Türkiyəli səyyah: İnsanların bu torpaqlara qayıda bilmələri üçün bütün işlər görülür
MÜSAHİBƏLƏR

Türkiyəli səyyah: İnsanların bu torpaqlara qayıda bilmələri üçün bütün işlər görülür

Biz buraya İstanbuldan gəlmişik. Ağdama gələndə yol boyunca ermənilərin 30 il ərzində çirkləndirdiyi minalı sahələri, dağıntıları gördük. Bu, dəhşətli görüntüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu işğaldan azad olunan Ağdama səfər edən Most Traveled People təşkilatının üzvlərindən olan türkiyəli səyyah Süleyman Öztürk deyib.

"Azərbaycan dövlətinin basdırılan minaları zərərsizləşdirdiyini bu yerləri təkrar yaşana biləcək vəziyyətə gətirmək istiqamətində işlər gördüyünü izlədik. Düzdür, bu görüntülər bizi üzür, böyük dağıntılar törədilib. Azərbaycan minalanmış sahələri öz imkanları hesabına təmizləyir. Tikinti işləri davam edir, insanların yenidən bu torpaqlara qayıda bilmələri, firavan yaşamaları üçün bütün işlər görülür. Təbii ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır", - deyə o əlavə edib.

Qeyd edək ki, dünyaşöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR Santa Lusia) təmsil edən geniş heyətinin Qarabağ Şərqi Zəngəzura səfəri başlayıb.