Ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb

Oktyabrın 6-da Masallı şəhərində yerləşən "Cavid-F" MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerinə çıxıb.

Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub ki, görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Fakta görə FHN-nin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir