkiyəyə olan diqqətinin göstəricisi idi.

20 fevral

  • Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Azərbaycanla əlaqədar Assambleyanın sədrinə məktub ünvanlayıb.

21 fevral

  • İstanbul şəhərində 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı "Böhranlardan sabitliyə, əhatəli bir dünya inşa etmək" mövzusu ilə öz işinə başlayıb.

22 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

23 fevral

  • Azərbaycan XİN Paşinyanın "France 24" telekanalında səsləndirdiyi iddialara cavab verib.
  • Muxtar Babayev ABŞ Dövlət Departamentinin iqlim elçisinin müavini ilə COP29-la bağlı əməkdaşlıq imkanlarını müzakirə edib.

24 fevral

  • Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda "Dekolonizasiya: İntibah dövrünün başlanğıcı" mövzusunda beynəlxalq konfrans keçirilib.

25 fevral

  • Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.
  • Ölkə başçımız Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib.

26 fevral

  • Prezident İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Günəş yenidən doğdu

Fevralın 26-da soyqırımının ildönümündə Prezident İlham Əliyev Xocalı şəhərində Soyqırımı Memorialının təməlini qoydu və rayon sakinləri ilə görüşdü. Bu görüş özü də tarixi bir hadisə idi. Çünki ölkə olaraq ilk dəfə idi ki, tam suveren formada Xocalı soyqırımının anım tədbirini günahsız soydaşlarımızın qanı ilə yoğrulmuş həmin torpaqlarda keçirdik. Dövlətimizin başçısı bildirdi ki, əslində layihə illərdir hazır idi. Bakıda, Xocalı soyqırımı abidəsinin yanında yer alacaqdı. Lakin hər bir azərbaycanlıda olduğu kimi, "bir gün qayıdacağıq" hissi hər il layihənin təməlqoyma mərasimini təxirə salırdı. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdırlar. Cari ildə həmin yaşayış məntəqələrinin sayı 20-yə çatdırılacaq. Bu il Xocalı ilə yanaşı, Xankəndidə də həyat bərpa ediləcək. Prezident İlham Əliyev Xocalı sakinləri ilə həmsöhbət olub, onların ağrılı xatirələrini dinləyib.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, Xocalıdakı keçmiş həyat barədə faktlar yer alacaq. Bütün bunlarla yanaşı, Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq. Ziyarətçilər burada soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Həmçinin memorialda faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq.

  • Macarıstan Milli Assambleyası AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etirazını bildirib.

27 fevral

  • Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul edib.
  • XİN Ermənistanın Sumqayıt hadisələri ilə bağlı bəyanatına münasibət bildirib.

28 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
  • Berlində Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.

29 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubu ünvanlayıb.
  • Milli Məclis Avropa Parlamentinin "Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi" ilə əlaqədar illik hesabatını pisləyib.

“Respublika”.