TƏBİİ SƏRVƏTLƏRIMIZI TALAYANLAR CƏZALANDIRILMALIDIR
Digər xəbərlər

TƏBİİ SƏRVƏTLƏRIMIZI TALAYANLAR CƏZALANDIRILMALIDIR

Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora son qoyulması tələbi ilə ötən ilin dekabrından başlayan etiraz aksiyaları hələ də davam edir. Aksiya iştirakçıları Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınması və s. kimi tələblər irəli sürürlər.

Şaxtalı hava şəraitinin olmasına baxmayaraq, aktivistlər mübarizələrindən geri çəkilmir,  həmçinin ekofəallar "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!" kimi şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Gecə-gündüz, soyuq, şaxtalı hava şəraitinə baxmayaraq, öz haqq mübarizələrinə davam edirlər. İki aydan çoxdur ki, ekofəallar hər gün Azərbaycan dövlət himnini oxuyaraq səhərlərini açırlar.

Hər gün dünya ictimaiyyətinə çağırış edən iştirakçılara bir sıra dövlət və qurumlardan da dəstək gəlib.

Gürcü politoloqu Azərbaycanın probleminin Gürcüstan üçün də önəm daşıdığını deyərək, ermənilərin gülünc ərazi iddialarından da danışıb.

"Mən sıravi bir Gürcüstan vətəndaşı olaraq, Azərbaycan ərazilərində olan vəziyyətdən olduqca narahatam. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün Xankəndi-Laçın yolunda ekoloji fəalların keçirdikləri aksiya olduqca haqlı aksiyadır. Bu ərazilər Azərbaycan ərazisidir və buradakı təbii sərvətləri heç kim mənimsəyə bilməz. Nə ermənilər, nə də ki, rusiyalı oliqarxlar.  Mən aksiyanı dəstəkləyirəm və davam etməsinin tərəfdarıyam". Bütün dünyaya ermənilərin Azərbaycan ərazilərindəki təbii sərvətləri oğurladıqlarını göstərməyin lazım olduğunu vurğulayan politoloq "onları cəzalandırmaq lazımdır", - deyə sonda bildirib. Bu cür dəstəklərin ardı-arası kəsilmir.

Bizim tələblərimiz çox sadədir: ekoloji terrora və Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulmalıdır. Həmçinin onu da qeyd edək ki, aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur və yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

İsveçrənin Davos şəhərində də azərbaycanlı ekofəallara dəstək nümayiş etdirilib. Küçə boyu nümayişçilər "Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarını dayandırın!", "Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!"  kimi şüarlar səsləndiriblər.

Həmçinin onu da qeyd edək ki, otuz nəfərdən çox rus icma nümayəndəsi də aksiya yerinə gəlib. Onların əsas məqsədi ekofəllara dəstək nümayiş etdirməkdir.

Azərbaycanlı ekofəallar 66 gündür ki, öz haqlı tələblərini dünyaya çatdırmağa çalışırlar. Onlar öz qərarlarında qətidirlər: tələblər yerinə yetirilənədək aksiya davam edəcəkdir...

T.SƏMƏDOVA,

"Respublika".