Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı çərçivəsində işçi iclas keçirilib
Türk dünyası

Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı çərçivəsində işçi iclas keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyi ilə əlaqədar "Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı" mövzusunda keçirilən beynəlxalq konfransdan sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Konstitusiya məhkəmələrinin sədrlərinin iştirakı ilə "Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı" (TÜRK-AY) Təşkilatının çərçivəsində işçi iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın əvvəlində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmənin 25 illiyi münasibətilə gələn qonaqları salamlayaraq, hər birinə iştiraklarına görə təşəkkürünü bildirib.

Sonra TÜRK-AY-ın üzvləri xanım Elvira Azimovanı Qazaxıstanda Konstitusiya islahatları nəticəsində Konstitusiya Şurası əvəzinə Konstitusiya Məhkəməsinin yaradılması və onun sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik ediblər.

Xanım Elvira Azimova təbriklərə görə təşəkkürünü bildirərək qeyd edib ki, Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsi üçün TÜRK-AY çərçivəsində həyata keçirilən əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

Görüşdə TÜRK-AY-a sədrlik edən Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan çıxış edərək vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə beynəlxalq konfrans çərçivəsində TÜRK-AY-ın iclasının keçirilməsini yüksək qiymətləndirir.

TÜRK-AY-ın üzvləri arasında məhkəmə təcrübəsi və qarşılıqlı məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Konstitusiya məhkəmələrinin sədrləri TÜRK-AY çərçivəsində gələcəkdə də belə işçi iclaslarının keçirilməsinin səmərəliliyini qeyd ediblər.

Sonda Fərhad Abdullayev TÜRK-AY çərçivəsində məhkəmə-hüquq əməkdaşlığını yüksək qiymətləndirib, gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.