TAXIL BİÇİNİ
İQTİSADİYYAT

TAXIL BİÇİNİ

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Bu baxımdan respublikada taxıla olan tələbatı daxili istehsal hesabına tam ödəmək üçün qarşıya qoyulan hədəf məhsuldarlığın yüksəldilməsidir. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Dağ rayonlarından sayılan Daşkəsəndə də aqrar sahədə xeyli irəliləyişlər müşahidə olunur. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov aparılan taxıl biçini işləri ilə yerində tanış olmaq üçün əkin sahələrində olmuşdur. Fermerlərlə görüşən Vüqar Məmmədov onların problemləri ilə maraqlanaraq, müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Daşkəsən rayonunda hava şəraitinin əlverişli keçməsindən istifadə edərək taxıl biçini işləri sürətlə aparılır.

Qeyd edək ki, 2023-cü ilin məhsulu üçün rayon ərazisində 235 hektar payızlıq və 381 hektar yazlıq taxıl səpilmişdir. Əkin sahələrinin 403 hektarında arpa, 213 hektarında isə buğda əkilmişdir. Əvvəlki illə müqayisədə əkin sahələri xeyli artmışdır. Bu günə qədər 158 hektar sahədə biçin aparılmış, 304 ton məhsul əldə edilmişdir. Rayon icra hakimiyyəti və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən fermerlərə kombayn və digər maşın-mexanizmlərin təşkil olunması üçün müvafiq köməklik göstərilir. Hazırda taxıl biçini sürətlə davam etdirilir.

Zabit XƏLİLOV,

"Respublika".