Təkrar əkinlər fermerlərin əlavə gəlir mənbəyidir
İQTİSADİYYAT

Təkrar əkinlər fermerlərin əlavə gəlir mənbəyidir

Ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, onun ənənəvi sahələri olan fındıqçılıq, tütünçülük və baramaçılıq respublikamızın digər müvafiq bölgələrində olduğu kimi, rayonumuzda da sürətlə inkişaf etməkdədir. Xüsusilə Qaxda əhalinin əsas gəlir mənbəyi olan fındıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı üçün möhkəm zəmin yaradılmaqdadır.

Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, respublikanın bütün bölgələrində olduğu kimi, rayonda da kənd təsərrüfatı sahəsində qarşıya qoyulan tapşırıqların icrası müvəffəqiyyətlə həyata keçirilir. Belə ki, rayonda 2023-cü ilin məhsulu üçün 13322 hektar sahədə payızlıq taxıl əkilmişdir ki, bunun da 9252 hektarı buğda, 4070 hektarı isə arpa olmuşdur. Sahələrdə aparılan aqrotexniki qulluq işlərinin, yüksək reproduksiyalı intensiv toxumlardan istifadə olunmasının nəticəsində taxıl sahələrində ümumi vəziyyət normaldır. Lakin havaların yağışlı keçməsi səbəbindən biçin prosesində gecikmələr baş vermişdir. İndiyədək 3965 hektar sahədə arpa, 4225 hektar sahədə isə buğda biçini həyata keçirilmişdir. Rayon üzrə orta məhsuldarlıq arpa üzrə 31.3, buğda üzrə isə 29.2 sentner təşkil edir. Bununla bərabər taxıl əkini aparmış, əkinin EKTİS-də qeydiyyatdan keçirmiş hüquqi sənədləri qaydasında olan fermerlərə subsidiya ödənişi başa çatmaq üzrədir. Hazırda payızlıq əkinlərin biçin prosesi davam etdirilir.

Qeyd edək ki, tütünçülük tarixən rayon iqtisadiyyatında mühüm yer tutmuşdur. Dövlətimiz tərəfindən bu sahəyə son illər göstərilən qayğı tütünçülüyün yenidən dirçəlməsinə səbəb olmuşdur. Rayonun tütünçü fermerləri tərəfindən 450.5 hektar sahəyə tütün ştili köçürülmüşdür ki, bunun da 127.6 hektarı "Azərtütün" tərəfindən, 120.2 hektarı "Zaqatala Aqroindustry" tərəfindən, 128 hektarı "TES AGRO" MMC tərəfindən və 74.7 hektarı isə fərdi qaydada əkin həyata keçirilmişdir. Tütün sahələrində dərim başlamaq üzrədir.

Bağçılıq, xüsusən də fındıqçılıq rayonun iqtisadiyyatında mühüm yer tutur. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Hər il yeni bağlar salınır, yaşlı bağlarda seyrəkliklər aradan qaldırılır, bağlarda aqrotexniki tədbirlər, xüsusən də budama, becərmə, suvarma, üzvi və mineral gübrələrin verilməsi və s. tədbirlərin aparılmasına xüsusi diqqət yetirilir.

 Rayon ərazisində 1644 hektar sahədə dən üçün qarğıdalı əkini həyata keçirilmişdir. Havaların yağmurlu keçməsi qarğıdalı bitkisinə öz müsbət təsirini göstərmiş və qarğıdalı sahələrində yüksək məhsulun əsası qoyulmuşdur.

Rayon ərazisində 123.2 hektar bostan, 318.7 hektar sahədə tərəvəz, 303 hektar sahədə isə kartof əkini həyata keçirilmişdir.

2023-ci ildə subsidiyaların verilməsi üçün EKTİS üzərindən yazlıq və çoxillik əkinlərin bəyan prosesi yekunlaşdırılmışdır. Belə ki, fermerlər tərəfindən 771 hektar dən üçün qarğıdalı, 5473 hektar sahədə fındıq DAİM-ə yaxınlaşan fermerlər tərəfindən bəyan edilmişdir. Bəyan edilmiş bitkilər üzrə sənədlər DAİM tərəfindən yoxlanılmış, hüquqi sənədi qaydasında olan fermerlərin sənədləri təsdiq edilmişdir. Subsidiya vəsaitinin ödənilməsi üçün subsidiya müraciətləri göndərilmişdir. Yazlıq və çoxillik əkmələrin subsidiya ödənişləri və təkrar qarğıdalı əkini aparmış fermerlərin əkin bəyanları EKTİS üzərindən davam etdirilir.

Payızlıq əkinlərin yığımı aparılan və suvarılması mümkün olan sahələrdə təkrar qarğıdalı əkini həyata keçirilir ki, bu da fermerlərə əlavə gəlir mənbəyidir. Həmin təkrar qarğıdalı əkini aparmış fermerlərə dövlət tərəfindən ikinci əkin olaraq hər hektara görə 86 manat subsidiya vəsaiti ayrılır.

M.NƏRİMANOĞLU,

"Respublika".