TARİXİ ZƏFƏRİMİZ HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİDİR
Sosial həyat

TARİXİ ZƏFƏRİMİZ HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİDİR

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində "Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə və "Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" sənədli filminə baxış olub.

Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ölkə iqtisadiyyatının, ordumuzun güclənməsi üçün məqsədyönlü tədbirlər həyata keçirdi, dövlətimizin milli maraqlarını inamla təmin etdi. Bütün sahələrdə inkişafın təməli qoyuldu. 2003-cü ildə ölkə Prezidenti İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bu inkişaf davam etdirildi. Qısa müddətdə ordu quruculuğu sahəsində xeyli müvəffəqiyyətlər əldə edildi. Ölkə rəhbəri bütün çıxışlarında, beynəlxalq tədbirlərdə Qarabağ probleminin həllinin sülh yolu ilə həyata keçirilməsini münaqişənin qan tökülmədən həllinə tərəfdar olduğunu bildirirdi. Ermənistan isə daim ərazilərimizdə təxribatlar törədirdi. 2020-ci il 27 sentyabrda Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə şanlı ordumuz əks-hücuma keçdi. 44 gün davam edən müharibə zamanı hər gün zəfər sorağı insanlarımızı ruhlandırırdı. Müzəffər ordumuz hər gün irəliyə, yeni zəfərlərə doğru irəliləyirdi. Şuşa şəhərinin alınması bizim qələbəmizi təmin etdi. Noyabr ayının 10-da Ermənistanın baş naziri kapitulyasiya sənədinə imza atdı. Azərbaycan öz gücünə BMT-nin 4 qətnaməsinin icrasını təmin etdi, işğal altında olan torpaqlarımız azad olundu. 2022-ci il sentyabr ayının 12-dən 13-nə keçən gecə mənfur qonşularımız Laçın, Kəlbəcər, Daşkəsən istiqamətində daha bir təxribat törətdilər. Qəhrəman Azərbaycan ordusu bu təxribatın da qarşısını müvəffəqiyyətlə aldı və bir neçə strateji yüksəklikləri əldə etdi.

Cari il aprel ayının 23-də Azərbaycan dövləti tərəfindən Laçın sərhəd-keçid məntəqəsi yaradıldı. Bununla ərazi bütövlüyümüz tamamilə bərpa edildi. Bu il sentyabr ayının 19-da ölkə Prezidenti, Ali Baş Komandanın göstərişi ilə sülhməramlıların nəzarətində olan ərazilərdə antiterror tədbirləri keçirildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni silahlı birləşmələri təslim oldular. Bu lokal tədbir nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa edildi.

Artıq dünya dövlətləri Azərbaycanı qalib ölkə olaraq qəbul edir. Bu Zəfər tariximizdə Mingəçevir şəhərinin də payı var. Vətən müharibəsi başlayan gündən Mingəçevir gəncləri könüllü olaraq səfərbər olmuş, müharibədə iştirak etmişlər. Birinci Qarabağ müharibəsində 4 nəfər Milli Qəhrəman adına layiq görülmüş, 8 nəfər Azərbaycan Bayrağı Ordeni ilə, 650 nəfər müxtəlif medallarla təltif olunmuşlar. Ali Baş Komandan tərəfindən Vətən müharibəsində qəhrəmanlıq göstərən qəhrəmanlarımızdan 2 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına, 22 nəfər müxtəlif dərəcəli orden, 1041 nəfər isə müxtəlif medallara layiq görülmüşdür. Şəhər icra hakimiyyətinin xətti ilə şəhid ailələrinə və qazilərə müvafiq köməkliklər olunur, onların mənzil problemləri həllini tapır. Bütün sahələrdə qazandığımız tarixi zəfərlər Heydər Əliyev siyasətinin təntənəsidir.

Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev "1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı bugünkü uğurlarımızın başlanğıcıdır", Milli Məclisin deputatı Aydın Mirzəzadə "Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ərazi bütövlüyümüzün təminatçısı oldu", MDU-nun Təhsil fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Nizami Zeynalov "Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir", MDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ayna Babazadə "Ata vəsiyyəti və inamlı zəfərin qalibi" mövzularında məruzələrlə çıxış ediblər.

Zabit XƏLİLOV,

"Respublika".