Hər an qardaş Türkiyənin yanında
Türk dünyası

Hər an qardaş Türkiyənin yanında

Qardaş Türkiyədə baş vermiş iki güclü zəlzələ nəticəsində Kahramanmaraş və ətraf ərazilər təbii fəlakətin ağır fəsadları ilə üz-üzə qalıb. Mərkəzi Kahramanmaraş olmaqla 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, yüz minlərlə insan yaralanıb. Onların bəzilərinin taleləri hələ də məlum deyil. 6 fevralda Kahramanmaraşda baş verən 7,7 bal gücündə Pazarcık (Kahramanmaraş) zəlzələsinin 17 avqust 1999-cu ildə baş verən 7,4 bal gücündə İzmit körfəzi ətrafında baş verən zəlzələ ilə müqayisədə 3 dəfə çox seysmik enerji yaydığı məlum olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mediaya verdiyi məlumata görə, xilasetmə işlərində ümumilikdə 249 min insan iştirak edir. Türkiyə Sahibkarlıq və İşgüzar Konfederasiyanın açıqladığı hesabatda zəlzələnin iqtisadi ziyanı 84,1 milyard dollar olaraq qiymətləndirilib.

Türkiyənin təbii fəlakət ilə əlaqədar dördüncü dərəcəli həyəcan elanından sonra beynəlxalq məkandan yardım təklifləri gəlməyə başladı. Hər zaman olduğu kimi, ilk yardım əlini uzadan ölkə Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri fevralın 6-da qardaş ölkəyə yola düşdü. Xilasedicilər Kahramanmaraş vilayətində fəsadların aradan qaldırılmasına və axtarış-xilasetmə əməliyyatlarına davam edirlər. Dövlət başçısının tapşırığına uyğun olaraq, FHN-in yardımlarından ibarət növbəti iki təyyarə isə fevralın 7-də zəlzələ bölgəsinə yola düşüb. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. İkinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınıb. FHN-in yardımlarından ibarət dördüncü təyyarə də fevralın 7-si axşam saatlarında Türkiyəyə göndərilib. Eyni zamanda Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da Türkiyədəki xilasetmə prosesinə dəstək verir.

Bundan əlavə, fevralın 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. Bu təyyarə ilə faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla, tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdırılıb. Fevralın 8-də isə ölkə rəhbərinin tapşırığı ilə FHN-nin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri də Türkiyəyə gedib.

Ümumilikdə, Azərbaycan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 6872 çadır, 4 səhra mətbəxi, 899 generator, 239819 zəruri ləvazimatlar və məhsullar, 318272 isti geyim, 12790 ədəd qızdırıcı və texniki avadanlıq, 183 ədəd konteyner tipli mobil evlər, 1412594 ədəd dərman və tibbi ləvazimatlar göndərib. Qardaş ölkəyə 24900000 AZN maddi yardım edilib. Humanitar yardım Türkiyəyə 15 təyyarə, 25 qatar vaqonu və 395 yük avtomobili vasitəsilə çatdırılıb.

Qeyd edək ki, fevralın 20-də yenidən Türkiyənin Hatay vilayətində 6,4 bal, bu vilayətin Samandağ rayonunda isə 5,8 bal maqnitudalı zəlzələ baş verib. Baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.

N.ABDALOV,

"Respublika".