Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Anadolu Agentliyi": Aİ-nin mövqeyində Ermənistan-Azərbaycan arasında normallaşma prosesi ilə əlaqədar fikir ayrılığı yaranıb

Türkiyə mediasında dərc olunan rəydə bildirilib ki, Azərbaycanın Aİ üçün alternativ enerji təchizatçısı kimi aktuallığı daha da artır. Bu səbəbdəndir ki, Avropa sonacan Ermənistanın tərəfində qala bilməyəcək.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda gedən geosiyasi güc mübarizəsi fonunda Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı mövqeyini müəyyən etməkdə çətinlik çəkdi. Qafqaz sülh prosesindən uzaqlaşır, yeni münaqişə ehtimalı yüksəkdir. Bu, Aİ-nin enerji, təhlükəsizlik və nəqliyyat siyasətinə uyğun gəlmir.

Aİ-nin Azərbaycan və Ermənistan arasında normallaşma prosesində vahid xarici siyasət strategiyası yoxdur. Bununla yanaşı, Fransa və Yunanıstan kimi dövlətlər Hindistanı da prosesə cəlb etməklə şaxələnmiş hərbi əməkdaşlıq qurmağa çalışırlar. Bəzi Avropa hökumətləri bunun Aİ-nin enerji, təhlükəsizlik və ya nəqliyyat maraqlarına uyğun olmadığını başa düşürlər.

"Saudi Gazette": Səudiyyə Ərəbistanı və Azərbaycan iqlimlə bağlı əməkdaşlığı müzakirə ediblər

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Ciddədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Bu barədə "Saudi Gazette" xəbər saytı məlumat yayıb. Görüş zamanı iki nazir iqlimlə bağlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Onlar Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının və Paris Sazişinin prinsiplərinə əməl olunması istiqamətində birgə əməkdaşlıqdan  danışıblar.

Nazirlər, həmçinin krallığın iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq üçün səylərini və təşəbbüslərini nəzərdən keçiriblər. Bunlara bərpaolunan enerji mənbələrindən istifadə, "Saudi Green" və "Middle East Green"  kimi layihələr vasitəsilə emissiyaların idarə edilməsi, azaldılması,  aradan qaldırılması və digər milli və regional proqramlar daxildir.

"MENAFN": Azərbaycan və Türkiyə tərəfdaşlığı regional enerji dinamikasında da önəm daşıyır

"MENAFN" xəbər saytı Azərbaycanla Türkiyə arasındakı enerji tərəfdaşlığı haqqında geniş yazı yayımlayıb. Məqalədə Azərbaycanın Türkiyəyə təbii qaz ixracının incəlikləri, son tendensiyaların təhlili, statistikanın əvvəlki illərlə müqayisəsi və hər iki ölkənin enerji sektoru üçün daha geniş perspektivləri barədə danışılıb.

Həmçinin bildirilib ki, bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı cüzi azalsa da ölkə Türkiyənin enerji bazarının əhəmiyyətli təchizatçısı kimi mövqeyini qoruyub. Azərbaycanın ixrac etdiyi təbii qaz Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində və artan enerji tələbatının ödənilməsində mühüm rol oynayır. Yanvarda ixracın belə  azalması enerji sektorunda əməkdaşlığın genişləndirilməsi yollarının araşdırılmasının vacibliyini göstərir. Bundan əlavə, Türkiyə enerji mənbələrini şaxələndirməyə davam etdikcə, iki dövlət arasında əməkdaşlıq imkanları daha da genişlənəcək. Türkiyə təbii qaz təchizatının əhəmiyyətli hissəsini Azərbaycanın "Şahdəniz" yatağından alır. Təbii qazın həcmi Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına nəql edilir. 2018-ci ildə TANAP vasitəsilə kommersiya qazının nəqlinə başlanması Türkiyənin enerji təhlükəsizliyini gücləndirib və Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verib.

"Neftegaz.RU": ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir

ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir.

Bu barədə ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Ceffri Payet bildirib. O deyib: "Hyustonda energetika nazirinin müavini ilə çox yaxşı danışıqlarımız oldu. Həmçinin bir neçə həftə əvvəl energetika naziri özü burada, Vaşinqtonda olanda əla müzakirələrimiz keçdi. ABŞ tərəfindən Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəklədiyini vurğuladım. İnanıram ki, Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərlə ABŞ-ın növbəti COP-da, daha sonra 2025-ci ildə Braziliyada əldə etməyi nəzərdə tutduğu hədəflər arasında yüksək dərəcədə uyğunluq var".

Payet ABŞ-ın BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28-in gündəliyinin davamı üçün hazırladığı "Troika" mexanizmini dəstəklədiyini vurğulayıb.

"Vestnik Kavkaza": Daha bir qrup sakin Füzuli şəhərinə yola salınıb

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

"Vestnik Kavkaza" Azərbaycan KİV-lərinə istinadən xəbər verir ki, keçmiş məcburi köçkün  ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.

İndiyədək Füzuli şəhərində 666 ailənin, yəni 2517 nəfərin daimi məskunlaşması təmin edilib.

Xatırladaq ki, martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

"Respublika".