Tərtər və Naftalan icra hakimiyyətlərinin birgə sosial layihəsi
Sosial həyat

Tərtər və Naftalan icra hakimiyyətlərinin birgə sosial layihəsi

Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.

“Respublika” xəbər verir ki, Tərtər rayon və Naftalan şəhər icra hakimiyyətlərinin birgə təşəbbüsü ilə növbəti dəfə reallaşan sosial layihə çərçivəsində Tərtərdən bir qrup şəhid ailəsi və qazilər ölkəmizin turizm mərkəzi sayılan Naftalan şəhərində fəaliyyət göstərən “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində müalicə alır və istirahət edirlər.

İcra başçıları Müstəqim Məmmədov və Vüqar Novruzov Müalicə Mərkəzində şəhid ailələri üzvləri və qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə tanış olub, müalicə prosesi ilə maraqlanıblar.

Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı qeyd edilib ki, ölkəmizdə bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş qardaşlarımızın ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, onların övladları daim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunurlar.

Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

“Respublika”.